Məhkəmə qərarları › İş №2(025)-522/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-522/2021

03.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-522/2021 03.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Qəbələ Rayonu Yenikənd Bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiaçı Qəbələ Rayonu Yenikənd Bələdiyyəsinin Cavabdeh qarşı “yol yerinin açılması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qəbələ Rayonu Yenikənd Bələdiyyəsi Cavabdeh qarşı “yol yerinin açılması və maneənin aradan qaldırılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayonu Yenikənd bələdiyyəsinin mülkiyyətində olan, Cavabdeh tərəfindən zəbt edilmiş yol yerinin açılması, yol yerinə qoyulmuş setka qapının cavabdehin hesabına sökülməsi, yol yerindən istifadəyə törədilən maneələrə son qoyulması və həmin maneələrin cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh Qəbələ rayonu Yenikənd sakini Cavabdeh Qəbələ rayonu Yenikənd bələdiyyəsinin mülkiyyətində olan yol yerini bağlayaraq digər Yenikənd kəndinin vətəndaşlarının öz torpaqlarına gediş-gəlişinə maneə törədir. Belə ki, yol yerinə dəmir qapı qoymuş, həmin qapını qıfıllamış və nəticədə kənd sakinləri həmin yol yerindən istifadə edə bilmirlər. Bu barədə kənd sakinləri X1 və X3 dəfələrlə bələdiyyəyə müraciət etmişlər. Vətəndaşların bələdiyyəyə müraciəti əsasında Cavabdeh ilə dəfələrlə söhbət aparılmış və ona yol yerini açmasını bildirmişlər. Hətta bu barədə Cavabdeh rəsmi qaydada xəbərdarlıq edərək, yol yerini açmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin görülmüş bütün tədbirlər nəticəsiz qalmış, Cavabdeh yol yerini açmamışdır. Bələdiyyədə olan kənd inzibati xəritəsindən də görünür ki, sözügedən yol yeri bələdiyyənin mülkiyyətindədir və cavabdeh tərəfindən əsassız olaraq bağlanmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Yenikənd Bələdiyyəsinin 08.02.2021-ci il tarixli iclasında məsələ müzakirə olunaraq Yenikənd sakini Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək çəpərə alınmış bələdiyyə torpağının məcburi qaydada zəbtdən azad edilməsi və yol yerinin açılması üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Cavabdehi dəfələrlə qeyd olunan hərəkətlərdən çəkindirmək məqsədilə onunla söhbətlər aparsalar da nəticəsi olmamışdır. Məcbur olub yerli idarə orqanlarına müraciətlər etmişlər. Belə ki, şifahi şəkildə Polis şöbəsinə bildirsələr də, məsələnin mülki məsələ olduğu və məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Pozulmuş hüquqların məhkəmə qaydasında bərpa olunmasını istəyirəm. Məhkəmə iclasında iştirak edən iddiaçı Qəbələ Rayonu Yenikənd Bələdiyyəsinin sədri X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək ddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan 21 yanvar 2021-ci il tarixli, 65 saylı xəbərdarlıq məktubundan görünür ki, Qəbələ Rayonu Yenikənd Bələdiyyəsi vətəndaş Cavabdeh məlumat vermiş, 3 gün müddətinə yol yerinin açılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə vətəndaşa xəbərdarlıq etmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(025)-522/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 29.09.2021-ci il tarixli **********77 saylı ekspert rəyindən görünür ki, Kameral qaydada mərkəzin elektron kadastr bazasına, naturada aparılmış ölçü işlərinə və iş üzrə təqdim olunmuş sənədlərə əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. Mərkəzin elektron məlumat bazasında öz əksini tapan Qəbələ rayonu Yenikənd kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur, Yol yeri kimi nəzərdə tutulmuş ərazi Cavabdeh istifadəsindədir.

2. Qəbələ rayonu Yenikənd kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayonu Yenikənd bələdiyyəsinin mülkiyyətindədir. Ekspertiza tədqiqatının dəyəri 311 manat təşkil edir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli, 18543 saylı ödəniş qəbzindən görünür ki, 311 manat ekpertiza xərci iddiaçı Qəbələ Rayonu Yenikənd Bələdiyyəsinin sədri X6 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan torpaq sahəsi iddiaçı Qəbələ Rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətindədir. Qəbələ Rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan yol yeri olaraq nəzərdə tutulmuş torpaq sahəsini Cavabdeh zəbt edərək tor qapı qoymuşdur. Qeyd olunan torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin mülkiyyətində olan yol yeridir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqları pozulur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilməli olduğundan mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 311 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Qəbələ rayonu Yenikənd bələdiyyəsinin sədri X4 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu Yenikənd bələdiyyəsinin mülkiyyətində olan yol yerinə qoyulmuş tor qapı Cavabdeh hesabına sökülməli və törədilən maneələrə son qoyularaq yol yeri açılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. Qəbələ rayonu Yenikənd bələdiyyəsinin mülkiyyətində olan yol yerinə qoyulmuş tor qapı Cavabdeh hesabına sökülsün və törədilən maneələrə son qoyularaq yol yeri açılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 311 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Qəbələ rayonu Yenikənd bələdiyyəsinin sədri X4 ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar