Məhkəmə qərarları › İş №2(025)-51/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-51/2023

27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-51/2023 27.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 manat və ödənilmiş 68 manat məbləğində dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ona məxsus olan ünvan 1 ünvanında fərdi yaşayış evində təmir işlərinin görülməsi məqsədi ilə aralarında razılıq əldə olunmuşdur. Belə ki, X. Niftəliyevlə aralarında olan razılığa əsasən o, evin daxilində pilləkənin yığılmasını, birinci mərtəbədə 5 ədəd ağ rəngdə yeni qapının yığılmasını, ikinci mərtəbədə 4 qapınının yenidən rənglənməsi və 1 ədəd yeni qapının düzəldilməsini üzərinə götürmüşdür. Bu məqsədlə o, 2021-ci ilin 22 iyul tarixində X. Niftalıyevə 4700 manat məbləğində pul vermişdir. Cavabdeh pulu qəbul etməsinə və həmin işləri yekunlaşdıracağına dair ona vəd versə də, heç bir xidmət aparmamış, nə də ki, pulu geri qaytarmamışdır. Onunla bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlasa da, hər dəfə onu tez bir zamanda işləri təhvil verəcəyinə, qısa zamanda işləri yekunlaşdıracağına inandırmışdır. Bundan sonra yenidən onun vədinə inanaraq ona möhlət vermişdir. Lakin o yenidən vədinə əməl etməyərək öhdəliyini icra etməmişdir. Bundan sonra yenidən onunla əlaqə saxlamağa cəhd etsə də, o, telefon zənglərinə cavab verməmişdir. Həmin ustanın qardaşının və dostunun əlaqə nömrəsi telefonunda qeydiyyatda olduğundan, onlarla əlaqə saxlamışdır. Ona Cavabdeh etdiyi hərəkətlərin uyğunsuz olduğunu, özləri onunla əlaqə saxlayaraq işləri tam şəkildə təhvil verməsi üçün ciddi xəbərdarlıq edəcəklərini, özləri bu işə nəzarət edəcəklərini və onun narahat olmamağını bildirib, müvafiq qurumlara şikayət etməməyini xahiş etmişlər. O, yenidən həmin insanların sözünə inanıb Cavabdeh ən qısa müddətdə işləri təhvil verməsini, əks təqdirdə pulunun geri qaytarılmasını tələb etdiyini bildirmişdir. Buna baxmayaraq aradan xeyli müddət keçsə də, nə pul geri qaytarılmış, nə də ki, təmir işləri yekunlaşmışdır. Həmin şəxsin qanunsuz hərəkətlərindən ilk öncə o, DİN-in "102" xidmətinə zəng edərək hadisə və X. Niftalıyev barəsində şikayətini bildirmişdir. Bundan sonra şikayət ərizəsinə baxılması aidiyyəti üzrə Bakı Şəhəri Xəzər RPl-nin 1-ci PŞ-nə tapşırıldır. Bundan sonra müraciəti əsasında araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İlkin olaraq Cavabdeh izahatının alınması üçün olduğu yer müəyyən olunmadığından izahatının alınması mümükün olmamışdır. Bundan sonra aparılmış araşdırma nəticəsində sonuncunun olduğu yer müəyyən edilmiş və izahatının alınması üçün şöbəyə dəvət edilmişdir. Cavabdeh şöbədə olarkən o, evin daxilində pilləkəni yığılmasını, birinci mərtəbədə 5 ədəd ağ rəngdə yeni qapının yığılmasını, ikinci mərtəbədə 4 qapınının yenidən rənglənməsi və 1 ədəd yeni qapının düzəldilməsini üzərinə götürdüyünü və görüləcək işlərin müqabilində 4700 manat məbləğində pul götürdüyünü səmimi etiraf etmişdir. Həmin şəxsə bir daha ödəmiş olduğu pulu geri qaytarmasını tələb etsə də, o, cavab olaraq işlərin görülməsi üçün pul lazım olduğunu, bu zaman işləri yekunlaşdıracağını bildirmişdir. Halbuki bugünədək vermiş olduğu pulun müqabilində X. Niftalıyev tərəfindən heç bir iş həyata keçirilməmişdir. Bundan sonra Bakı Şəhəri Xəzər RPl-nin 1-ci PŞ-nin təhqiqatçısı N. Ağamirzəyevin xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibi yaradacaq hal müəyyən olunmadığı üçün, habelə aralarında olan mübahisə mülki mühakimə icraatı qaydasında baxılan mübahisə predmeti olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. (HK-1- 2888 saylı material). Göründüyü kimi xx.xx.2021-ci il tarixdən uzun müddət keçməsinə baxmayaraq o, bügünə kimi nə işləri təhvil vermiş, nə də ki bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq pulu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən evinin bir ildən çoxdur ki, təmir işləri dayanmışdır. Ona görə də görülməyən işlərə görə ödədiyi pul ona geri qaytarılmalıdır. Bu səbəblərdən hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2022-ci il tarixdə göndərdiyi teleqramlarda işə onun iştirakı olmadan baxılmasını və iddianı müdafiə etdiyini bildirərək qanuni və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh 17 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı ona 4600 manat pul vermişdir. Həmin pulu evinə pilləkən və qapı düzəltməyi üçün vermişdir. O, hər şeyi hazırlamış, malların şəklini çəkib iddiaçıya atmış, telefonla danışmışdır. Malları yığıb aparası imiş, sadəcə məhkəmə iclası olduğuna görə getməmişdir. Malları aparıb verəcək və bir həftəyə işlərini təhvil verəcəkdir. Ona bir həftə vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə bununla bağlı cavabdehə vaxt verməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis mayoru X1 26sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış HK-1-2888 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli “İzahat”dan görünür ki, Cavabdeh İddiaçı işlərinin görülməsi üçün 4300 manat, eyni zamanda 22 iyun 2021-ci il tarixdə 300 manat almasını qeyd etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (vəkalət alan) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən iddiaçıya məxsus evin daxilində pilləkənin yığılmasını, birinci mərtəbədə 5 ədəd ağ rəngdə yeni qapının yığılmasını, ikinci mərtəbədə 4 qapınının yenidən rənglənməsi və 1 ədəd yeni qapının düzəldilməsini öhdəsinə götürmüşdür. Lakin vəkalət alan Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ya da iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Bu halı Cavabdeh məhkəmədə ifadəsində də etiraf etmişdir. Bununla bağlı İddiaçı tərəfindən dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, o, hər hansı bir müsbət addım atmamışdır. İddiaçı iddia ərizəsində cavabdehə özünə məxsus evin daxilində pilləkənin yığılması, birinci mərtəbədə 5 ədəd ağ rəngdə yeni qapının yığılması, ikinci mərtəbədə 4 qapınının yenidən rənglənməsi və 1 ədəd yeni qapının düzəldilməsiüçün Cavabdeh ümumilikdə 4700 manat pul məbləğində mal verdiyini, cavabdehin isə aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən tələbinin əsası kimi istinad etdiyi halları cavabdeh tərəfindən yazılmış izahatla əsaslandırmağa çalışmışdır. Cavabdeh isə məhkəmə zamanı ifadəsində iddiaçıya 4600 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə pul verilmiş, cavabdeh tərəfindən isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək evin daxilində pilləkənin yığılmasını, birinci mərtəbədə 5 ədəd ağ rəngdə yeni qapının yığılmasını, ikinci mərtəbədə 4 qapınının yenidən rənglənməsi və 1 ədəd yeni qapının düzəldilməsinibarədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də cavabdeh tərəfindən etiraf edilən 4600 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi cavabdeh X2 iddiaçıya 750 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 4600 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçının iddia tələbi cavabdeh tərəfindən qismən etiraf edildiyi üçün iddia həmin hissədə təmin olunmalıdır. Həmçinin iddiaçı iddia tələbinin əsası olan 4700 (dörd min yeddi yüz) manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin əsassız varlanma ilə bağlı qanun normalarına istinad edərək cavabdehdən bu əsaslarla pulunu tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatlarından, məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi pul məbləği əslində tapşırıq müqaviləsindən gələn öhdəlikləri ilə bağlı yaranmamışdır. Bu səbəbdən Mülki Məcəllənin əsassız varlanmaya dair müddəaları tərəflər arasındakı mübahisəyə şamil edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində borc və 68 (altmış şəkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4668 (dörd min altı yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat məbləğində borc və 68 (altmış şəkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4668 (dörd min altı yüz altmış səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar