Məhkəmə qərarları › İş №2(025)-39/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-39/2023

11.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-39/2023 11.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4235 manat və ödədiyi 65 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən 1999-cu ildə dəyəri təxminən 1000 manat olan bir baş inək müqabilində ******* ha torpaq sahəsi almışdı. Torpaq sahəsi hələ kolxoz dövründən onun istifadəsində olmuş, lakin aqrar islahatı aparılan zaman həmin torpaq sahəsi bir nəfər Qəmərvan kənd sakininə mülkiyyət kimi verilmişdir. Həmin torpaq sahəsini cavabdeh onun mülkiyyətində olmadığı halda 1999-cu ildə qeyd etdiyi kimi ona satmışdır. Cavabdeh sonradan, yəni 2011-ci ildə Qəmərvan kənd sakinindən almışdır. O, hələ torpaq sahəsini cavabdehdən almamışdan əvvəl həmin torpaq sahəsində 39 əd. fındıq topası. .6 əd. qoz ağacı, 1 əd əzgil ağacı. 2 əd. alça ağacı. 5 əd. albalı ağacı, 1 əd. tut ağacı əkib becərmişdi, bundan başqa həmin torpaq sahəsində 2010-cu ildə orada yaşayış evi də tikmişdi. Əkdiyi meyvə ağaclarının yaxşı bar verdiyini görən cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olmasından sui-istifadə edərək məhkəmədə torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması tələbinə dair iddia qaldırmışdır. Məhkəmə onun iddiasını təmin etmişdir. Lakin o, həmin torpaq sahəsinə xərc çəkmişdir, həmin torpaq sahəsi üçün 1000 manat pul vermişdir, həmçinin orada yuxarıda qeyd eldiyi meyvə ağacları əkmiş, indi o, çəkdiyi xərci cavabdehdən tələb edir. Çünki, cavabdeh ötən illərdən bəri orada onun bağ saldığını, yaşayış evi tikdiyini görmüş, 10 ildən artıq bir müddət ərzində dözümlülük göstərməsi bunu deməyə əsas verir ki, həmin bağ (meyvə ağacları) tərəflər arasında olan ümüımi razılaşmaya əsasən salınmışdır. Meyvə ağaclarının əkilib-becərilməsi, bağ sahəsinin sərhəddinin hasarlanması (hasarlanması üçün tikanlı məftil, ağac basdırmaları, çatcağ vurulması və s.) üçün 4235 manat xərc çəkilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təqdim etdiyi etiraz ərizəsinə uyğun olaraq göstərdi ki, qeyd edilən torpaq sahəsini 2011-ci il tarixdə alq-satqı müqaviləsi əsasında X2 almışdır. Torpaq sahəsi Əfqan Rəhimova AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmişdir. Alqı- satqı müqaviləsindən bir müddət sonra alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinin dövlət reyestrindən qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Sonra ona məlum oldu ki, torpaq sahəsini başqa adam zəbt etmişdir. Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı torpaq sahəsinin boşadılmasını tələb etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-91/2020-ci tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin olundu. Bildirir ki, hələ kolxoz dövründən həmən qeyd edilən ******* torpaq sahəsi X1 istifadəsində olmuşdur. Həmən torpaq sahəsində bağ salmışdır və daxma tikmişdir. Sonradan aqrar islahatı aparılan zaman həmən torpaq sahəsi 3 nəfər arasında bölünmüşdür. Bu səbəbdən Nəzirov Rəfail həmən torpaq sahəsindən çıxmalı olmuşdur. Nəzirov Rəfail özü məhkəməyə gəlib təsdiq edə bilər ki, qeyd edilən torpaq sahəsində bağı o salmışdır. Eyni zamanda iddiaçı qeyd edir ki, guya həmən torpaq sahəsində 2010-cu il tarixində ev tikmişdir, lakin Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xx.xx.2020-ci il tarixli ekspertiza rəyində qeyd olunmuşdur ki, həmin torpaq sahəsində heç bir tikili mövcüd deyil. Beləliklə iddiaçı X13 iddia ərizəsində qeyd olunan ağaçların onun tərəfindən əkilib becərildiyini bildirərək həmin ağaçlara həmçinin iddia etdiyi fərdi yaşayış evinə çəkdiyi xərci tələb etsə də bu tələbini heç nə ilə subut etməmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MM-nin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(025)- 66/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən edilmiş, 12 iyun 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində Cavabdeh məxsus 0,229302 ha torpaq sahəsinin cavabdehlər X8, X10 və X6 tərəfindən boşaldılması və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X19 Mərkəzi tərəfindən Qəbələ Rayon Vəkillər bürosunun vəkili Süleymanov Səfəralı oğluna ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “ünvan 2ni İddiaçı Qəmərvan kənd sakini X3 alqı-satqı yolu ilə 2011-ci almış olduğu 0.22 hektar bağ sahəsində olan meyvə ağaclarına baxış keçirilmişdir. Həmin 0.22 hektar bağ sahəsində 39 ədəd fındıq topası, 6 ədəd qoz ağacı, 2 ədəd alça və 1 ədəd əzgil, 5 ədəd albalı və 1 ədəd tut ağacı vardır. Həmin 0.22 hektar bağ sahəsinin kənarı hasarlanmışdır. Həmin bağ sahəsinin hasarlanmasmda tikanlı məftil, ağac basdırmaları istifadə olunmuş və çatcağ vurulmuşdur. Həmin bağ sahəsinin kənarlarının hasarlanmasma təxminən 435 manat vəsait xərclənmişdir. 0.22 hektar bağ sahəsində olan meyvə ağaclarının qiymətləndirsək 39 ədəd fındıq topasından 2 ədəd fındıq topası qurayaraq məhv olmuşdur.Bağ sahəsində qalan 37 ədəd fındıq topasından 12 ədədi zəif, 14 ədədi orta, 11 ədədini isə yaxşı kimi nəzərə almaq olar. Onda 12 ədəd zəif topanı 40-60 manat, 14 ədəd orta fındıq topasını 60-70 manat, 11 ədəd yaxşı fındıq topasını 80-100 manat dəyərində qiymətləndirmək olar Onda 12 ədəd fındıq topası x 50 manat=600 manat, 14 ədəd x 65 manat =910 manat, 11 ədəd yaxşı fındıq topasını 11 x 90= 990 manat qiymətləndirmək olar. 6 ədəd qoz ağacını 6 x25 manat =150 manat, 1 ədəd əzgil ağacını 1x20manat =20 manat, 2 ədəd alça 2x20manat=40 manat, 5 ədəd albalı 5x15 manat =75 manat, 1 ədəd tut ağacı lxl5manat=15 manat dəyərində qiymətləndirmək olar. Qəbələ rayon Yemişənli kənd sakini İddiaçı mübahisəli bağ sahəsinin ətrafının hasarlanması və bağda olan ağacların qiymətləndirilməsi nəzərən 435 manat -600 manat +910 manat + 990 manat+150 manat +20 manat + 40 manat +75 manat+15 manat =3235 manat olar. Çəkilmiş xərc cəmi 3235 manat.” Beləliklə işin müəyyən edilmiş işin halları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir ki, 12 iyun 2011-ci il tarixli 4Ə-320 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı X9 JN-265 saylı, kod 40615048 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ona məxsus olan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.229302 ha torpaq sahəsini 630 manat qarşılığında alıcı Cavabdeh satmışdır. Qeyd olunan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.229302 ha torpaq sahəsi Cavabdeh məxsusdur. Hazırkı iş üzrə İddiaçı və onun ailə üzvləri X8, X10 və X6 qeyd olunan torpaq sahəsini zəbt etmiş və torpaq sahəsindən istifadəyə Cavabdeh maneə yaratmışlar. Cavabdeh İddiaçı və onun ailə üzvləri X5, X7 və X4 qarşı "torpaq sahəsindən istifadəyə dair manelərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 12 iyun 2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Qəbələ rayonu Yemişanli kəndində Cavabdeh məxsus 0,229302 ha torpaq sahəsi cavabdehlər X8, X10 və X6 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X19 Mərkəzinin xx.xx.2022-ci il tarixli, 56 saylı məktubu ilə müəyyən olunur ki, Qəbələ rayon Yemişanlı kəndində yerləşən mübahisəli 0.22 hektar bağ sahəsində 39 ədəd fındıq topası, 6 ədəd qoz ağacı, 2 ədəd alça və 1 ədəd əzgil, 5 ədəd albalı və 1 ədəd tut ağacı vardır. Həmin 0.22 hektar bağ sahəsinin kənarı hasarlanmışdır. Göründüyü kimi Qəbələ rayonu, Yemişanlı kəndi ərazisində yerləşən mübahisəli 0.22 hektar bağ sahəsində 39 ədəd fındıq topası, 6 ədəd qoz ağacı, 2 ədəd alça və 1 ədəd əzgil, 5 ədəd albalı və 1 ədəd tut ağacının mövcud olması iş materialları ilə sübuta yetirlir. İddiaçı mülkiyyət hüququ ona məxsus olmamasını bilmədiyi torpaq sahəsində uzun müddət ərzində meyvə ağacları əkərək yetirmiş, lakin sonradan ümumilikdə 39 ədəd fındıq topası, 6 ədəd qoz ağacı, 2 ədəd alça və 1 ədəd əzgil, 5 ədəd albalı və 1 ədəd tut ağacının əkildiyi torpaq sahəsinin onun mülkiyyətində olmaması müəyyən edilmişdir. Məzmunundan göründüyü kimi Mülki Məcəlləsinin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. İddiaçı Cavabdeh sonuncunun mülkiyyətində olan, lakin özünün sahibliyində və istifadəsində olmuş mübahisəli torpaq sahəsində meyvə ağaclarnın yetişdirilməsi ilə bağlı xərcin ödənilməsini tələb edir. Cavabdeh mübahisəli torpaq sahəsinə hüquqları pozularkən həmin torpaq sahəsində meyvə ağaclarının olmaması, həmin torpaq sahələrinə hüquqları bərpa olunduğu zaman isə İddiaçı tərəfindən yetişdirilmiş meyvə ağaclarının olduğu, yetişdirilmiş meyvə ağaclarının əvəzsiz olaraq ona qalmasına dair nə qanuni və nə də müqavilə üzrə əsasları olmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı yolu ilə 2011-ci il tarixdə almış olduğu 0.22 hektar bağ sahəsində olan 39 ədəd fındıq topası, 6 ədəd qoz ağacı, 2 ədəd alça və 1 ədəd əzgil, 5 ədəd albalı və 1 ədəd tut ağacının yetişdirilməsinə, həmçinin həmin 0.22 hektar bağ sahəsinin kənarının tikanlı məftil, ağac basdırmaları və çatcağ vasitəsilə hasarlanmasına çəkilən xərc olaraq 3235 (üç min iki yüz otuz beş) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Qəbələ rayonu, Yemişanlı kəndi ərazisində yerləşən 0.22 hektar torpaq sahəsini cavabdehdən 1999-cu ildə, dəyəri təxminən 1000 manat olan bir baş inək müqabilində aldığını iddia etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozulabiləcək hüquqlarını müdafiə etməlidir. Hərbir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də Cavabdeh 65 (altmış beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3235 (üç min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti və 65 (altmış beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3235 (üç min iki yüz otuz beş) manat məbləğində pul vəsaiti və 65 (altmış beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar