Məhkəmə qərarları › İş №2(025)-466/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-466/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-466/2021 29.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9573.20 (Doqquz min beş yüz yetmiş üç manat 20 qəpik) manat - bundan 3544.41 (Üç min beş yüz qırx dörd manat 41 qəpik) manat əsas, 2828.02 (İki min səkkiz yüz iyirmi səkkiz manat 41 qəpik) manat faiz, 2671.08 (İki min altı yüz yetmiş bir manat 08 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529.69 (Beş yüz iyirmi doqquz manat 69 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli 1950 nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 25.5 (iyirmi beş tam onda beş) faizlə 5000 (beş min) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.11.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9573.20 (doqquz min beş yüz yetmiş üç manat 20 qəpik) manat təşkil edir. Bundan 3544.41 (üç min beş yüz qırx dörd manat 41 qəpik) manat əsas, 2828.02 (iki min səkkiz yüz iyirmi səkkiz manat 41 qəpik) manat faiz, 2671.08 (İki min altı yüz yetmiş bir manat 08 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529.69 (Beş yüz iyirmi doqquz manat 69 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına **********308 saylı 25.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir; Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam verinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, yazılı etiraz ərizəsi təqdim etmiş və izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi ilə razı deyil. Belə ki, “xxxx”ASC-nin Əməliyyat fılialı ilə aralarında bağlanmış 04.12.2015-ci il tarixli 1950 nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinin 3.2 bəndinə əsasən kredit xətti 04.12.2015-ci il tarixdən 04.12.2017-ci tarixədək açılmışdır. Qeyd olunan bəndin tələbinə əsasən kredit xəttinin müddəti kredit kartının müddətindən çox olmamalıdır. İddiaçının ona verdiyi kredit kartından qeyd olunan müddətdə aralarında bağlanmış müqaviləyə uyğun istifadə edərək müəyyən olunmuş müdətlərdə ödənişlər etmişdir. Bu müddət ərzində bankla aralarında heç bir anlaşılmazlıq olmamışdır. 2017-ci ilin son (həmin vaxtdan uzun müddət keçməsi səbəbindən gün tarixi yadında deyil) günlərində “xxxx”ASC-nin ona təqdim etdiyi kredit kartından istifadə etmək istəyərkən kartın bağlı olduğunu bildi və həmin gün bank nümayəndəsi ilə telefonla əlaqə saxladı və ona bu haqda məlumat verdi o isə bankın ləğv olunduğunu və onunla bank tərəfindən əlaqə saxlanılacağını bildirdi. Bir müddətdən sonra həmin bankın nümayəndəsi adından ona mobil telefonla zəng olunaraq onun həmin banka olna borcunu 2800 manat nəğd pul müqabilində silinməsi barədə sövdələşməyə sövq etdi. O, bununla razılaşmadı. Bir gün sonra təkrarən həmin bankın nümayəndəsi adından ona zəng olunaraq həmin banka olna borcunu 2800 manat yox, 2000 manat nəğd pul müqabilində silinməsi barədə təklif etdi. Pulun müqabilində ona sənəd verilməyəcəyini və pulu onlara metro çıxışında çatdırmağı təklif olduqda bu işdən şübhələnərək razılığa gəlmədi. O, bir müddət keçdikdən sonra bankla əlaqə saxlamağa çalışdı və onu Bakı şəhəri Xətai rayonu Babək pr-ti 16, Az 1025 ünvanında yerləşən Ləgvedici Əmanətlərin Sığortalanması Fonduna istiqamətləndirdilər. O, qeyd etdiyi ünvana yaxınlaşdı və məsələni onlara danışdıqdan sonra, ona narahat olmamağı tövsiyə etdilər və onunla əlaqə saxlanılacağını bildirdilər. Bundan sonra bankla onun heç bir əlaqəsi olmamışdır. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi kimi ona nə bildiriş nədə hər hansı bir məktub gəlməmişdir. Baxmayaraq ki, yaşadığı ünvanda valideyinləri və digər yaxın ailə üzvləri də yaşayır. İddiaçının iddia ərizəsində qeyd etdiyindən fərqli və reallığa uygün olaraq 25.11.2020-ci il tarixli bildirişədək ünvanına heç bir məktub və ya hər hansı bir bildiriş gəlməmişdir. Odur ki, İddiaçının 19.11,2020-ci il tarixində mənim kredit üzrə cəmi borcumun 9573,20 (doqquz min beş yüz yetmiş üç manat iyirmi qəpik), bundan 3544,41 (Uç min beş yüz qırx dörd manat qırx bir qəpik), manat əsas, 2828,02( İki min səkkiz yüz iyirmi səkkiz manat iki qəpik) manat faiz, 2671,08 (iki min altı yüz yetmiş bir manat səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitutsiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529,69 ( beş yüz iyirmi doqquz manat altmış doqquz qəpik) manat faiz borcu təşkil etdiyini bildirərək qeyd olunan məbləğin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məndən tutularaq ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə çıxarması tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qətnaməsinin məzmunundan görünür ki, «xxxx» ASC müflis elan edilmiş, «xxxx» ASC-yə ləğvedici qismində «Əmanətlərin Sığortalanması Fondu» təyin edilmişdir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış 04 dekabr 2015-ci il tarixli 1950 saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”də göstərilmişdir ki, Bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25.5 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə görə kredit xətti 04.12.2015-ci il tarixdən 04.12.2017-ci il tarixinədək açılır. Kredit xəttinin müddəti kredit kartının müddətindən çox olmamalıdır. . İşdə olan «xxxx» ASC tərəfindən Cavabdeh ünvanlanmış bildiriş məktubunun məzmunundan görünür ki, Cavabdeh müqavilə üzrə borcların ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir İş materiallarında olan «xxxx» ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 04 dekabr 2015-ci il tarixli 1950 saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə 19 noyabr 2020-ci il tarixə 3544.41 manat əsas borc, 2828.02 manat faiz borcu, 2671.08 manat cərimə borcu, kredit müqaviləsi müddəti bitəndən sonra hesablanmış 529.69 manat faiz borcu olmaqla, cəmi 9573.20 manat borcu var. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırki tələb üzrə iddia müddəti ötürülməsinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli 1950 saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən, Cavabdeh faiz dərəcəsi 25.5 faiz olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinə vaxtında və lazımınca əməl etmədiyini və onun kredit müqaviləsi üzrə 3544.41 (Üç min beş yüz qırx dörd manat 41 qəpik) manat əsas, 2828.02 (İki min səkkiz yüz iyirmi səkkiz manat 41 qəpik) manat faiz, 2671.08 (İki min altı yüz yetmiş bir manat 08 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 529.69 (Beş yüz iyirmi doqquz manat 69 qəpik) manat faiz borcu olmaqla, cəmi 9573.20 (Doqquz min beş yüz yetmiş üç manat 20 qəpik) manat borcun yarandığını iddia edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vaxtı isə 04 dekabr 2017-ci il tarixdə başa çatmışdır. İddiaçı iddia tələbi ilə 01 mart 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 6.1.8) Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar