Məhkəmə qərarları › İş №2(025)-25/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-25/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-25/2021 02.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 26R000005129 saylı kredit razılaşması üzrə 11685.62 ABŞ Dolları məbləğində kredit borcu, 9106.03 ABŞ Dolları məbləğində faiz borcu və 19491.21 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 40282 (qırx min iki yüz səksən iki) ABŞ Dolları 86 (səksən altı) sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 26L000003262 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 26R000005129 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 26R000005129S saylı, xx.xx.2016-cı il tarixli 26R000005129SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8314.38 ABŞ Dolları ödəmiş, onun 11685.62 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1225 gün üçün hesablanmış faiz borcu 9106.03 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1225 gün üçün hesablanmış cərimə 19491.21 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, təqdim edilmiş ekspertiza rəyi ilə razıdır. O, 2014-cü il tarixdə Access Bankın Göyçay filialından 20 000 manat kredit üçün müraciət etdi. Bankın Manaf adlı əməkdaşı evə gəlib onun təsərrüfatı ilə maraqlandı və təsərrüfatında olan 60 təknə arını gördü, şəkillərini də çəkdi. Əsas olaraq ona 20 000 manatın verilməsinin mümkünlüyünü açıqladı. Tezliklə onlara həmin pulu almaq üçün evin bütün ailə üzvlərinin orada olmasını tələb etdilər. Pulu onlara verməzdən əvvəl - artıq bank bütün əməliyyatları dayandırıb saat 8 olardı- çoxlu sayda sənədlərə qol çəkdirdilər. Dollar 0.78 qəpik idi. Bununla belə o, etiraz etdi ki, “nə üçün dollar verirsiniz?”. Dedilər ki, 10 000 manatdan yuxarı dollarla verirlər. Artıq iş- işdən keçmişdi. Onlar dollarla verilən pulu almağa məcbur idi. Ölkədə sabitlik, övladları işlə təmin olunub, öhdələrinə götürülən məsuliyyəti dərk edirdilər. Lakin heç bir ay keçməmiş arıçılıq təsərrüfatı güclü dolu nəticəsində məhv oldu. Ona yalnız boş yeşiklər qaldı. xx xxxxxx 2014-cü ildə həyat yoldaşı adi öd əməliyyatından ağ ciyər infarktına qədər həyatda qalmalı oldu. Həkim məsuliyyətsizliyi səbəbindən onlar sentyabr- oktyabr aylarında külli miqdarda borc alıb xərc etməklə xəstəni həyata qaytardılar. Onun iynə dərmanı dərman islahatı ilə tərs mütanasib oldu. O, vəziyyətin getdikcə pisləşdiyini görüb pulu manata çevirmək üçün banka müraciət etdi. Lakin onu pis başa düşdülər. Hərçənd o, hər ay banka pul ödəyirdi. Onun pulunu manata çevirmədilər. Lakin sonradan öyrəndi ki, özləri istədikləri adamların pulunu manata çeviriblər. 2015-ci ilin fevralında manatın devalvasiyasının 1-ci dalğası gəldi. O, pul ödəməkdə davam edirdi. Yenidən 2-ci devalvasiya gəldi. Artıq bu onlar üçün fors-major idi. Uşaqlarının ikisi də işini itirdi. Hər yerdə iqtisadi krizis yarandı. Ticarətlə məşğul olanların hamısı üçün ağır, böhranlı vəziyyət yarandı. Kimə ki dollar veriblər elə dollar bataqlığına düçar oldu. Bu minlərlə insana ağır zərbə oldu. O, yenə də pul ödəməkdə davam edirdi. Lakin imkanı daxilində. Bu gün də ödəyir. Ödəmək üçün bütün vasitələrə əl atdı. Diaqnostik qiymətləndirmə müsbət qiymətlər oldu. İqtisadi krizis bütün sahələri vurmaqda davam edirdi və indi də koronavirus. Bank ona verdiyini 3 il gecikdirdiyinə görə nə qədər pul tələb edir. Dövlət 17 ildir ona verəsi pulu vermək istəmir və heç yerdə adını çəkmir. O, pulu almış, qaytarmağa da borcludur. Bankm ona qarşı qaldırdığı iddiada heç 2 dəfə olan devalvasiyadan bir kəlmə danışılmır. Krediti qaytarmaq üçün ona hərtərəfli yaradılan problemləri nəzərə almağı məsələnin həllinin düzgün tərəfi olardı. Qalan borcu tam şəkildə qaytarmağa onun maddi imkanı yoxdur, yalnız hissə-hisə ödəniş edə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx xxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Borc alana 50 000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İşdə olan xx xxxxx 2014-cü il tarixli 26L000003262 nömrəli Kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2 faizlə 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli 26S000005750 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli 26R000005129 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli 26S000005753 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 borclu Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli 26R000005129 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli 26S000005751 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli 26R000005129 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli 26S000005750 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 borclu Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli 26R000005129 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli 26R000005129 nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 20000 ABŞ dolları məbləği aylıq 2 %-lə, 36 ay müddətinə aylıq 788.80 ABŞ dolları, sonuncu ay isə 788.79 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixdə 20000 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli 26R000005129 nömrəli kredit razılaşması üzrə 11685.62 ABŞ dolları əsas, 9106.03 ABŞ dolları faiz, 19491.21 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx xxxxxxx 2014-cü il – xx xxxx 2020-ci il aralığını əhatə edən Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli 26L000003262 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixdə 17,62 ABŞ Dolları ödəniş etmişdir Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(025)-696/2020 saylı qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilmiş iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26L000003262 №-li kredit xətti müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?

2. İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26L000003262 №-li kredit xətti müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası “X2” MMC-nin xx.xx.2020-ci il tarixli 270 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli 26L000003262 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli 26R000005129 saylı kredit müqaviləsində qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: 1) 20.08.2018-ci il tarixə əsas borc üzrə - 12.770,96 ABŞ dollar, faiz borcu üzrə - 2.941,63 ABŞ dollar 2) xx.xx.2020-ci il tarixə əsas borc üzrə - 12.377,34 ABŞ dollar, faiz borcu üzrə - 2.941,63 ABŞ dollar Qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26R000005129 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 11685 ABŞ dolları 62 sent olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 11685 ABŞ dolları 62 sent borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 2.941,63 ABŞ dolları faiz borcu tutulmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh1 faiz borcunun 2.941,63 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə faiz borcu üzrə 2.941,63 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 19491.21 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1000 ABŞ dollarına endirilməlidir. Məhkəmə hesab edir ki, 1000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 1000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 11685 ABŞ dolları 62 sent əsas borc, 2941 ABŞ dolları 63 sent faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15627 ABŞ dolları 25 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 11685 ABŞ dolları 62 sent əsas borc, 2941 ABŞ dolları 63 sent faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15627 ABŞ dolları 25 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar