Məhkəmə qərarları › İş №2(025)-27/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-27/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-27/2021 11.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən «xxxx» KB ASC-nin xeyrinə 911,78 ABŞ dolları əsas, 15,62 ABŞ dolları faiz və 87,67 ABŞ dolları cərimə olmaqla, cəmi 1015,07 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərtilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri 1 saylı əlavəyə uyğun həyata keçirmədiyi üçün onun hazırda tələb olunan borcu yaranmışdır. Ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh ümumilikdə 1934.66 ABŞ dolları ödəniş etmiş, həmin məbləğin 688.22 ABŞ dollarıı əsas borcdan silinmişdir. Sadə hesablama üsulu ilə cavabdehə verilmiş kredit məbləğindən (1600 ABŞ dolları) əsas borcdan silinən məbləği (688.22 ABŞ dolları) çıxılsa, iddia tələblərindəki məbləği alarlar: 1600-688.22=911.78 ABŞ dolları) Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Cavabdeh işi üzrə olan kredit müqaviləsi ABŞ dolları valyutası (USD) ilə olduğuna görə fərmana görə kompensasiyanın hesablanması təbii olaraq nəzərdə tutulmuşdur və həmin kompensasiya məbləği (1180.68 AZN) cavabdeh tərəfindən xxxx KB ASC-dən plastik kart vasitəsilə götürülmüşdür. Bu vəsaitin vətəndaşa çatdırılması X1 Palatasının rəsmi çıxarışında da açıq-aşkar əks olunmuşdur. Lakin vətəndaşa kompensasiya məbləğinin verilməsi onun əvvəlki kredit borcunun bitməsi anlamına gəlmir. Əgər cavabdehin əvvəlki kredit borcu bağlanmış olsaydı, bu, Palatanın rəsmi çıxarışında “ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə”də qeyd olunmalı idi. Halbuki, çıxarışda həmin hissədə borcların yönəldilməsi və ya bitməsi ilə bağlı heç bir qeyd yoxdur. Bu da onu göstərir ki, cavabdehin əvvəlki kredit borcu üzrə olan öhdəliyi hələ də davam edir. Bundan başqa kredit müqaviləsi xx.xx.2015-ci ildə bağlanılmasına və ABŞ dolları valyutası (USD) ilə olduğuna baxmayaraq cavabdeh öz öhdəliyini Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı qəbul edildiyi vaxta qədər (xx.xx.2019-cu il) tam olaraq vaxtında yerinə yetirmişdir. Buna görə də məlum fərmanın çıxdığı dövrə cavabdehin gecikməsi olmamışdır və nəticə etibarilə gecikmə günləri hesablanmamışdır. Qeyd olunanların sübutu həm X1 Palatasının rəsmi çıxarışında, həm də bankın hesabdan çıxarışında açıq-aydın görsənir. Belə ki, Palatanın çıxarışının “restrukturizasiya olunması təklif olunan kreditlər” hissəsində restrukturizasiya barədə heç bir qeyd yoxdur. Bütün restrukturizasiya olunmalı kreditlər bu hissədə açıq-aydın göstərilir, ancaq cavabdehin çıxarışda olan məlumatlarında restrukturizasiya barədə hər hansı bir qeyd yoxur. Eyni zamanda, hesabdan çıxarışdakı ödəniş tarixlərinə diqqət edilsə, cavabdehin məlum Fərmanın çıxdığı dövrə qədər olan ödənişlərinin müqaviləyə uyğun olaraq yerinə yetirildiyi aydın olar. Yəni Fərmanın çıxdığı dövrə kredit üzrə 360 günlük gecikmə olmadığına görə restrukturizasiya şərtlərinin də aid edilməsi qeyrimümkündür. Hətta iş üzrə bankın məlumat bazasında bugünki tarixə (xx.xx.2020) olan gecikmə günlərinin sayı 332-dir. Hər bir halda gecikmə günləri 360 gündən azdır. Bunlardan əlavə, Fərmanın icrasının müddəti xx.xx.2019-cu ildə bitdiyinə görə restrukturizasiya şərtləri də həmin tarixə qədər mümkün olacaqdır. Yəni, xx.xx.2020-ci il tarixdən etibarən Fərmanla bağlı restrukturizasiyanın həyata keçirilməsi qeyri-mümkün olacaqdır. Bütün real şərtlərdə kreditin restrukturizasiyası mümkün deyildir. Eyni zamanda “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi Bankın bugünkü məlumat bazasına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən restrukturizasiya olunmalı kredit müqavilələrinin siyahısında aşkar olunmamışdır. Yəni iş fərmanın təsir dairəsinə düşmür, çünki iş üzrə gecikmə günlərinin sayı 360 gündən azdır. Nəticə etibarilə, həmin kredit müqaviləsinin fərmanın çıxdığı dövrə olan gecikməsi 360 gündən azdır. Bu da o deməkdir ki, həmin kredit müqaviləsinə fərmanda nəzərdə tutulan restrukturizasiya şərtlərinin də aid edilməsi qeyrimümkündür. Çünki fərmanda yalnız 360 gündən çox gecikməsi olan kreditlərə restrukturizasiyanın təklif edilməsi vurğulanmışdır. Bütün yazılanlardan aydın olur ki, sözügedən kredit müqaviləsi fərmanın təsir dairəsinə düşmür. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı «xxxx» X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Yavər Novruzov məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, cəmi 1600 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ümumilikdə 1934.66 ABŞ dolları məbləğində ödəniş etməsinə baxmayaraq, iddiaçı bank 911,78 ABŞ dolları məbləğində kredit borcunun qaldığını bildirir. Onun həmin Banka hər hansı bir borcu yoxdur. Ona hətta kompensasiya da verilmiş, həmin məbləğdən də 150 manat Bank tutmuşdur. Beləliklə, bankın ondan tələb etdiyi borc məbləği ilə razılaşmır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1600 ABŞ dolları məbləği illik 27 %-lə, 24 ay müddətinə aylıq 88 ABŞ dolları, sonuncu ay isə 61,97 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi 911,78 ABŞ dolları əsas, 15,62 ABŞ dolları faiz, 87,67 ABŞ dolları cərimə, cəmi 1015,07 ABŞ dolları borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 0,15 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Qəbələ rayonu Hacallı kəndində doğulmuş, Qəbələ rayonu Vəndam kəndində qeydiyyatdadır. İş materiallarında olan «xxxx» KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə 1520 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası”ndan çıxarışdan görünür ki, Cavabdeh işi üzrə olan kredit müqaviləsi ABŞ dolları valyutası ilə olduğuna görə fərmana uyğun olaraq 1180,68 manat cavabdehə iddiaçı bank tərəfindən ödənilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-737/2020 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 287 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh «xxxx» KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka xx.xx.2019-cu il tarixə 518,26 ABŞ dolları əsas, 14,17 ABŞ dolları faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh «xxxx» KB ASC-dən 1600 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin rəyi ilə xx.xx.2019-cu il tarixinə cavabdeh (borclu) Cavabdeh əsas borcunun 518,26 ABŞ dolları, faiz borcunun isə 14,17 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 518,26 ABŞ dolları, faiz borcu üzrə 14,17 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 87,67 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1 ABŞ dollarına endirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X2” MMC-nin hesabına keçirilməlidir. Cavabdeh banka heç bir borcu olmamasını iddia etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya heç bir borcunun olmaması, iddiaçı tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində də cavabdehin iddiaçıya borcu olması müəyyən olunmuşdur. Həmçinin iddiaçı bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq cavabdehə kompensasiya ödənilməsi, cavabdehin iddiaçı banka borcunun qalmaması mənasına gəlməməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən edilməli, cavabdeh (borclu) Cavabdeh xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi üzrə «xxxx» X3 Səhmdar Cəmiyyətinin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 518,26 ABŞ dolları əsas, 14,17 ABŞ dolları faiz borcu və 1 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 533,43 (beş yüz otuz üç dollar qırx üç sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh xx.xx.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi üzrə «xxxx» X3 Səhmdar Cəmiyyətinin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 518,26 ABŞ dolları əsas, 14,17 ABŞ dolları faiz borcu və 1 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 533,43 (beş yüz otuz üç dollar qırx üç sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “X2” MMC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar