Məhkəmə qərarları › İş №2(025)-277/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-277/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-277/2023 11.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər; 84-3.2.5. əlavə edilən sənədlərin siyahısı. Qanunverciliyin tələbindən görünür ki, iddiaçı iddia ərizəsində cavabdehin adı, onun poçt ünvanı barədə məlumat verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavbadehin ad, soyad və ata adını “X3” kimi qeyd etmişdir. Lakin iddia ərizəsinə cavabdehin şəxsiyyətini təsdiq edən sənəd kimi vəsiqənin seriyası kimi “AZE0*******” olaraq göstərmiş və “Elektron Məhkəmə” sistemi vasitəsi ilə “AZE0*******” nömrəli şəxsiyyət vəsiqəsi araşdırılarkən həmin şəxsin Cavabdeh olması müəyyən edilmişdir. Cavabdeh kimi qeyd etdiyi şəxs isə “Elektron məhkəmə” sistemində aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdehin ad, soyad və ata adını düzgün qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin maddəyə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin X1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ərizəsinə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmalı deyil və iddia ərizəsini qəbul etməkdən imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1, 284-4-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar