Məhkəmə qərarları › İş №2(025)-222/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-222/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-222/2022 11.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbi"nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona borclu olduqları 10000 (on min) AZN məbləğində əsas borc, 02 may 2021-ci il tarixindən 27.12.2021-ci il tarixinə kimi olan dövrdə müqavilə üzrə öhdəliklərinə əsasən gecikdirilmiş hər günə 0,5 % - 50 AZN olmaqla 50*230=115000 (on bir min beş yüz) AZN cərimə, 650 (altı yüz əlli) AZN vəkillə bağlanmış müqavilə xərci və 156,45 (yüz əlli altı) AZN məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22306,45 (iyirmi iki min üç yüz altı) AZN məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xeyli müddətdir ki, tanışdır. Bu tanışlıq nəticəsində də aralarında bağlanmış müqavilə əsasında ona borclu olduğuna və ona olan borcunu ödəmədiyinə görə onun məhkəməyə verdiyi iddia tələbi əsasında Qəbələ Rayon Məhkəməsi 2(025)-699/2020-ci il saylı, 01.10.2020-ci il tarixli qətnamə ilə cavabdehdən onun xeyrinə 22530 AZN məbləğində pul ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minməmiş hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə aralarında Qəbələ şəhərində 02.12.2020-ci il tarixində şahidlərin iştirakı ilə aşağıdakı şərtlərlə müqavilə bağlamışlar. Qəbələ şəhərində bağlanmış 02.12.2020-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh2 ilə aralarında bağlanmış 18.03.2017-ci il tarixli, 01.06.2017-ci il tarixli, 16.07.2017-ci il tarixli, 12.02.2018-ci il tarixli və 25.11.2019-cu il tarixli müqavilələr üzrə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 22530 AZN borcun 9500 AZN məbləğini güzəşt etməklə 13000 (on üç min) AZN borcu ilkin olaraq müqavilə bağlanan gündə 2000 (iki min) AZN, 8 ay ərzində hər ayda 200 (iki yüz) AZN olmaqla və 9-cu aydan hər ayda 400 (dörd yüz) AZN olmaqla aralarında razılaşdıqları 13000 (on üç min) AZN məbləğində borcu tam olaraq ödəməyi öhdələrinə götürürlər. Həmin Müqavilənin 5, 6 və 7-ci bəndlərinə əsasən iddiaçı Qəbələ Rayon Məhkəməsinin 2(025)- 699/2020-ci il saylı, 01.10.2020-ci il tarixli qətnaməsinin icrasından, cavabdehin Qəbələ Rayon Məhkəməsinin 2(025)-699/2020-ci il saylı, 01.10.2020-ci il tarixli qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə vermiş olduğu apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-2332/2020 saylı mülki işdən və Cavabdeh2 iddiası əsasında müqavilələrin etibarsız hesab edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin icraatında olan 2(025)-1231/2020 saylı mülki işdən imtina edirlər və icraata xitam verilməsi barədə notarial qaydada məhkəməyə ərizə təqdim edirlər. Həmin müqavilənin 8-ci bəndinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 18.03.2017-ci il tarixli, 01.06.2017-ci il tarixli, 16.07.2017-ci il tarixli, 12.02.2018-ci il tarixli və 25.11.2019-cu il tarixli müqavilə ilə əvəzləşdirilir və qüvvədən düşmüş hesab edilir. Hazırki müqavilə tam qüvvəyə minir və tərəflər buna dair heç bir etiraz etmir. Həmin müqavilənin 9-cu bəndinə əsasən “Zamin” Cavabdeh1 Cavabdeh2 ilə eyni məsuliyyəti daşıyırlar və borcun qaytarılmasına dair zəmanət verirlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən cavabdeh (borc alan) “Borc” məbləğini iddiaçıya (borc verənə) nağd (qəbzlər əsasında) və ya hesabına ödəməklə ödəyir. Həmin müqavilənin 4cü bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, borc vaxtında ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,5 % miqdarında cərimə hesablanmaqla cavabdehlər (borc alan və zamin) tərəfindən ödənilməsinə dair öhdəlik götürürlər. Həmin müqavilənin 10-cu bəndinə əsasən iddiaçı (borc verən) tərəflərə qarşı iddia qaldırdığı təqdirdə məhkəmə və vəkil xərcləri cavabdeh (borc alan) tərəfindən ödəniləcəkdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdehlər (borc alan və zamin) tərəfindən borc ödənilmədiyi təqdirdə iddiaçı (borc verən) tərəfindən məhkəmədə iddia qaldırılmasına etiraz etmirlər. Cavabdehlər sonuncu dəfə ona olan borclarından 02 may 2021-ci il tarixində 200 AZN məbləğində pul qaytarmışlar. Həmin tarixdən bu günə kimi müxtəlif bəhanələrlə ona olan borclarını ödəməkdən yayınırlar və aralarında Qəbələ şəhərində 02.12.2020-ci il tarixində bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmirlər. Cavabdehin bu qanunsuz hərəkətlərindən onun Qəbələ RPŞ-nə ünvanladığı 23.09.2021-ci il tarixli ərizəsinə cavab olaraq Qəbələ RPŞ-dən verilmiş 27.09.2021-ci il tarixli arayışdan və ona ünvanlanmış olan məktubundan məlum olur ki, cavabdeh borclu olduğunu etiraf etmiş və bir həftə ərzində öncəki borclu olduğu 2 aylıq borcu ilə birlikdə aylıq ödəməli olduğu, razılaşdırılmış pulu ödəyəcəyini PŞ-də bildirmişdir. Eyni zamanda Qəbələ RPŞ-dən verilən arayışda və məktubda bildirilmişdir ki, ərizəsində göstərdiyi xüsusat mülki xarakterli olduğundan mülki qaydada məhkəmə orqanlarına müraciət etməlidir. Bundan sonra, 10.12.2020-ci il tarixində o, cavabdehlərə rəsmi qaydada poçt vasitəsilə məktubla pretenziya qaydasında müraciət edərək müqavilə öhdəlikləri üzrə borclu olduqları 10000 (on min) manat borcu qaytarmalarını bildirmişdir. Lakin cavabdehlər onun pretenziya məktubunu da bu günə kimi heç bir cavab verməmişdir. Beləliklə, cavabdehlər artıq bir xeyli müddətdir ki, ona borclu olduqları 10000 (on min) manat borcunu dəfələrlə və müxtəlif üsul və vasitələrlə qaytarmağı tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə qaytarmaqdan yayınırlar. Bu isə kobud qanun pozuntusudur. Qanunvericiliyin və aralarında olan yazılı razılaşmanın, işgüzar adətlərin tələblərinə uyğun olaraq cavabdehlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu halda onları pozur və üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlərdən ona borclu olduğu 10000 (on min) AZN məbləğində əsas borc, 02 may 2021-ci il tarixindən 27.12.2021-ci il tarixinə kimi olan dövrdə müqavilə üzrə öhdəliklərinə əsasən gecikdirilmiş hər günə 0,5 % - 50 AZN olmaqla 50*230=115000 (on bir min beş yüz) AZN cərimə, 650 (altı yüz əlli) AZN vəkillə bağlanmış müqavilə xərci və 156,45 (yüz əlli altı) AZN məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 22306,45 (iyirmi iki min üç yüz altı) AZN məbləğində pul alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdiki, 10000 manat əsas borc məbləğini qəbul edir və imkanı olduqca həmin borcunu ödəyəcəkdir. Lakin iddiaçı tərəfindən ondan tələb edilən digər pul məbləğlərini isə qəbul etmir. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, oğlu Cavabdeh2 iddiaçıdan ümumilikdə 13000 manat pul almış, əslində həmin məbləği ödəyib qutarmışdır. Sonradan iddiaçı ilə 10000 manatı qaytarmaq barədə borc müqaviləsi imzalamışlar. İddianı həmin hissədə qəbul edirlər. Hal-hazırda isə oğlunun 60000 manatdan çox borcu vardır. İmkanı olduqca 10000 manat borcunu gələcəkdə hissə-hissə ödəyə bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehlərin izahatlarını dinləyərək, şahid ifadəsini və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02dekabr 2020-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh2 (borc alan) ilə İddiaçı (borc verən) arasında imzalanmış 18 mart 2017-ci il tarixli, 01.06.2017-ci il tarixli, 16.07.2017ci il tarixli, 12.02.2018-ci il tarixli və 25.11.2019-cu il tarixli müqavilələr üzrə müəyyən olunmuş 22530 (iyirmi iki min beş yüz otuz) manat borcun 9500 (doqquz min beş yüz) manatını İddiaçı (borc verən) tərəfindən güzəşt etməklə qalan 13000 (on üç min) manat məbləğində pul vəsaitini müqavilənin şərtlərinə əsasən “Borc alan” Cavabdeh2 tərəfindən qaytarılacaq. Borcun qaytarılması şərti isə, “Borc alan” ilkin olaraq müqavilə bağlanan gündə 2000 (iki min) manat, 8 (səkkiz) ay 200 (iki yüz) manat və 9-cu aydan 400 (dörd yüz) manat olmaqla “Borc”u tam olaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4-cü maddəsinə əsasən tərəflər borc vaxtında ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,5% miqdarında cərimə hesablanmaqla “Borc alan” və “Zamin” tərəfindən ödənilməsinə dair öhdəlik götürürlər. Həmin Müqavilənin 9-cu maddəsinə əsasən “Zamin” Cavabdeh1 “Borc olan” Cavabdeh2 ilə eyni məsuliyyət daşıyır və qaytarılmasına dair zəmanət verir. Həmin Müqavilənin 10-cu maddəsinə əsasən müqavilədən əmələ gələcək notarial xərclər “Borc alan” Cavabdeh2 tərəfindən ödənilir. Həmçinin məhkəmə xərcləri (ekspertiza və digər xərclər) və “Borc verən” İddiaçı, tərəflərə qarşı iddia qaldırdığı təqdirdə məhkəmə və vəkil xərcləri “Borc alan” Cavabdeh2 tərəfindən ödəniləcəkdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27.09.2021-ci il tarixli, 16/144-29580-1221 nömrəli məktubda göstərilmişdir ki, sonuncunun 23.09.2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinə etdiyi müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cavabdeh2 Qəbələ rayon Polis şöbəsində yazdığı izahatdan görünür ki, Cavabdeh2 İddiaçı borcu olduğunu etiraf etmiş, borcunu bir həftə ərzində qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsinə görə borc verən pul məbləğinə olan mülkiyyət hüququnu borc alana keçirməyi, sonuncu isə həmin pulu müqavilə şərtlərinə uyğun olaraq borc verənə qaytarmağı öhdələrinə götürürlər və borclu öhdəliklərin icra edilməməsi üçün məsuliyyət daşıyır. Buradan belə aydın olur ki, borc müqaviləsinin predmetini borc verilən pul məbləği təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı 02.12.2020-ci il tarixli müqaviləyə əsaslanaraq 10000 (on iki min beş yüz) manat məbləğində borcun və ona hesablanmış cərimənin qaytarılmasını iddia və tələb etdiyi halda, cavabdehlər Cavabdeh2 və Cavabdeh1iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə 10000 manat borc məbləğini qəbul etdiklərini, iddia tələbini qalan hissədə qəbul etmədiklərini bildirmişlər. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, borc münasibətlərindən irəli gələn mübahisələrə baxılarkən borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icrası müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı, borc müqaviləsi yazılı bağlandıqda isə cavabdeh daşıyır. Hazırki işdə tərəflər arasında bağlanmış 02.12.2020-ci il tarixli “Borc müqaviləsi”ndən görünür ki, Cavabdeh2 13000 (on üç min) manat məbləğində pul vəsaitini müqavilənin şərtlərinə əsasən ilkin olaraq müqavilə bağlanan gündə 2000 (iki min) manat, 8 (səkkiz) ay 200 (iki yüz) manat və 9-cu aydan 400 (dörd yüz) manat olmaqla tam olaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 öhdəliklərini yerinə yetirməsinə görə öhdəlik götürmüşdür. Tərəflər arasında mübahisələndirilən 10000 manat əsas borc məbləği tərəflər arasında imzalanmış borc müqaviləsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya 1000 manat məbləğində borcu olduğunu etiraf etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Eyni zamanda cavabdehlər borc müqaviləsinin müəyyən təsirlər altında (aldatma, hədə-qorxu, rəhm və s.) imzalaması barədə etirazının əsası kimi hallara dair məhkəməyə heç bir fikir bildirməmiş və ya bu əsasla borc müqaviləsini mübahisələndirməmişlər. İşin bu halı borc müqaviləsinin tərəflər arasında iradə ifadəsinin əksi olaraq könüllük prinsipi ilə (tərəflərin “müqavilə azadlığı” prinsipi çərçivəsində, tam sərbəst iradələri ilə, müqavilə şərtləri barəsində qarşılıqlı razılıq çərçivəsində) bağlandığına dəlalət edir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehlər 02.12.2020-ci il tarixli “Borc müqavilə”sində nəzərdə tutulmuş 10000 manat əsas borcun qaytarmalarına dair heç bir izahat verməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas borc öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu borc müqaviləsini imzalamış, həmin müqavilədə zaminin əsas borclu ilə birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər iddiaçı qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, borc müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdehlər yalnız əsas borc məbləğini qəbul etməsini, borc məbləğinə hesablanmış cərimə məbləğini qəbul etmədiklərini bildirsələr də, hansı əsaslarla cərimə borcunu qəbul etmədiklərini əsaslandıra bilməmişlər. Eyni zamanda borc müqaviləsinin onlar tərəfindən imzalanmamasını mübahisələndirməmişlər. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 02.12.2020-ci il tarixli borc müqaviləsinin 4-cü maddəsinə əsasən tərəflər borc vaxtında ödənilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,5% miqdarında cərimə ödəmələrinə dair öhdəlik götürmüşlər. Sözügedən müqavilənin Cavabdeh2 və Cavabdeh1 tərəfindən imzalanmamasını isə cavabdehlər məhkəmə zamanı mübahisələndirməmişlər. Bu səbəbdən iddiaçı cavabdehlərdən əsas borca görə hesablanmış cərimə borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcuna aid hissədə qismən təmin edilməli, 11500 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1000 (bir min) manata endirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 650 manat xərcin cavabdehlərdən tutulmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 123,3 (bir yüz iyirmi üç manat otuz qəpik) manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 (on min) manat məbləğində əsas borc, 1000 manat cərimə borcu, cəmi 11000 (on bir min) manat məbləğində borc, hüquqi yardıma görə çəkilmiş 650 manat xərc və 123,3 (bir yüz iyirmi üç manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 (on min) manat məbləğində əsas borc, 1000 manat cərimə borcu, cəmi 11000 (on bir min) manat məbləğində borc, hüquqi yardıma görə çəkilmiş 650 manat xərc və 123,3 (bir yüz iyirmi üç manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar