Məhkəmə qərarları › İş №2(025)-440/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-440/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-440/2023 09.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq cəmi 1265 (bir min iki yüz altmış beş) manat məbləğində pulun və 32,65 (otuz iki manat altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 26 noyabr 2022-ci il tarixdə, saat 18:45 radələrində Qəbələ rayonu, Mıxlıqovaq kəndi istiqamətində ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən günün qaranlıq vaxtı olduğundan sahibsiz 1 baş iribuynuzlu inək balası ilə birlikdə asvalt örtüklü yolda onun hərəkət zolağına çıxdığına görə idarə etdiyi nəqliyyat vasitəsi inəyi vurmuşdur. Avtomobildə tək imiş və xəsarət almasa da, yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Qəbələ Rayon Poliş X4 Polis Bölməsinin YPX-nin əməkdaşı polis baş serjantı X3 yol nəqliyyat hadisəsi baş verdiyindən inəyin sahibi Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərmişdir. Qəbələ Rayon Məhkəməsin 21 dekabr 2022ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hadisə zamanı Cavabdeh məxsus inək ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyməklə avtomobili əzmiş və nəticədə ona maddi zərər vurmuşdur. Maddi zərərin miqdarı Qəbələ rayonundakı avtomabillərə texniki xidmət stansiyasının müdüri Fərhad Yusibov tərəfindən xx.xx.2022-ci il tarixli, Ziyan Aktına əsasən hesablanmış və cəmi 1265 manat miqdarında müəyyənləşdirilmişdir. Həmçinin, ona məxsus "VAZ-2104" markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan məhkəmə qərarında da təsdiq olunaraq öz əksini tapmış və cavabdehdən ziyanın əvəzini ödəməsini tələb etdikdə isə bundan imtina etmişdir. Ona görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, hadisə baş verəndən sonra İddiaçı avtomobilinə dəymiş ziyanın 200 manat olmasını bildirmişdir. Belə olub ona 100 manat verə biləcəyini qeyd etmişdir. Hal-hazırda isə iddiaçı avtomobilini tamamilə təmir etmiş, təmirinə xərcləmiş pulu ondan tələb edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(025)- 529/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli “Ziyan Akt”ından görünür ki, “Vaz 2104” markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobilinə cəmi 1265 (bir min iki yüz altmış beş) manat məbləğində ziyan dəymişdir. Məhkəmənin 02 may 2023-cü il tarixli, 2(025)-440/2023 nömrəli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 9/3534 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Vaz 2104” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1215,00 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə Cavabdeh təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “Vaz 2104” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 3(025)-529/2022 nömrəli qərarı ilə sübuta yetmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 1265 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli, 9/3534 nömrəli rəyi ilə 2008-ci il buraxılışlı “Vaz 2104” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1215,00 manat müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 1215 manat maddi zərərin tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1215 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1215 manat məbləğində maddi ziyan alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 32,65 (otuz iki manat altmış beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 1215 (bir min iki yüz on beş) manat və 32,65 (otuz iki manat altmış beş qəpik) manat dövlət rüsumu alınıb iddiaçı X2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar