Məhkəmə qərarları › İş №2(025)-276/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-276/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-276/2022 16.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndəvə Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh bir neçə il bundan əvvəl tanımış və bir neçə dəfə toy məclisində birlikdə iştirak etmişlər. Təxminən bir neçə il əvvəl toy məclisində bir masada oturduqları zaman masada əyləşənlərin İlqarın ticarətlə məşğul olduğunu öyrəndikdən sonra onunla ortaqlı şəkildə ticarət işi qurmaq istəmiş və ona corab ticarəti daha gəlirli olduğunu bildirmiş, o da razılaşaraq 2021-ci ilin aprel ayından yay aylarına qədər İlqara hissə-hissə olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat pul vermişdir. Lakin İlqar pulu aldıqdan sonra corab satışı ticarəti ilə məşğul olmuş, mənfəətindən hər hansı məbləğdə ona pul verməmiş, əksinə verdiyi pulu da ona geri qaytarmamışdır. O, dəfələrlə cavabdehə pulunu geri qaytarmasını bildirmiş, cavabdeh isə hər dəfə söhbət edən zaman müxtəlif bəhanələr gətirmiş, ondan aldığı 8000 manat pulu hissə-hissə ödəyəcəyini vəd etmiş, lakin buna baxmayaraq cavabdeh hal-hazıradək verdiyi vədə əməl etməmişdir. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid edirmiş. Artıq məlum olmuş ki, cavabdeh ona olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. O da məcbur olaraq Qəbələ RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh etdiyi hərəkətlər barədə məlumat vemrişdir. Qəbələ RPŞ-si araşdırma aparıldıqdan sonra müvafiq qərar çıxararaq şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyatı üzrə məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra cavabdeh tərəfindən 1010 manat məbləğində ona ödəniş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı 8000 manat pulu almış, həmin pulun 1010 manatını 3 gün əvvəl ödəmiş, qalan 6990 manat borcu isə yaxın vaxtda ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqaçısı, polis kapitanı X1 05 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK- 1/1696 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Bunud kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Bunud kəndində qeydiyyatdadır və hal-hazırda həmin ərazidə yaşayır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam qəsəbə kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 26 nömrəli arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu Bunud kəndində qeydiyyatdadır və hal-hazırda həmin ərazidə yaşayır. İş materiallarında olan ASAN-Qəbələ tərəfindən verilmiş 04.08.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu Bunud kəndində doğulmuş, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin maddənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmınin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddia tələbi qəbul edilmiş və cavabdeh bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh iddiaçıya 8000 manat məbləğində borcu olduğunu etiraf etmiş, eyni zamanda həmin borcdan 1010 manat ödəniş etdiyini bildirmişdir. İddiaçı isə Cavabdeh 1010 manat borc məbləğini aldığını etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 8000 manat məbləğində borcu olduğunu etiraf etmiş, eyni zamanda iddiaçı isə 1010 manat borc məbləğini qəbul etdiyini etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 1010 manat məbləğ isə iddiaçı tərəfindən etiraf edildiyindən iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 6990 (8000-1010) manat tutulmalıdır. Həmçinin iddiaçı cavabdehdən iddia ərizəsində fərqli pul məbləği tələb etsə də, cavabdehin 1010 manat məbləğində borcu ödəməsi ilə razılaşmış, bunu təkzib etməmiş və mübahisələndirməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, onun 6990 (altı min doqquz yüz doxsan) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin olunması, qalan hissədə isə təmin olunmaması qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6990 (altı min doqquz yüz doxsan) manat məbləğində borc və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7090 (yeddi min doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar