Məhkəmə qərarları › İş №2(025)-37/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-37/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-37/2022 27.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı "kreditin və ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı "kreditin və ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əsas cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı ASC-nin xeyrinə 8547,95 manat məbləğində əsas borcun, 410,4 manat məbləğində faiz borcunun, cəmi 8958,35 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.04.2019-cu il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 32 ay müddətinə, illik 24 % olmaqla 20000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyi ilə qismən razıdırlar. Belə ki, ekspert hesablamalarında diqqətsizlik etmişdir və hesablamanı düzgün aparmamışdır. Belə ki, kredit sahibkar hesabına bağlı kredit olduğundan və cavabdehin Dövlət vergi orqanlarına borcu olduğundan müştərinin hesablarına sərəncam gəlir. Həmin dövr hesablarda sərəncam olub və cavabdeh ödədiyi vəsait vergi borcuna silinmişdir. Ekspert hesablamasında bu halları nəzərə almamışdır. Ödənilən məbləğin, yəni 1558,85 manat vəsait vergi borcuna silinmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8007 nömrəli rəyi ilə müəyyən edilmiş məbləğin üzərinə həmin 1558,85 manatı da hesablayaraq iddia tələbinin təmin edilməsinə etiraz etmirlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8007 nömrəli rəyi və onun ödədiyi məbləği və borcuna silinən məbləği nəzərə alınmaqla qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan borclu Cavabdeh1 ilə bank arasında bağlanmış 19.04.2019cu il tarixli, MK/18038/68/13 nömrəli Kredit Sazişindən görünür ki, bank müştəriyə nağd pul krediti üzrə 32 ay müddətinə, illik 24 %-lə 20000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 borcalan Cavabdeh1 İddiaçı ASC qarşısındakı 19.04.2019-cu il tarixli, MK/18038/68/13 nömrəli müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Həmin Sazişin 1-ci bəndinə əsasən tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərinin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. İş materiallarında olan İddiaçı ASC tərəfindən 26 aprel 2014-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin “Müştərilərinə kreditləşmə və xidmət şərtləri”ndən görünür ki, borcalan Cavabdeh1 və zaminlər X3, Cavabdeh3 və Cavabdeh4 xidmət şərtləri ilə tanış olmuş və tanış olmalarını imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan 19.04.2019-cu il tarixli, MK/18038/68/13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 oğlu 20000 manat məbləği illik 24 %-lə, 32 ay müddətinə aylıq 852,21 manat, sonuncu ay isə 859,54 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.04.2019-cu il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, Cavabdeh1 hesabına «İddiaçı ASC-nin xəzinadarlığından 19999 manat məbləğində kredit vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 02.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 3 gün müddətinə kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş Cavabdeh1 Qəbələ rayonu, Bum qəsəbəsində ünvanında qeydiyyatdadır. İş materiallarında olan 11.08.2021-ci il tarixə olan “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 19.04.2019-cu il tarixli müqaviləyə əsasən 8547,95 manat əsas, 410,4 manat faiz borcu vardır. Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli, 2(025)-1437/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8007 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka 11.08.2021-ci il tarixə 6096,04 manat əsas, 741,06 manat faiz borcu vardır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 17.01.2022-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.04.2019-cu il tarixli mikrokredit müqaviləsinə əsasən 17.01.2022-ci il tarixinə qədər İddiaçı ASC-də olan hesabından, dövlət vergi orqanın sərəncamları ilə müvafiq dövlət orqanlarına sərəncamların ödənilməsi üçün 1533,85 AZN, sərəncamların ödənilməsi üçün 24 AZN komissiya tutulmuşdur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular 19.04.2019-cu il tarixli, MK/18038/68/13 nömrəli Kredit Sazişini imzalamışlar, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Göründüyü kimi, Cavabdeh1İddiaçı ASC-dən əsas 20000 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8007 nömrəli rəyi ilə cavabdeh (borclu) Cavabdeh1 əsas borcunun 6096,04 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 17.01.2022-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.04.2019-cu il tarixli mikrokredit müqaviləsinə əsasən 17.01.2022-ci il tarixinə qədər İddiaçı ASC-də olan hesabından, dövlət vergi orqanın sərəncamları ilə müvafiq dövlət orqanlarına sərəncamların ödənilməsi üçün 1533,85 AZN, sərəncamların ödənilməsi üçün 24 AZN komissiya tutulmuş, lakin həmin məbləğ ekspert tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsinə əsasən: 965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. 965.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir. 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir. 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. 965.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, bir növbəyə aid tələblər üzrə vəsait sənədlərin daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçı bankın xeyrinə əsas borc üzrə 7653,89 manat (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8007 nömrəli rəyi ilə müəyyən edilmiş 6096,04 manat + Cavabdeh1 İddiaçı ASC-də olan hesabından, dövlət vergi orqanın sərəncamları ilə müvafiq dövlət orqanlarına sərəncamların ödənilməsi üçün 1533,85 AZN, sərəncamların ödənilməsi üçün 24 AZN komissiya) borcun tutulmasını əsaslı hesab edir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, müvafiq qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 9/8007 nömrəli rəyi ilə cavabdeh (borclu) Cavabdeh1 faiz borcunun 741,06 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən faiz borcu üzrə 410,4 manat tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə 410,4 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, (borclu)Cavabdeh1, (zaminlər) X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7653,89 manat əsas borc, 410,4 manat faiz borcu olmaqla, ümumilikdə 8064,29 (səkkiz min altmış dörd manat iyirmi doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borclu) Cavabdeh1, (zaminlər) X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7653,89 manat əsas borc, 410,4 manat faiz borcu olmaqla, ümumilikdə 8064,29 (səkkiz min altmış dörd manat iyirmi doqquz qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar