Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-407/2021 15.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, X1katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan pul vəsaitinin və faizlərin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz saxlanılan pul vəsaitinin və faizlərin qaytarılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc, 2000 (iki min) manat götürdüyü öhdəliyə faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə eyni kənddə, Soltan Nuxa kəndində yaşayırlar və bir-birlərini həmkəndli kimi tanıyırlar. O, özünə avtomobil almaq üçün pul toplamışdır və bunu kənddə çoxları bilmişdir. O cümlədən cavabdeh də bilirmiş ki, onda pul vardır. 2020-ci ilin yanvar ayında cavabdeh onun yanına gələrək bildirmişdir ki, ona oğlunun işi üçün təcili 8500 manat pul lazımdır. Yuxarıda qeyd etdiyi kimi özünə avtomobil almaq fikri var idi. Lakin avtomobil almaq üçün kifayət qədər pul toplaya bilməmişdir. Hələ bir neçə vaxt pul toplamalı imiş. O, cavabdehə pul verməyə tərəddüd etmişdir. Cavabdeh ona bildirmişdir ki, ən uzağı 2020-ci ilin iyun ayının 1-nə qədər pulunu qaytaracaqdır. Hətta ona bildirmişdir ki, ona kənd icra nümayəndəliyində ona yazılı qəbz versin ki, pulunu iyun ayının 1-nə qədər qaytaracaqdır. Həmkəndli olduğuna və cavabdehi tanıdığına görə ona razılıq vermişdir. Həmçinin cavabdeh ona bildirmiş ki, əgər pulunu vaxtında qaytarmasa ona əlavə olaraq 2000 manat ödəyəcəkdir. Onlar birlikdə kənd icra nümayəndəliyinə getmişlər və cavabdeh orada qəbz yazmış ki, ondan 8500 manat pul almış və 2020-ci ilin 1 iyununa kimi qaytaracaqdır. Lakin o, əlavə 2000 manat verəcəyi barədə qəbzə heç nə qeyd etməmiş və o da təkid etməmişdir. Ona inanmış ki, pulu qeyd etdiyi vaxtda qaytaracaqdır. 2020-ci ilin iyun ayının 1-dən bu günə qədər 10 dəfələrlə cavabdehin qapısına pulu almaq üçün getsə də, o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və pulu bu günə qədər qaytarmamışdır. Ona görə də, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdehin qeyd etdiyi kimi faizə pul vermir. Sadəcə Cavabdeh oğlunu işə düzəltmək üçün dəfələrlə ondan borc pul istəmiş və o da razılaşmışdır. Cavabdeh ona borcu olmasını icra nümayəndəliyində yazmış ərizə ilə də etiraf etmişdir. Borc pul verməsindən və cavabdehin ona borcu qaytaracağına söz verdiyi vaxtdan uzun müddət keçdiyinə görə ərizəsində təzminat kimi faiz istəmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, iddiaçıya 8.500 manat deyil, 8000 manat borcu vardır. Qalan borc məbləğini isə ödəmişdir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı 8.000 manat borcu vardır. Həmçinin göstərmişdir ki, maddi imkanı aşağı olduğundan və pula ehtiyacı olduğundan, İddiaçı isə faizə pul verməsindən xəbəri olduğundan ondan birinci dəfə 1000 manat, ikinci dəfə 6000 manat və üçüncü dəfə isə 1500 manat olmaqla ümumilikdə 8500 manat pul almışdır. Həmçinin aldığı pulun müqabilində İddiaçı faizə görə xeyli miqdarda pul qaytarmışdır. İddiaçı ona borc verəndə ümumilikdə ondan 12.400 manat pul alacağını qeyd etmişdir. O da fikirləşmiş ki, evini banka qoyar və borcunu qaytarar. Lakin pandemiya olduğundan bankdan kredit ala bilməmiş və borcunu qaytara bilməmişdir. Lakin gələcəkdə borcunu hiss-hissə qaytarcaqdır. Odur ki, məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahi şetdi. Məhkəmə iş üzrə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx xxxxxx 2021-ci il tarixdə yazılmış və imza edilmiş izahatda,sonuncu 2020-ci ildə aldığı 8.000 manat borcu xx.xx.2021-ci il tarixə qədər qaytaracağına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh iddiaçıya 8.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 8.000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə sübut kimi Cavabdeh tərəfindən yazılan və imza edilən izahat əlavə edilmiş, həmin izahatda Cavabdeh 8500 manat borcu olduğunu qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmış, sonuncu, o cümlədən kəndin icra nümayəndəsi tərəfindən imzalanmış izahatda Cavabdeh 8.000 manat borcu olduğunu qeyd etmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən sonuncu, yəni xx.xx.2021-ci il tarixdə yazılan izahatda, o cümlədən məhkəməyə təqdim edilən 8.000 manat borcu olması etiraf edilmişdir. İddiaçı isə cavabdehin hazırda 8500 manat borcu olmasını, cavabdeh tərəfindən birinci və ikinci yazılan izahatlardakı ziddiyəti sübuta yetirə bilməmişdir. İddianın 2000 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq İddiaçı verilməsinə dair hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəf 2000 manat məbləğində faiz borcu ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı belə bir sübutunun olmadığını da qeyd etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı tələbin buhissənə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 8030 (səkkiz min otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 8030 (səkkiz min otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-407/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-407/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver