Məhkəmə qərarları › İş №2(025)-298/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-298/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-298/2021 23.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, X4 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1,839.91 manat əsas olmaqla, cəmi 1,839.91 (bir min səkkiz yüz otuz doqquz manat 91 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Ağdaş” filialı ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1039-xx.xx.2018-002854 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1910 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 1039-xx.xx.2018-002854 №-li zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eyni zamanda, Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən sözügedən kredit müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı ə bu borcun özünün malik olduğu pul vəsaitləri, daşmar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, ciymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci rəndinə əsasən isə borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra eunədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın recikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Zaminlik müqaviləsi aksessor xarakterli olmaqla bərabər əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Buna görə iə hazırda kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2020-ci il tarixli 1415 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qismən qəbul edərək göstərdi ki, X5 “xxxx” ASC-nin “Ağdaş” filialı ilə bağladığı xx.xx.2018-ci il tarixli, kredit müqaviləsinə əsasən 1910 manat kredit almışdır. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vərəsəsi olaraq göstərilən kredit borcunu ödəməyə gücü çatmır. Fərdi təsərrüfatla məşğuldur. Ayda yalnız 30-40 manat ödəniş edə bilər. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, X4 aldığı kredit üzrə o, bankla zaminlik müqaviləsi bağlamışdır. Kredit borcunu vərəsələr hissə-hissə ödəməyə razıdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, 1039-xx.xx.2018-002854 saylı kredit müqaviləsindən görünür ki, X5 «xxxx» ASC-nin «Ağdaş» filialından illik 27 faizlə 48 ay müddətinə 1910 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 1039-xx.xx.2018-002854 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 X3nın eyni tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün Bank qarşısında cavabdehdir. İşdə olan Ödəniş cədvəlindən görünür ki, X2 müqaviləsi üzrə 48 ay ərzində hər ay 65.50 manat, sonuncu ay 63.78 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, X4 xx.xx.2018-ci il tarixli, 1039-xx.xx.2018- 002854 saylı kredit müqaviləsi üzrə banka xx.xx.2020-ci il tarixə 1839 manat 91 qəpik məbləğində borcunun olması göstərilmişdir. İşdə olan Qəbələ Regional Kötüklü kənd İ.Ə.N tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. İşdə olan Qəbələ Regional “ASANXidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1415 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh1 oğluna münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Bundan başqa Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmçinin Cavabdeh1 borclu X1 müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün Bankla həmin tarixdə zaminlik müqaviləsi bağlamışdır. Əsədova Ülkər Gözəl qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsəsləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, həmçinin zamin Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini yerinə yetmir, ödənişləri həyata keçirməkdən boyun qaçırır. Bildiriş məktublarından görünür ki, «xxxx» ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, X4 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1839 (bir min səkkiz yüz otuz doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidmət haqqı tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1, X4 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1839 (bir min səkkiz yüz otuz doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu, habelə 40 (qırx) qəpik bank xidmət haqqı tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar