Məhkəmə qərarları › İş №2(025)-278/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-278/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-278/2023 23.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdehistifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1043,93 (bir min qırx üç manat doxsan üç qəpik) manat borc və ödənilmiş 31,18 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını nəzərdə tutmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim etmiş və məhkəmənin 24yanvar 2023-cü il tarixli 2(025)-278/2023 nömrəli qərardadı ilə hazırkı işin iddia icraatına keçilməsi qərara alınmışdır. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00866 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1043,93 (bir min qırx üç manat doxsan üç qəpik) manatborcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1043,93 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqı-satqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, işıq enerjisindən istifadəyə görə yaranmış 115,18 manat borc məbləğini qəbul edir. Lakin onun barəsində tərtib edilmiş aktlarla razı deyildir. Belə ki, o, işıq sayğacına müdaxilə etməmişdir. İddiaçının nümayəndəsi isə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iddiaçı tərəfindən təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” xx.xx.2022-ci il tarixli, 424955 №-li müqavilədən görünür ki, enerjitəchizatı müəssisəsi adından "xxxx" ASC-nin Şimal-Qərb RETSi-nin rəisi cənab N.Mahmudov ilə məişət abonenti Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamışlar. Tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlak ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar. İş materiallarına əlavə edilmiş 11may 2018-ci il tarixli, R099235 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xəttdən istifadə olunur. Həmin akta əsasən verilmiş 16may 2018-ci il tarixli icra vərəqində itirilmiş enerjinin dəyəri 487,85 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2021-ci il tarixli, R215545 nömrəli aktdan görünür ki, “EEİQ”-nın tələblərinə uyğun olaraq sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xəttdən istifadə olunur. Həmin akta əsasən verilmiş 16 iyul 2021-ci il tarixli icra vərəqində itirilmiş enerjinin dəyəri 440,90 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış Pretenziya məktubundan görünür ki, 1077,93 manat borc məbləğinin ödənişini 7 (yeddi) gün ərzində təmin edilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən "xxxx" ASC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş 11 may 2018-ci il tarixli, R099235 nömrəli və 07 iyul 2021-ci il tarixli, R215545 nömrəli aktlardan müəyyən olunur ki, Cavabdeh hesabında ödənilməmiş 1043,93 manat borc vardır, həmin borcun 115,18 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 928,13 manat hissəsi isə elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Elektrik enerjisindən istifadəyə görə yaranmış borc ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən, elektrik enerjisindən istifadəyə görə borcun 115,18 manat olması müəyyən edilmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və elektrik enerjisindən istifadəyə görə borcun 115,18 manat olması müəyyən edilmişdir. Bu səbəbdən həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Elektrik enerjisindən qeyri-qanuni istifadəyə görə yaranmış borc məbləği ilə bağlı məhhəmə qeyd edir ki, 11 may 2018-ci il tarixli, R099235 nömrəli və 07 iyul 2021-ci il tarixli, R215545 nömrəli aktlara əsasən cavabdehin sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. 11 may 2018-ci il tarixli, R099235 nömrəli akta əsasən 487,85 manat, 07 iyul 2021-ci il tarixli, R215545 nömrəli akta əsasən isə 440,90 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, cavabdeh tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, cavabdehin sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə belə hesab edir ki, cavabdeh törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdehin sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi məhkəmə zamanı sübuta yetirilməmiş, bununla bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə zamanı etiraf etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə Cavabdehsayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsicavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə bir başa qoşularaq, elektrik enerjisindən istifadə etməsi və məhz bu qanunsuz müdaxilə nəticəsində cavabdehiniddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumucavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 115,18 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə 145,18 (bir yüz qırx beş manat on səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 115,18 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə 145,18 (bir yüz qırx beş manat on səkkiz qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar