Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-33/2023 08.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ ərazi idərsinə və Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinə qarşı "su arxının ətrafına çəkilmiş çəpərin açılaraq torpaq sahələrinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, su arxının ətrafına çəkilmiş çəpərin açılaraq torpaq sahələrinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Dızaxlı kənd bələdiyyəsinin sədri Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ ərazi idərsinə və Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinə qarşı "su arxının ətrafına çəkilmiş çəpərin açılaraq torpaq sahələrinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinə qarşı “su arxının ətrafına çəkilmiş çəpərin açılaraq torpaq sahələrinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş və su arxının ətrafına çəkilmiş kol-kosdan ibarət çəpərin açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması və torpaq sahələrinin suvarılmasına yaradılan maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı1 xx.xx.1955-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Dızaxlı kəndində anadan olmuş, 1986-cı il tarixində Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş və İİ dərəcəli Çernobıl əlilidir, halhazırda da həmin kənddə yaşayır. İddiaçı2 xx.xx.1962-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Dızaxlı kəndində anadan olmuş, İ Qarabağ müharibəsi iştirakçısıdır və müharibə veteranıdır, hal-hazırda da həmin kənddə yaşayır. İddiaçı3 xx.xx.1965-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Dızaxlı kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. İddiaçı4 xx.xx.1975-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Dızaxlı kəndində anadan olmuş, İİİ dərəcəli gözdən əlildir, hal-hazırda da həmin kənddə yaşayır. Onlara məxsus torpaq səhələrini (torpaq sahələri onların istifadəsinə və xüsusi mülkiyyətinə verilmiş) torpaq islahatından da neçə illər əvvəl suvarılması üçün mövcud olmuş su arxı vasitəsilə suvarmış və torpaq sahələrində olan meyvə ağaclarının qurayaraq məhv olmasının qarşısını alınmışlar. Lakin 2018-19-cu illərdən sonra kənd sakini X1 həmin su arxını dolduraraq şumlamış, ətrafını kol-kosdan ibarət çəpər çəkməklə, həmin su arxının onun mülkiyyətində olan torpaq sahəsində olduğunu iddia edir. Halbuki həmin su arxı uzun müddət nəzarətsiz boş sahədən keçmiş və həmin torpaq sahəsinə də heç kim iddia etməmişdir. Cavabdeh tərəfindən su arxı doldurulduğundan torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılması mümkün deyildir və quruyaraq məhv olur. Onlar dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan su arxının qazılaraq açılmasını nəzərinə çatdırsalar da, o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Qəbələ Rayon Prokurorluğuna, Qəbələ Rayon Polis Şöbəsinə, Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə, Ombudsmana, Ədliyyə Nazirliyinin Regional İdarəsinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Ona görə də onlar X1 tərəfindən qanunsuz doldurulmuş və zəbt olunaraq ətrafı bağlanılmış su arxının əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, heç bir su arxını bağlamamış, qanunsuz olaraq heç kimin torpaq sahəsini zəbt etməmişdir. İddiaçıların su arxı olaraq tələb etdikləri torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Bu barədə onlara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən **********03-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. İddiaçıların hazırki iddia tələbi birbaşa onun mülkiyyət hüquqlarını pozur. Mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinin sədri Nümayəndə izahatında bildirdi ki, mübahisəli ərazi üçün elektron xəritələri hələki əldə edə bilməmişlər. İddiaçıların torpaq sahələri üçün xəritədə su arxı nəzərdə tutulub-tutulmadığı və ya həmin ərazinin kimin mülkiyyətində olduğunu müəyyənləşdirə bilmirlər. Bununla bağlı mütəxəssislərə müraciət edilsə də nəticə əldə edə bilməmiş, müraciətin vətəndaşlar tərəfindən edilməli olduğu bildirilmişdir. İddiaçı1 və qeyrilərinin iddası ilə bağlı Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsindən su arxının çəkilməsinin və suyun aparılmasına etiraz etmir. Odur ki, müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə və prosesin digər iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan JN-095A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.73 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh və ailə üzvlərinin Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən 0.92 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3in 07 fevral 2023-cü il tarixli, 3- 21-3-42/2-567/2023 mütəxəssis rəyi ilə müəyyən edilir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X3 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 01 dekabr 2022-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
1. Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədiyi ərazidə su arxı nəzərdə tutulmamışdır.
2. Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədiyi ərazi Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və Cavabdeh istifadəsindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2389 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədiyi ərazidə su arxı nəzərdə tutulmamışdır.
2. Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədiyi ərazi Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və Cavabdeh istifadəsindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədiyi ərazidə su arxı nəzərdə tutulmamış, lakin buna baxmayaraq həmin ərazi Qəbələ Rayon Yeni Dızaxlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və Cavabdeh istifadəsindədir. Hazırda iddiaçılar “su arxının ətrafına çəkilmiş çəpərin açılaraq torpaq sahələrinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş və su arxının ətrafına çəkilmiş kol-kosdan ibarət çəpərin açılaraq, cavabdehin öz hesabına qazılaraq, əvvəlki vəziyyətə qaytarılması və torpaq sahələrinin suvarılmasına yaradılan maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh isə Qəbələ rayonu Dızaxlı kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq iddiaçıların su arxı olaraq tələb etdikləri torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu, o və ailə üzvləri heç bir su arxını bağlamadığını, qanunsuz olaraq heç kimin torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Maraqlı şəxs Qəbələ Rayon Yeni Dızaxlı Bələdiyyəsi mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid oluğunu, bu səbəbdən həmin torpaq sahəsinin Cavabdeh tərəfindən açılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzrə məhkəmə tərəfindən araşdırma aparılarkən (müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır), Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədiyikləri ərazidə su arxı nəzərdə tutulmadığından, iddia ərizəsi “cavabdeh tərəfindən su arxının öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması” hissəsində təmin edilməməlidir. Lakin iddiaçıların su arxı kimi istifadə etmək istədiyi ərazi Qəbələ Rayon Dızaxlı Bələdiyyəsinin mülkiyyətinə aid olduğundan və bələdiyyə həmin torpaq sahəsində su arxının çəkilməsinə və suyun aparılmasına etiraz etmədiyindən, həmçinin bələdiyyə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən açılmasını tələb etdiyindən, iddia ərizəsi “cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin açılması” hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qəbələ rayon Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədikləri ərazi Qəbələ rayonu Yeni Dızaxlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh tərəfindən açılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Qəbələ rayon Dızaxlı kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən iddiaçıların su arxı kimi istifadə etmək istədikləri ərazi Qəbələ rayonu Yeni Dızaxlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi Cavabdeh tərəfindən açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elman İsayev