Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-548/2022 23.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 333,97 AZN əsas borc, 132,86 AZN faiz borcu və 413,87 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 980,50 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 1000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 11-dək Cavabdeh banka 20 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 333,97 AZN əsas borc, 132,86 AZN faiz borcu və 827,74 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 99,8 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1394,37 AZN borcu vardır. Cavabdeh 20 avqust 2014-cü il tarixli kredit müqavilə üzrə banka olan cərimə borcu 827,74 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 413,87 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaya Etiraz: (iddia müddətinin tətbiq olunmasına dair” ərizə) xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə dəftərxana vasitəsi ilə “iddia müddətinin tətbiq olunmasına dair” ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı ASC cavabdeh kimi ona qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan İddiaçı ASC-nin xeyrinə 20 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 333,97 AZN əsas borc, 132,86 AZN faiz borcu və 413,87 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 980,50 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, kiçik iddia ərizəsində qeyd olunanlarla razı deyil və etirazını onunla əsaslandırır ki, onunla "xxxx" İKB ASC (indiki İddiaçı ASC) arasında 20 avqust 2014-cü il tarixli kredit müqaviləsi bağlanılmış və illik 30 % ödənilməsi şərti ilə 24 ay müddətinə 1000 AZN məbləğində kredit verilmişdir. Bankdan alınan kredit borcu tərəfindən ödənilmişdir, əgər kredit borcu ödənilməsəydi bank bir neçə il keçdikdən sonra deyil, vaxtında tədbir görərdi və aidiyyatı üzrə məhkəməyə müraciət edərdi. Ona görə də bankın iddia tələbi əsassızdır. Digər tərəfdən iddiaçı "xxxx" (İddiaçı) Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında 20 avqust 2014-cü il tarixli kredit müqaviləsi illik 30 %-lə 24 ay müddətinə bağlanılmışdır ki, müqavilə üzrə ödənişin son günü 20 avqust 2015-ci il tarixi olmuşdur. 20 avqust 2015-ci il tarixindən isə hal-hazırda 6 ildən də artıq vaxt keçmişdir. Ona görə də hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən təmin olunmamalı və rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə razı deyildir. Belə ki, 2018-ci il tarixdə də cavabdehə qarşı iddia ərizə ilə müraciət edilmişdir. Hesab edir ki, bu səbəbdən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq olunmasına dair ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, cavabdeh tərəfindən məhkəməyə verilmiş ərizə nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyərək, cavabdehin “iddia müddətinin tətbiq olunmasına dair” ərizəsini nəzərə alaraq və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2014-cü il tarixli 5-Y-1-0-2773-14 nömrəli Kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh illik 30 faizlə 24 ay müddətinə 1000 AZN məbləğində istehlak krediti verilmişdir. İşdə olan «xx.xx.2014-cü il tarixli 5-Y-1-0-2773-14 nömrəli Kredit müqaviləsinə 1 saylı Əlavə»nin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit vəsaitini hər ay 55,91 manat, sonuncu ay isə 56,01 manat məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.14 və 9.2-ci bəndlərinə görə, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180 % miqdarında Banka dəbbə pulu ödəməlidir. İşdə olan xx.xx.2014-cü il tarixli Kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-nin xəzinadarlığından 1000 manat məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 333,97 manat əsas, 132,86 manat faiz və 413,87 manat cərimə borcu vardır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1977-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuşdur və Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətində kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 5-Y-1-0-2773-14 nömrəli kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2016-ci il tarixdə 100 manat məbləğində ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Stanyo Belçikaya qarşı» iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bank ilə Cavabdeh ilə arasında xx.xx.2014-cü il tarixli 5-Y-1-0-2773-14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 30 (otuz) faiz ödənilməsi şərtilə 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 20 avqust 2016-ci il tarixdə bitmişdir. Borclu Cavabdeh tərəfindən xx.xx.2016-ci il tarixdən sonra ödəniş edilməmişdir. Göründüyü kimi həm cavabdehin ödəniş etdiyi tarixdən, həm də müqavilə müddətinin sonundan hesabladıqda, hər iki halda müddət keçmişdir. Beləliklə iş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış kredit müqavilələrinin icrası müddəti müvafiq olaraq 20 avqust 2016-ci il tarixdə başa çatmasına, cavabdehin də 07 sentyabr 2016-cı il tarixdən sonra hər hansı ödəniş etməməsinə və müqavilədə ayrı qayda nəzərdə tutulmamasına baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda, iddiaçının borcalanın müqavilə üzrə banka olan borcunun tələb etmək hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə müddəti bitdiyi tarixdən və son ödənişin olduğu tarixdən 5 ildən çox vaxt keçdikdən sonra, yəni 30 mart 2022-ci il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Bank xx.xx.2014-cü il tarixli 5-Y-1-0-2773-14 nömrəli kredit müqaviləsinə əsasən borc tələbini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının göründüyü kimi isə Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə zamanı verdiyi “daha əvvəllər məhkəmə iddia ərizəsi ilə müraciət edildiyi, məhkəmə tərəfindən işin baxılmamış saxlanıldığını, bu səbəbdən iddia müddətinin kəsildiyi” ifadəsinə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1-ci maddəsinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır; 379.1.2-ci maddəsinə əsasən iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda iddia müddətinin axımı dayandırılır; 379.1.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır; 379.1.4-cü ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda iddia müddətinin axımı dayandırılır; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda iddia müddətinin axımı dayandırılır; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi iddiaçı bank tərəfindən iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-548/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-548/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver