Məhkəmə qərarları › İş №2(025)-26/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-26/2023

27.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-26/2023 27.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətdə olan torpaq sahəsinə gedən tor-setka və digər ağac və kol hasardan təmizlənməsi, həmin sahədə qonşuluq sərhəddinin mülkiyyət sənədlərinə uyğun müəyyənləşdirilməsi və mövcud olan bütün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Qəbələ rayonu Çuxur Qəbələ kənd sakini X1 həmin kəndin ərazisində 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 24 m2, yardımçı sahəsi 19,3 m2 ümumi sahəsi 43,7 m2 olan fərdi yaşayış evini AN - İ N° 02.33.655 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 5500 (beş min beş yüz) manata almışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0,43 ha, faktik sahə isə 0,41 hektardır. Qeyd olunan bir mərtəbəli 1 otaqlı 0,41 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin reyestr nömrəsi **********97-10301 olmaqla xx.xx.2011-ci il tarixdə hüquq subyekti olaraq adına texniki pasportu hazırlanmışdır. DƏDRX-nin Qəbəiə Ərazi idarəsi tərəfindən adına həm fərdi yaşayış evi və həm də həmin bir mərtəbəli bir otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0.41 ha torpaq sahəsinə seriya NA N2 ******* saylı çıxarış xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tərtib edilmişdir. Qeyd olunanlardan aydın olur ki, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində hüquq sahibi olaraq tam mülkiyyətində bir mərtəbəli bir otaqlı fərdi yaşayış evi və həmin evin yerləşdiyi sənəd üzrə 0,43 ha , faktiki olaraq isə 0,41 ha torpaq sahəsi vardır. Ancaq bir mülkiyyətçi olaraq qeyd etdiyi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsindən səmərəli isifadə edə bilmir. Cavabdeh qanunsuz olaraq müxtəlif formalı maneələrlə istifadəyə problemlər yaradır. Belə ki, həyətə qanuni gediş-gəliş yolunu tor məftil hasarla bağlayıb. Hazırda isə yol yerinə mişar daşı tökməklə hələlik təyinatı ona məlum olmayan tikinti işi aparmağı planlaşdırıb. Kənd İnzibati Ərazi nümayəndəliyinə, Çuxur Qəbələ bələdiyyəsinə həmin maneələrə son qoyulmasına köməklik göstərilməsini xahiş etsə də nəticəsi olmayıb. Əksinə cavabdeh əvvəllər ictimai istifadədə olan yolu zəbt etməklə onunla torpaq qonşusu olub. Hazırda məcbur olub mülkiyyətində olan torpaq sahəsinin fındığ bağı ilə əhatə olunan hissəsindən yol yeri kimi istifadə edir. Ancaq yağışlı havada, xüsusən də qışda qar yağdıqdan sonra həmin ərazidən piyada keçmək mümkün olmur nəinki maşınla. Ona görə də məhkəməyə müraciət edərək cavabdeh tərəfindən torpaq sahəsindən və həmin sahəyə gedən yol yerindən istifadəyə törədilən maneələrə son qoyulmasını, yəni yol yerinin boşaldılmasını (mişar daşı, ağaclar, çəpər və tor hasar) elektrik xəttindən təhlükəsiz istifadəni, meyvə və tərəvəz təssərüfatına şərait yaradılmasını və digər maneələrin aradan qaldırılması məqsədilə torpaq sənədlərində və kənd xəritəsində göstərilmiş sənədlər daxilində mübahisəsiz yaşamağını təmin edən şəraitin yaradılmasını istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, o və ailə üzvləri heç bir yol yerini zəbt etməmişdir. İddiaçıları yol yeri olaraq tələb etdikləri torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçıların hazırki iddia tələbi birbaşa onun mülkiyyət hüquqlarını pozur. Mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidən iddiaçıya yalnız 10 metr uzunluğunda yol yeri verə bilər. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 noyabr 2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki;

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur.

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst-üstə düşür. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəlillərinə aydınlıq gətirmək məqsədi ilə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin şəxsinin 18 noyabr 2022-ci il tarixli, **********95 saylı mütəxəssis rəyii nəzərə alınaraq məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/27 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir

1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin ərazi cavabdeh tərəfindən bağlanmışdır.

2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli çıxarış üzrə 0.4111 ha torpaq sahəsinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun xüsusi mülkiyyətlərində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0.4111 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin ərazi cavabdeh tərəfindən bağlanmışdır, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi cavabdehin istifadəsində olan 0.07 ha torpaq sahəsinin 0.0402 ha hissəsi yol, 0.0068 ha hissəsi iddiaçının mülkiyyəti, 0.0230 ha hissəsi isə cavabdehin mülkiyyəti ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə “mübahisəli torpaq sahəsinə gedən tor-setka və digər ağac və kol hasardan təmizlənməsini, həmin sahədə qonşuluq sərhəddinin mülkiyyət sənədlərinə uyğun müəyyənləşdirilməsini və mövcud olan bütün maneələrin aradan qaldırılmasını” iddia etsə də, tələblərini həmin hissədə əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Çuxur Qəbələ kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.4111 ha torpaq sahəsinə gedən yolun istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA № ******* saylı, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.4111 ha torpaq sahəsinə gedən yolun istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar