Məhkəmə qərarları › İş №2(025)-268/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-268/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-268/2023 02.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 1284 (bir min iki yüz səksən dörd) manat məbləğinin və texniki baxış keçirilməsi üçün ödənilmiş 48.96 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mersedes Benz E-270 CDİ” markalı,** MH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun mülkiyyətindədir. 19 fevral 2022-ci il tarixdə saat 10:50 radələrindı özünə məxsus avtomobili Mingəçevir şəhərinin D. Əliyeva küçəsində yerləşən 22 saylı binanın qarşısında saxlayaraq oğluna məxsus yaşayış mənzilinə getmişdir. Həmin gün oğluna məxsus mənzildə olan zaman həyətdən səs gəldiyini eşitmişdir. Həyətə düşəndə ona məxsus “Mersedes Benz E-270 CDİ” markalı,** MH *** dövlət qeydiyyat nişanlı avtomobilinin “Ford” markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən vurulub əzildiyini görmüşdür. “Ford” markalı avtomobilin sürücüsünün Cavabdeh olduğunu öyrənmişdir. Bu zaman ona məlum olmuşdur ki, Cavabdeh sürücülük vəsiqəsi olsa da idarə etdiyi maşına etibarnaməsi yoxdur. O, maşını arxaya idarə edərkən onun avtomobilini vurub əzmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobilinə maddi ziyan dəymiş və avtomobil yararsız hala düşmüşdür. Belə ki, "xxxx" MMC-nin nəqliyyat vasitəsinin təmirinə (bərpa edilməsinə) dair smetasına əsasən avtomobilinə 1284 (bir min iki yüz səksən dörd) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehdən dəfələrlə avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 19 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci massədinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü massədinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəyə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax RQİ və TBŞ-nin xx.xx.2019-cu il tarixdə İddiaçı verdiyi AD №650248 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, o, ** MH *** qeydiyyat nişanlı, “Mercedes Benz E 270 CDİ” markalı 2002-ci buraxılış ili olan sedan tipli, açıq boz metalik rəngli avtomobilinin sahibidir. İş materiallarında olan DYPB-nin YNNUİ-ru polis kapitanı X2 19 fevral 2022-ci il tarixdə tərtib etdiyi AP № ******* sayl “İinzibati xəta haqqında protokol”un surətindən görünür ki, Şirinov X1 şəhəri D.Əliyeva küçəsi ev 22 qarşısında etibarnaməsiz sığorta müqaviləsi olmadan idarə etdiyi ** RE *** dövlət qeydiyyat nişanlı, “Forland” yük markalı avtomobili ilə arxaya hərəkət edərkən “Mersedes Benz” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İşdə olan 19 fevral 2022-ci il tarixdə DYPB-nin YNNUİ-ru polis kapitanı X3 tərəfindən tərtib edilmiş MN № ******* saylı “İnzibati xəta haqqında qərar”ın surətindən göründüyü kimi Şirinov X1 şəhəri D.Əliyeva küçəsi ev 22 qarşısında etibarnaməsiz sığorta müqaviləsi olmadan idarə etdiyi ** RE *** dövlət qeydiyyat nişanlı, “Forland” yük markalı avtomobili ilə arxaya hərəkət edərkən “Mersedes Benz” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğuna və Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan "xxxx" MMC-nin 21 fevral 2022-ci il tarixdə tərtib etdiyi “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair cmeta” da İddiaçı məxsus “Mersedes Benz E 270” markalı ** MH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinin dəyərinin 1284 manat təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 9/5631 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mersedes-Benz E270” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, 2002-ci il buraxılışlı avtomobilin təmir-bərpa xərci 1244,00 (bir min iki yüz qırx dörd) manat (dəyişilməli hissələrin qiyməti – 724,00 manat, təmir-bərpa işlərinin qiyməti – 520,00 manat) müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, “Mersedes-Benz E270” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi “** RE *** dövlət qeydiyyat nişanlı, “Forland” yük markalı avtomobili ilə iddiaçıya məxsus olan “Mersedes-Benz E270” markalı, **-MH- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Mersedes-Benz E270” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “Mersedes-Benz E270” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişməli hissələrinin qiyməti 724,00 manat, təmir-bərpa işlərinin qiyməti 520,00 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 1284 (bir min iki yüz səksən dörd) manat məbləğində zərər dəydiyini iddia etsə və iddia tələbində texniki baxış keçirilməsi üçün ödənilmiş 48.96 manat pulun cavabdehdən alınaraq ona verilməsini qeyd etsə də tələblərini bu hissədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Şı̇ rı̇ nov Xəqanı̇ Nı̇ zam oğlundan dəymiş zərərin məbləği 1244 (bir min iki yüz qırx dörd) manat pul tutularaq iddiaçı Əzı̇ mov Vahı̇ d Əzı̇ m oğlunun xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Şı̇ rı̇ nov Xəqanı̇ Nı̇ zam oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Şı̇ rı̇ nov Xəqanı̇ Nı̇ zam oğlundan dəymiş zərərin məbləği 1244 (bir min iki yüz qırx dörd) manat pul tutularaq iddiaçı Əzı̇ mov Vahı̇ d Əzı̇ m oğlunun xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Şı̇ rı̇ nov Xəqanı̇ Nı̇ zam oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar