Məhkəmə qərarları › İş №2(025)-28/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-28/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-28/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 , Cavabdeh2 İddiaçı ASC- nin xeyrinə 25 iyul 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 1655.25 AZN əsas, 143.61 AZN faiz borcu olmaqla 25.07.2017-ci il tarixdən 29.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 240.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2039.36 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyul 2014-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 5000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası P r e z i d e n t i n i n 28 fevral 2019-cu il tarixli Fənnanma əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zamin tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh1 məxsus **********66 telefon nömərəsinə 21.11.2019- cu il tarixdə və zamin Cavabdeh2 məxsus **********99 telefon nömrəsinə 25.11.2019-cu il tarixdə smslər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminin banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. 2020-ci il aprelin 29-dək Cavabdeh1 banka 25 iyul 2014-cii il tarixli kredit müqaviləsi üzrə 1655.25 AZN əsas,143.61 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 1798.86 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək təqdim olunmuş ekspertiza rəyləri ilə razı olmadığını bildirdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərdi ki, 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 saylı kredit müqaviləsi üzrə bank tərəfindən borc mövcud borcdan artıq göstərilmişdir. Təqdim edilmiş ekspert rəyi ilə qismən razıdır. Ekspert tərəfindən əsas borc düzgün hesablanmamışdır. Onların etdikləri ödənişlərin bir qismi nəzərə alınmamışdır. Həmçinin təqdim edilmiş xətşünaslıq ekspertizasının nəticəsi ilə razıdır. Müqavilədə və aidiyyatı sənədlərdə olan imzalar ona məxsusdur. Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə heç bir sənədə qol çəkməmişdir. Kredit müqaviləsi bağlanarkən, müqavilə həyat yoldaşı Cavabdeh1 adından imzalansa da, Cavabdeh1 banka gəlməmiş, bütün sənədlərə yoldaşının əvəzinə o qol çəkmişdir. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına 5000 manat kredit verilmişdir. O isə əsas borclunun öhdəlikləri üzrə bankla zaminlik müqaviləsi bağlamışdır. Bank tərəfindən borc mövcud borcdan artıq göstərilmişdir. Təqdim edilmiş ekspert rəyi ilə qismən razıdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 nömrəli Kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik 28 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki Cavabdeh1 25.07.2014-cü il tarixdə 5000 AZN məbləğində pul vəsaitini imza edərək qəbul etmişdir. İş materiallarında olan 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 5000 AZN məbləği illik 28 %-lə, 36 ay müddətinə aylıq 206.82 AZN, son ayda isə 206.71 AZN annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Qərı̇ bli Davud Elçı̇ n oğlunun 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 nömrəli kredit müqaviləsi üzrə 1655.25 manat əsas borcu, 143.61 manat faiz borcu və kredit müqaviləsi üzrə 29.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 240.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2039.36 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 27.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmənin 13.08.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 №-li “Kredit” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borc və faiz borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq düzgün hesablanmışdırmı? - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 №-li “Kredit” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Azərbaycan Respublikası "xxxx" MMC-nin 07.10.2020-ci il tarixli, 357 saylı məktubundan görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən:

1. 25.07.2017-ci il tarixə əsas borc üzrə - 1675.25 AZN, faiz borcu üzrə - 302.70 AZN

2. 29.04.2020-ci il tarixə əsas borc üzrə - 1441.99 AZN, faiz borcu üzrə - 433.09 AZN Qeyd edilir ki, tərəflər arasında bağlanmış 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmənin 04.02.2021-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 №-li “Kredit” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borc və faiz borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq düzgün hesablanmışdırmı?

2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 №-li “Kredit” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021-ci il tarixli, 9/926 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 25 iyul 2014-ci il tarixli 5-Z-2-0-2569-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən:

3. 25.07.2017-ci il tarixə əsas borc üzrə - 1727.91 AZN, faiz borcu üzrə - 227.12 AZN

4. 25.12.2017-ci il tarixə əsas borc üzrə - 1691.03 AZN, faiz borcu üzrə - 0 AZN Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmənin 06.05.2021-ci il tarixli 2(025)-28/2021 saylı qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. 25 iyul 2014-cü il tarixdə tərtib edilmiş 5-Z-2-0-2569-14 saylı kredit və zaminlik müqavilələrində “Borcalan” sözlərindən sonra və “Cavabdeh1” inisiallarının altında olan imzalar Cavabdeh1 mənsubdurmu?

2. 25 iyul 2014-cü il tarixdə tərtib edilmiş kassa məxaric orderində “Təhvil aldım” söz birləşməsinin üstündə imza Cavabdeh1 mənsubdurmu?

3. Əgər həmin imzalar Cavabdeh1 mənsub deyilsə, yuxarıda qeyd olunan sənədlərdə əks olunmuş imzalar cavabdehin əvəzinə nümayəndəsi-əri X5 tərəfindən icra olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.07.2021-ci il tarixli 4/760 saylı ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş, 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 saylı “Kredit müqaviləsi”nin aşağı sağ hissəsində “Borcalan” qrafasında olan imza, 25.07.2014-cü il tarixli 5-Z-2- 0-2569-14 saylı “Zaminlik müqaviləsi”nın 1-ci və 2-ci vərəqlərində “Borcalan” qrafalarında olan imzalar, 25.07.2014-cü il tarixli “Kassa məxaric orderi”nin aşağı sol hissəsində “Təhvil aldım” qrafasında olan imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 saylı “Kredit müqaviləsi”nin aşağı sağ hissəsində “Borcalan” qrafasında olan imzanın, 25.07.2014-cü il tarixli 5- Z-2-0-2569-14 saylı “Zaminlik müqaviləsi”nın 1 -ci və 2-ci vərəqlərində “Borcalan” qrafalarında olan imzaların, 25.07.2014-cü il tarixli “Kassa məxaric orderi”nin aşağı sol hissəsində “Təhvil aldım” qrafasında olan imzanın X5 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin Cavabdeh1 qarşı yönələn hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.07.2021-ci il tarixli 4/760 saylı ekspert rəyindən görünür ki, 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569- 14 saylı “Kredit müqaviləsi” və ona aid müvafiq sənədlərdə Cavabdeh1 adından çəkilmiş imzalar ona məxsus deyil. Beləliklə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 25.07.2014-cü il tarixli 5- Z-2-0-2569-14 saylı “Kredit müqaviləsi” üzrə üzərinə öhdəlik götürdüyünü əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 29.05.2021-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 əsas borcu 1655.25 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdeh (zamin) Cavabdeh2 iddiaçı bankın xeyrinə əsas borc üzrə 1655.25 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində əsaslı deyil. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021-ci il tarixli, 9/926 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 25.07.2014-cü il tarixli 5-Z-2-0-2569-14 saylı “Kredit müqaviləsi” üzrə faiz borcu mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə 25.07.2017-ci il tarixdən 29.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 240.50 manat məbləğində əldən çıxmış fayda cavabdeh (zamin) Cavabdeh2 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh (zamin) Cavabdeh2 1655 manat 25 qəpik əsas borc və kredit müqaviləsi üzrə 25.07.2017-ci il tarixdən 29.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 240 manat 50 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1895 manat 75 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 174 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh (zamin) Cavabdeh2 1655 manat 25 qəpik əsas borc və kredit müqaviləsi üzrə 25.07.2017-ci il tarixdən 29.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 240 manat 50 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1895 manat 75 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “X2” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 174 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar