Məhkəmə qərarları › İş №2(025)-393/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-393/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-393/2021 09.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019 -cu il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2017- ci ildə nikahı qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahdan xx xxxxx 2019 -cu il təvəllüdlü - X3 anadan olmuşdur. Onlar bir müddət birlikdə yaşadıqdan sonra cavabdehin təqsiri üzündən ailə münasibəti pozuldu, ailə münasibəti pozulduğundan nikahı Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1704/2019 saylı qətnaməsinə əsasən ləğv edildi, övladı onun yanında saxlanıldı və övladı yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edildi. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 771/2020 saylı qərarına əsasən alimentin məbləği dəyişdirilərək 130 (yüz otuz) manat müəyyən edildi. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-740/2020 saylı qərarına əsasən alimentin məbləği dəyişdirilərək 150 (yüz əlli) manat qət edildi. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği yəni, 150 (yüz əlli) manat övladının heç bir tələbatının ödənilməsinə yetmir. Qızı böyüdükcə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Övladının bütün qayğısını ehtiyacını tamamilə özü şəxsən çəkir. Cavabdeh hal-hazırda işləyir yetərincə gəliri vardır. Buna baxmayaraq böyüdükcə qızında atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh övladına qarşı heç bir diqqət və qayğı göstərməmişdir. Ona görə də mənə övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş 150 manat alimenti çətinliklə ödəyir. Halhazırda 247 manat əmək haqqı alır. Evdə işləyən tək odur. Aliment çox artırılarsa, ödəməyə imkanı olmayacaqdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)- 1704/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydinin pozulması, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2020-ci il tarixli 2(107)-771/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməsi, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı hər ay veriləcək sabit pul məbləğində alimentin məbləği artırılaraq 130 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(025)-740/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılması, hər ay sabit pul məbləğində - 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı, 274079 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 473 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18iyun 2020-ci il tarixli, AZ-İ seriyalı, 350781 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması 18iyun 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində 85 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Soltanzadə soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxx 2019-cu il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağı ananın yanındadır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydinin pozulması, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2020-ci il tarixli 2(107)-771/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməsi, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı hər ay veriləcək sabit pul məbləğində alimentin məbləği artırılaraq 130 manat müəyyən edilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(025)-740/2020 saylı qətnaməsi Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər ay sabit pul məbləğində - 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, ölkədə ilbəil yaşayış minimumu artdığından, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat təşkil etdiyi halda, 2021-ci ildə bu məbləğ 175 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 150 manat vəsait yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 160 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar