Məhkəmə qərarları › İş №2(025)-32/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-32/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-32/2021 28.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1866,48 manat əsas, 508,1 manat faiz borcu və 67,81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2442,39 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 1595,09 USD Mərkəzi Bankın xx.xx.2016-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 2750,89 manat təşkil edir, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzaldılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il iyulun 20-dək Cavabdeh banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1866,48 manat əsas, 508,1 manat faiz borcu, 67,81 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2442,39 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul edərək, eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək iddianı qəbul etdiyini və borc məbləğini mart ayından etibarən ödənişlər etməyə başlayacağını bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli Kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən «xxxx» İKB ASC tərəfindən Cavabdeh illik 26 faizlə 36 ay müddətinə 1800 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. İşdə olan «xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 72,52 ABŞ dolları, sonuncu ay isə 72,70 ABŞ dolları məbləğində ödənişlər etməklə 36 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.14 və 9.2-ci bəndlərinə görə, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında Banka dəbbə pulu ödəməlidir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli « xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli Kredit müqaviləsinə Əlavə Saziş»dən görünür ki, həmin müqavilə üzrə kreditin qalıq məbləği 1595,09 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 2750,89 manat təşkil etmişdir. Həmçinin müqavilə müddəti uzaldılaraq 74 ay, yəni xx.xx.2021-ci il müəyyən edilmiş, kreditin illik faiz dərəcəsi isə 26 faizdən 20,3 faizə endirilmişdir. Həmçinin işdə olan xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli kredit müqaviləsinə xx.xx.2016-ci il tarixli 1 saylı Əlavənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 72,65 manat, sonuncu ay isə 72,13 manat məbləğində ödənişlər etməklə 61 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh «xxxx» İKB ASC-nin xəzinadarlığından 1800 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, kreditin bitmə tarixinə Cavabdeh 1866,48 manat əsas, 508,1 manat faiz borcu və 67,81 manat cərimə borcu vardır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1963-cü ildə Qəbələ rayonu Topbağ kəndində doğulmuşdur və Qəbələ rayonu Kiçik Əmilli kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 20,0 ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş məktubdan görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə hesablanmış 1027,58 manat məbləğində kompensasiya məbləği xx.xx.2019-cu il tarixdə Cavabdeh verilmişdir. Cavabdeh kredit borcuna 1027,58 manat məbləğində hesablanmış kompensasiya Cavabdeh ödənildiyindən onun banka olan əsas borcundan silinmə aparılmamışdır. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 2(025)-846/2020 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3558 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh “xxxx” İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka xx.xx.2020-ci il tarixə 1877,52 manat əsas, 535,82 manat faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh «xxxx» İKB-dən 1800 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, müvafiq qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/3558 nömrəli rəyi ilə xx.xx.2020-ci il tarixinə cavabdeh (borclu) Cavabdeh əsas borcunun 1877,52 manat, faiz borcunun isə 535,82 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən 1866,48 manat əsas borc, faiz borcu üzrə isə 508,1 manat tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 1866,48 manat, faiz borcu üzrə 508,1 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 67,81 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, «xxxx» İKB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1866,48 manat əsas, 508,1 manat faiz borcu və 5 manat cərimə borcu, cəmi 2.379,58 ( iki min üç yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. «xxxx» İKB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 5-Y-1-0-1538-15 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1866,48 manat əsas, 508,1 manat faiz borcu və 5 manat cərimə borcu, cəmi 2.379,58 (iki min üç yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar