Məhkəmə qərarları › İş №2(025)-32/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-32/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-32/2023 18.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Arzu İsmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq cəmi 6500 (altı min beş yüz) manat məbləğində pulun, dəymiş zərərin müəyyən edilməsinə görə “X1” MMC-yə ödənilən 220 (iki yüz iyirmi) manat rüsum və 85 (səksən beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində təxminən gecə saat 22 radələrində qonşusu Taleh zəng edərək dedi ki, onun evini su basıb, onun yaşadığı evin üst 2-ci mərtəbəsində yaşayan Cavabdeh məxsus 29 nömrəli evdən su kranı açıq qalmış və nəticədə su aşağı mərtəbəyə sızaraq evi yararsız vəziyyətə salmışdır. O həmin gün kənddə olan evində olduğundan xəbərsiz olmuş və su basandan sonra mənzilin vəziyyətini qonşu mobil telefon vasitəsilə vedeo görüntüyə çəkmiş, ona göndərmişdir. Hadisədən 1 gün sonra o 27 saylı mənzilinin su basandan sonra vəziyyətinə baxaraq, şəhərciyin Mənzil Kommunal Sahəsinə getmiş və Eldar müəllimə müraciət etmişdir. Məlum olmuşdur ki, 29 saylı mənzilin sahibi DYP-də yol polisi Cavabdehdur və o onun mobil telefon nömrəsini əldə etdikdən sonra onunla əlaqə saxlayaraq baş vermiş hadisəni ona danışmış, o isə bu məsuliyyəti üzərindən ataraq mənzilini təmir etdirdiyini və təmir işlərini aparan şəxsin təqsiri olduğunu bildirmişdir. Eyni zamanda video görüntünü onun mobil telefonuna göndərərək baxmasını və mənzilinə hadisə zamanı maddi ziyan dəydiyindən öz aralarında razılaşma əldə etməklərini təklif etmişdir. Razı olmayaraq hara istəyirsən şikayət edə biləcəyini və onun bu işdə təqsirinin olmadığını, ustaların səhlənkarlığı nəticəsində baş verdiyindən onlardan tələb etməyini bildirmişdir. Razılaşma baş tutmadığına görə o DİN-nin “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Daha sonra onu Qəbələ RPŞ-nə dəvət edərək izahatını almışdılar, lakin araşdırmanın yekunlaşması barədə ona hal-hazıradək hər hansı şifahi və yazılı formada cavab verilməmişdir. O məcburiyyət qarşısında qalaraq mənzilin vəziyyəti ilə Mənzil Kommunal Sahəsinin rəisinin, qonşunun və onun iştirakı ilə AKT tərtib olunmuş, daha sonra isə məhkəmə işinin hazırlanması üçün onun mənzilinə dəymiş maddi ziyanın qiymətləndirilməsinə görə “X1” MMC-yə müraciət etmiş və dəymiş zərər 6500 (altı min beş yüz) manat civarında müəyyən edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, mübahisəli mənzil qardaşının adınadır, lakin hal-hazırda həmin məzildə özü yaşayır. xx.xx.2022-ci il tarixindən M.Abduyev küçəsi bina 74, mənzil 53-dən, bina 51, mənzil 29-a müvəqqəti olaraq köçürülmüşdür. Həmin mənzilə hələ köçməmiş, lakin bir-iki dəfə ora ustaları aparmışdır ki, evə əl gəzdirsinlər. İddiaçı mənzilinə onun evindən su axması mümkünsüzdür. Belə ki, o mənzildə yaşamamış, su təchizatından istifadə olunmamışdır. Yalnız bir neçə dəfə mənzildə ustalar işləmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X2 izahatında göstərmişdir ki, X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 293-s saylı qərarına əsasən xx.xx.2022-ci il tarixindən M.Abduyev küçəsi bina 74, mənzil 53-dan, bina 51, mənzil 29-a müvəqqəti olaraq köçürülmüşdür. Həmin mənzildə həmişə Elnurun qardaşı Cavabdeh yaşayırdı. Biz mənzili göstərərək açarları təhvil vermişdik. Həmin vaxtdan sonra isə orada gedən təmir işlərindən, cavabdehin mənzilə nə vaxt köçməsindən xəbərləri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin məzmununa əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli 284 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən 2013-cü il tarixindən Qəbələ rayon M.Abduyev küçəsi bina 51, mənzil 27-də müvəqqəti olaraq yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 42 №-li orderin surətindən görünür ki, İddiaçı Qəbələ-2 Sovetskaya küçəsində ev 51 mənzil 27-də 3 otaqlı mənzil verilmişdir. İşdə olan E.Dəmirov, İddiaçı və T.Mikayılov tərəfindən imzaları ilə təsdiq etdikləri aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə, axşam saat 20:00 radələrində Qəbələ-2, M.Abduyev küçəsi, bina-51, mənzil 29-dan su mənzil 27-yə töküldüyünü müşahidə etmişdilər. Həmin vaxtı mənzil 29 boş olub və orada təmin işləri aparılmışdır. Mənzildə heç kim olmayıb. Onlar həmin mənzilin suyunu blokdan sayğacda qoyulan krantdan bağlamışdılar. İşdə olan “X1” MMC tərəfindən verilmiş 28 iyun 2022-ci il 022-218 saylı hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət 35.72 kvm sahədən ibarət mənzilə yuxarı mərtəbədən axmış su nəticəsində dəymiş zərər 6500 (altı min beş yüz) manat həddindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7574 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 27 saylı mənzildə mərtəbəarası su sızmanın əlamətləri (boya qatında saralmalar və qabarmalar, divar kağızının qopması, tavanda saralmalar və.s) həmin mənzilin yalnız sahəsi 11.5 kv.m olan yaşayış otağında müşahidə olunmuşdur. Belə ki, qeyd olunan yaşayış otağının tavan hissəsinin boya qatında və divar kağızında su izləri (qaralmalar) müşahidə olunmuşdur. Mənzilin digər hissələrində (dəhliz, sanitar qovşaq, mətbəx) isə mərtəbəarası su sızma nəticəsində yarana biləcək qüsurlar ilkin vəziyyətdə saxlanılmamış, yəni təmir edilmişdir. İş üzrə cavabdeh şəxsə məxsus ünvan 2 ünvanında yerləşən 29 saylı mənzilin sanitar qovşağının borularında, boru birləşmələrində, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su sızıntısı, borularda və boru birləşmələrində çatlar, tıxaclanmalar, boşluqlar və.s) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 27 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 503 manat məbləğində müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3425 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 27 saylı mənzilin yaşayış otağının-divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmçinin MİKMK-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın məlumatların nəzərə alaraq, 27 saylı mənzilə 29 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Lakin 29 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 27 saylı mənzilə su sızması 29 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 29 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 27 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2311,0 manat məbləğində müəyyən olunur. ünvan 2 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 27 saylı mənzilin sahəsi 11,5 kv.m. olan yaşayış otağına su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 503 manat məbləğində müəyyən olunur. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, İddiaçı məxsus Qəbələ rayonu, M.Abduyev küçəsi, 51 nömrəli evin 27 saylı mənzilinə su sızması baş vermiş, nəticədə iddiaçıya məxsus olan mənzilə maddi ziyan vurulmuşdur. Beləliklə də, məhkəmə iclası zamanı araşdırılmış və tədqiq olunmuş sübutlarla, o cümlədən ekspertiza rəyinə əsasən Cavabdeh məxsus mənzildən İddiaçı məxsus mənzilə su axıdılması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən bu və ya digər formada vurulmuş ziyan aradan qaldırılmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçının mənzilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi zərər vurulduğundan və sonuncu dəymiş həmin zərərin ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyət daşıdığından, iddia tələbi qismən təmin edilməli, cavabdehdən ünvan 2 saylı evin 27 saylı mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün maddi ziyan tutulmalıdır. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, 27 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2311,0 manat təşkil edir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3425 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi). Həmin məbləğdən artıq hissə ziyan kimi təsdiq olunmamışdır. İddiaçı tərəfindən göstərilən məbləğdən artıq hissəni təsdiq edən “X1” MMC tərəfindən verilmiş 28 iyun 2022-ci il 022-218 saylı hesabat təqdim olunsada, məhkəmə həmin hesabatı mötəbər sübut növü kimi qəbul etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, su sızma nəticəsində mənzilə dəymiş zərərin məbləği 2311,0 manat müəyyən edilməli və iddia tələbinin digər hissəsi təmin edilməməlidir. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri 150 (bir yüz əlli) manatdan 75 (yetmiş beş) manatı İddiaçı və 75 (yetmiş beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 85 manat dövlət rüsumunun 35 (otuz beş) manatı İddiaçı aid edilməli, 50 (əlli) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2311 (iki min üç yüz on bir) manat maddi zərər tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı İddiaçı aid edilsin, 50 (əlli) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatdan 75 (yetmiş beş) manatı İddiaçı və 75 (yetmiş beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar