Məhkəmə qərarları › İş №2(025)-469/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-469/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-469/2021 08.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh əsas borcu 1927,61 (bir min doqquz yüz iyirmi yeddi manat altmış bir qəpik) manat, faiz borcu üzrə 204,33 (iki yüz dörd manat otuz üç qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 2162,34 (iki min bir yüz altmış iki manat otuz dörd qəpik) manatın Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəməkdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini “Borcalan”dan tələb edə bilər. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit ödəməkdə problemlər yarandıqda borclu özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixə əsas borcu 1927,61 (bir min doqquz yüz iyirmi yeddi manat altmış bir qəpik) manat, faiz borcu üzrə 204,33 (iki yüz dörd manat otuz üç qəpik) manat, cərimə borcu 0,0 manat olmaqla ümumi borcu 2131,94 (iki min bir yüz otuz bir manat doxsan dörd qəpik) manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxxxxxx 2021-ci il tarixli, 11551/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbini qəbul edir və iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılıb qətnamə qəbul edilməsinə etiraz etmir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X3 məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsinə əsasən Borc alana “xxxx” MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədilə illik 18 faizlə 18 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. İş materiallarında olan «xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 191,0 manat, sonuncu ay isə 199,87 manat məbləğində ödənişlər etməklə 18 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsi üzrə 1927,61 (bir min doqquz yüz iyirmi yeddi manat altmış bir qəpik) manat əsas, 204,33 (iki yüz dörd manat otuz üç qəpik) manat faiz və 0 manat cərimə borcu olmaqla, cəmi 2131,94 (iki min bir yüz otuz bir manat doxsan dörd qəpik) manat borcu vardır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1982-ci ildə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş Cavabdeh Qəbələ rayonu Çarxana kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən 3000,0 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 1927,61 manat əsas, 204,33 manat faiz, cəmi 2131,94 manat məbləğində kredit borcunun tutulmasını əsaslı sayır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1927,61 manat əsas, 204,33 manat faiz, cəmi 2131,94 manat borcu vardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 089-EMB- 1161-19 saylı kredit müqaviləsinin 4.2-ci maddəsinin C bəndinə əsasən “Borcalan” bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə “Borcverən” “Borcalan”ı 1 (bir) təqvim ayı əvvəlcədən yazılı xəbərdar etməklə bu müqaviləni birtəfərli qaydada ləğv edə və kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsi ləğv edilməli, xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsinə əsasən əsas borc 1927,61 (bir min doqquz yüz iyirmi yeddi manat altmış bir qəpik) manat, faiz borcu üzrə 204,33 (iki yüz dörd manat otuz üç qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, ümumilikdə 2162,34 (iki min bir yüz altmış iki manat otuz dörd qəpik) manat məbləğində pul cavabdeh (borclu) Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsi ləğv edilsin. xx xxxxxx 2019-cu il tarixli, 089-EMB-1161-19 saylı kredit müqaviləsinə əsasən əsas borc 1927,61 (bir min doqquz yüz iyirmi yeddi manat altmış bir qəpik) manat, faiz borcu üzrə 204,33 (iki yüz dörd manat otuz üç qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, ümumilikdə 2162,34 (iki min bir yüz altmış iki manat otuz dörd qəpik) manat məbləğində pul cavabdeh (borclu) Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar