Məhkəmə qərarları › İş №2(025)-449/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-449/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-449/2021 29.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 may 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 196.3 ABŞ dolları əsas borc, 277.25 ABŞ dolları faiz borcu, 199.59 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 02.05.2016-ci il tarixdən 28.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 79.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 752.79 ABŞ dollan borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 02 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC- dən illik 28 faizlə 24 ay müddətinə 2650 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq X6 ilə 02 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il yanvarın 28-dək X5 banka 02 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 196.3 ABŞ dolları əsas borc, 277.25 ABŞ dolları faiz borcu və 199.59 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 673.14 ABŞ dolları borcu vardır. X1 14.04.2016-ci il tarixdə və X2 20.02.2020-ci il tarixdə vəfat etmişdir. 13 oktyabr 2020-cu il tarixli Qəbələ Regional “Asan Xidmət “ mərkəzində notariat ofisinə ünvanlanmış sorğuya əsasən bildirilmişdir ki, 20.02.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Qəbələ Regional “Asan Xidmət “ mərkəzində notariat ofisində təsdiq edilmiş 2V-563 , 2V-562 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən arvadı Cavabdehdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1 -ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 28.01.2021-ci il tarixli maliyyə arayışına əsasən borcalanın 02.05.2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 196.3 ABŞ dolları əsas borc , 277.25 ABŞ dolları faiz borcu , 199.59 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 02.05.2016-ci il tarixdən 28.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 79.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 752.79 ABŞ dolları borcu vardır. 02.05.2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mərhum həyat yoldaşı X6 ilə İddiaçı ASC arasında X5 öhdəliklərinin təminatı olaraq zaminlik müqaviləsi 02 may 2014-cü il tarixdə bağlanmışdır. Hazırda həmin müqavilə üzrə iddia müddəti bitmişdir. Odur ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizəsinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə X8 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) və X6 arasında arasında bağlanan 02 may 2014-cü il tarixli “bank hesab, kredit və zaminlik” müqaviləsinə əsasən Borc alana 2650 ABŞ dolları məbləğində illik 28 % olmaqla 24 ay müddətinə kredit verilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən zamin X6 nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün Cavabdeh ilə birlikdə cavabdehdir. İş materiallarında olan 02 may 2014-cü il tarixli 5-MZ-1-0-1501-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və X1 2650 ABŞ dolları məbləği illik 28 %-lə, 24 ay müddətinə aylıq 146 ABŞ dolları, sonuncu ay isə 130 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, X8 02 may 2014-cü il tarixdə 2650 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X5 02 may 2014-cü il tarixli 5-MZ-1-0-1501-14 nömrəli kredit müqaviləsi üzrə 196.3 ABŞ dolları əsas, 277.25 ABŞ dolları faiz, 199.59 ABŞ dolları cərimə və 28.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda olaraq 79.65 ABŞ dolları borcu vardır. İş materiallarında olan Qəbələ regioanl “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamənin surətindən görünür ki, X6 20.02.2020-ci il tarixdə vəfat etmiş, onun vərəsəsi Cavabdehdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 28.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırki tələb üzrə iddia müddəti ötürülməsinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X8 və X6 arasında bağlanmış 02 may 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən, X7 28 faizlə 24 ay müddətinə 2650 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq X6 ilə İddiaçı ASC arasında 02 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. X3 14.04.2016-ci il tarixdə və X2 20.02.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı cavabdeh X4 vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə 196.3 ABŞ dolları əsas borc, 277.25 ABŞ dolları faiz borcu, 199.59 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 02.05.2016-ci il tarixdən 28.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 79.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 752.79 ABŞ dollan borcun tutulması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına da qiymət verib aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 02 may 2014-cü il tarixli 5-MZ-1-0-1501- 14 saylı “bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə öhdəliyin son icra müddəti 02.05.2016-cı il müəyyən olunmuşdur. İddiaçı iddia tələbi ilə 23 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Mülki Məcəllənin 554.4-cü maddəsinəəsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Bu mənada, hazırkı zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı isə 02.05.2016-cı il tarixdə başa çatmışdır. Lakin, iddiaçı 1 il ərzində (iddia ərizəsi məhkəməyə 23.02.2021-ci ildə daxil olmuşdur) zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar