Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-300/2022 02.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli, 2(025)- 695/2013 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 10 iyul 2010-cıı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-282/2011 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə nikahları pozulmuş, 10 iyul 2010-cu il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmişdir. Həmçinin, Qəbələ Rayon Məhkəməsinin 12 iyul 2011-ci il tarixli, 2(025)-323/2011 nömrəli qətnaməsinə görə 10 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 76 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli, 2(025)-695/2013 nömrəli qətnaməsinə əsasən isə Qəbələ Rayon Məhkəməsinin 12 iyul 2011-ci 11 tarixli, 2(025)-323/2011 nömrəli qətnaməsi dəyişdirilərək X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 85 manat sabit pul məbləğində aliment müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarını ödəmir, cavabdeh şəxs isə fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı vardır. Ona görə də cavabdeh şəxsdən qət olunmuş aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etmiş və təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə nikahı Qəbələ rayon məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 2(025)-282/2011 saylı qətnaməsi ilə pozulmuş və həmin qətnaməyə əsasən 10 iyul 2010-cu il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmışdır. Daha sonra məhkəmənin müvafiq qətnaməsi ondan tutulan alimentin məbləği 85 manat müəyyən edilmişdir. Hal-hazırda iddiaçı ona qarşı iddia qaldıraraq ondan övladı Nurlan Babazadənin saxlanması üçün 193 manat aliment tələb edir. Hazırki iddia tələbi ilə qismən razıdır. Belə ki, o, 06 iyul 2012-ci il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onların 09 iyun 2012-ci il təvəllüdlü X6 adlı uşağı anadan olmuşdur. Beləliklə, hal- hazırda onun himayəsində də bir azyaşlı uşağı var. İddiaçı iddia ərizəsində fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı olduğunu göstərir. Lakin fərdi işlərlə məşğul olsa da, kifayət qədər qazancı yoxdur. İddiaçı isə kifayət qədər qazancı olmasına dair iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Hec yerdə işləmir və o, aylıq əməkhaqqı almır. Qazancı isə stabil deyildir. Ailəsini və himayəsində olan bir azyaşlı uşağını çətinliklə dolandırır. Ölkədə 2022-ci il üçün aliment məbləğinin 193 manat olması həmin məbləğin yalnız ata tərəfindən ödənilməsinə dəlalət vermir. Çünki uşağa baxmaq həm ananın, həm də atanın vəzifəsidir. İddiaçı ilə birgə nikahdan doğulmuş uşağın artıq 12 yaşı vardır və iddiaçıda işləyərək uşağa baxmaq iqtidarındadır. Aliment öhdəliyindən boyun qaçırmır. Bu günə qədər də olan alimenti vaxtlı-vaxtmda ödəmişdir. Buna səbəb isə 85 manat aliment məbləğini ödəməyə maddi imkanı olması olmuşdur. Hal-hazırda isə ayda 100 manat aliment ödəməyə maddi imkanı çatır. Əgər aliment məbləği çox artırılarsa ödəyə bilməyəcək. Bu hal isə çıxarılmış məhkəmə qətnaməsinin səmərəsizliyinə yol açacaqdır. Bütün bu halların məhkəmə tərəfindən nəzərə alınmasını və aylıq 100 manat məbləğində aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Yuxarıda göstərilən nəzərə alaraq məhkəmədən, ondan hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ rayon Aydınqışlaq kənd İ.Ə.N tərəfindən 05.09.2006-cı il tarixdə verilmiş AZ-İ № 499444 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 iyul 2010-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 49 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 10.11.2011-ci il tarixli 2(025)-282/2011 saylı qətnaməsi ilə Cavabdeh ilə X5 arasında 11 avqust 2009-cu il tarixdə bağlanılaraq 25 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 10 iyul 2010-cu il təvəllüdlü X4 anası X1 yanında saxlanılması qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 13.12.2013-cü il tarixli 2(025)-695/2013 saylı qətnaməsi ilə Cavabdeh 10 iyul 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində tutulan aliment artırılaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 10 iyul 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində tutulan aliment məbləği artırılaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 85 manat vəsait yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 120 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 34.40 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 10 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 34 (otuz dörd) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-300/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-300/2022
02.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver