Məhkəmə qərarları › İş №2(025)-491/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-491/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-491/2022 20.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7774,7 manat məbləğində kredit borcu, 69,63 manat məbləğində faiz borcu və 3228,01 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11072 (on bir min yetmiş iki) manat 34 (otuz dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 123,22 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 26.12.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7787,52 (yeddi min yeddi yüz səksən yeddi manat əlli iki qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 01.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 12,82 manat ödəniş etmiş və onun iddiaçıya 7774,7 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 09.02.2022-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 69,63 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 09.02.2022-ci il tarixə 3873 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 3228,01 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qeyd edilən kreditin əvvəllər 30.10.2014-cü il tarixdfə verilmiş istehlak kreditinin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya edildiyini, lakin borclular tərəfindən ödənişlər edilmədiyini bildirib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, bankın tələb etdiyi əsas və faiz borcu məbləğlərini qəbul edir. Belə ki, həmin krediti şəxsi istehlak məqəsdi ilə 30.10.2014-cü il tarixdə almış, borc məbləği sonradan Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya edilmiş, lakin pandemiya ilə əlaqədar imkanı olmadığından borcunu ödəyə bilməmişdir. İmkanı olduqca borcunu ödəyəcəkdir. Cərimə borcunun azaldılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan İddiaçı QSC-i ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 60 ay müddətinə, aylıq 0.0833 faiz dərəcəsi ilə 7787,52 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh1 7787,52 manat məbləği aylıq 0.0833 %-lə, 60 ay müddətinə ilk on ay 10 manatdan çox olmamaqla, sonrakı aylar 166 manat, sonuncu ay isə 146,77 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26.12.2019-cu il tarixli, 035A********** saylı Kredit müqaviləsi üzrə 7774,7 manat əsas, 69,63 manat faiz və 3228,01 manat cərimə olmaqla, cəmi 11072,34 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh4 arasında bağlanmış 26.12.2019-cu il tarixli, 035G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış 26.12.2019-cu il tarixli, 035G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh4 arasında bağlanmış 26.12.2019-cu il tarixli, 035G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarında olan kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 12.26.2019-cu il tarixdə 7787,25 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh1, (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 09.02.2022-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1980-ci ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur və Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 05.11.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 13.04.2009-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1944-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 14.09.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi: Göründüyü kimi, 26.12.2019-cu il tarixli, 035A********** saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-dən 60 ay müddətinə, aylıq 0.0833 % faiz dərəcəsi ilə 7787,52 manat manat məbləğində kredit alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh1 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 7774,7 manat əsas və 69,63 manat faiz borcunun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 3228,01 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 2500 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Bununla da məhkəmə cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit razılaşması üzrə 7774,7 manat əsas, 69,63 manat faiz və 2500 manat cərimə olmaqla, ümumilikdə 10344,33 manat kredit borcunun tutulması qənaətinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 123,22 (bir yüz iyirmi üç manat iyirmi iki qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər ((borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7774,7 manat məbləğində kredit borcu, 69,63 manat məbləğində faiz borcu və 2500 manat cərimə borcu olmaqla, cəmi 10344,33 (on min üç yüz qırx dörd manat otuz üç qəpik) manat və 123,22 (bir yüz iyirmi üç manat iyirmi iki qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7774,7 manat məbləğində kredit borcu, 69,63 manat məbləğində faiz borcu və 2500 manat cərimə borcu olmaqla, cəmi 10344,33 (on min üç yüz qırx dörd manat otuz üç qəpik) manat və 123,22 (bir yüz iyirmi üç manat iyirmi iki qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar