Məhkəmə qərarları › İş №2(025)-304/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-304/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-304/2021 18.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və müalicə xərcləri” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(025)-437/2020 nömrəli qətnaməsi ilə iki uşağın saxlanması üçün Cavabdeh tutulmalı olan, cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında təyin olunmuş alimentin artırılması və cavabdehdən hər bir uşağa görə ayda 200 manat məbləğində olmaqla 400 (dörd yüz) manat məbləğində alimentin tutulması, uşağın müalicəsinə hər ayda (müalicə olunub sağalana kimi) 300 manat, burun ətindən əməliyyat olunması üçün isə 500 manat məbləğində pulun cavabdehdən alınaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxx 2012-ci ildə ailə qurmuşdur. Həmin nikahdan xx xxxxxxxx 2013-cü il tarixdə Gülsüm və xx xxxxxxxx 2016-cı il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. Aralarındakı normal ailə münasibətləri cavabdehin günahı ucbatından yaranmış narazılıqlara görə pozulmuşdur. Belə ki, Cavabdeh nikahının pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)437/2020 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Qətnamə ilə nikah pozulan zaman məhkəmə uşaqların yanında qalmasını təmin etməklə uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment müəyyən etmişdir. Bu vaxt məhkəmə aldığı əmək haqqı barədə cavabdehin təqdim etdiyi arayışa istinad etmişdir. «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli arayışında onun aldığı əmək haqqının məbləği 263 manat 69 qəpik olaraq göstərilmişdir. Bunun əsasında məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə istinadən cavabdehin aidiğı əmək haqqının 1/3 hissəsi miqdarında alimentin müəyyən edilməsini qərara almışdır. Bu barədə məhkəmədə narazılığını bildirsə də məhkəmə etirazı nəzərə almadan alimenti bu qaydada müəyyən etmişdir. Cavabdehin aldığı əmək haqqını məhkəmənin müəyyən etdiyi qaydada bölsələr 87 manat civarında alimentin təyin edildiyi müəyyən olunur. Lakin hər uşağın saxlanması üçün məhkəmə qaydasında təyin olunmuş 43 manat məbləğində aliment müasir bazar iqtisadiyyatı şəraitində çox az məbləğdir. Yəni belə bir məbləğ uşağın aylıq tələbatını belə ödəmir. Bir sözlə uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə qaydasında təyin olunmuş alimentin miqdarı çox az olduğundan, uşaqların saxlanmasına yetərli olmadığından onu və uşaqları qane etmir. Bundan başqa da uşaqların birində sümükdə əyilmə, kalsium çatışmamazlığı, beyin işkişafının zəifliyi mövcuddur ki, bunun üçün hər ay uşağın müalicəsi tam sağalana kimi tələb olunur. Buna görə də ayda 200-300 manatdan az olmayaraq müalicə xərcləri çəkilir. Çünki, uşaq tam sağalana kimi fizioterapiyaya getməlidir, dəniz qumu qəbul etməlidir. Həkimlərin dediyinə görə də burnunda olan əti təcili əməliyyat olunmalıdır. Buna görə də bütün müalicə xərcləri ilə birlikdə 500 manatdan az olmamaqla maddi vəsait tələb edilir. Buna görə də az təyin olunmuş alimentin artırılması və sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(025)437/2020 nömrəli qətnaməsi ilə onun əməkhaqqısı nəzərə alınaraq 1/3 hissəsi miqdarında aliment kəsilmişdi. Hal-hazırda yalnız həmin miqdarda aliment ödəməyə gücü çatır. Aylıq 250 manat əmək haqqı alır və başqa gəlir yeri yoxdur. Uşağın əməliyyatı ilə bağlı həkimlərlə maraqlanıb, Mingəçevirdə 300-400 manata əməliyyat edirlər. İmkanı olan kimi uşağı ora aparacaq. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Tüntül kənd İ.Ə.D tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş nikahın pozulması; Tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxxxx 2013cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları; İddiaçı Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ- İİİ №267516 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxxxxx 2013-cü il tarixdə Şəki şəhərində anadan olmuş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 135 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş AZ- İİİ №826960 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxxxx 2016-cı il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 676 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh, xx xxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin tutulmasını, uşağın hər ay müayinə və müalicəsi üçün hər ayda (müalicə olunub sağalana kimi) 300 manat, burun ətindən əməliyyat olunması üçün isə 500 manat məbləğində pul tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X2 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 200 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ailə Qanunvericiliyinə əsasən valideyn övladının digər zəruri xərclərinin təmin edilməsində iştiraka cəlb edilə bilər (Ailə Məcəlləsinin 81-ci maddəsi). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən uşağın hər ay müayinə və müalicəsi üçün 300 manat və burun ətindən əməliyyat olunması üçün isə 500 manat pulun tutulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar