Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-560/2020 30.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1350 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, balıq alveri etdiyindən cavabdehlərlə balıq alveri vaxtı tanış olmuşdur. Üç ildən çoxdur ki, balıq alveri ilə məşğul olur. Bir gün tanışı Masallı rayonu Kolkatan kənd sakini Səxavət ona zəng edərək demişdir ki, Qəbələdən Ceyhun və Tural adlı qardaşlar balıq ticarəti ilə məşqul olmaları üçün onlara balıq verməyini xahiş etmişdir. 2019-cı ilin dekabr ayının əvvəllərində Ceyhunun istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə zəng edərək tanışlıq vermiş, balıq alması ilə bağlı aralarında olan söhbətdən sonra o, razılıq vermiş və bir gün sonra iki qardaşlar onun yanına gəlmişlər. Onlar təxminən 500-600 manat arasında ondan müxtəlif balıqlar alıb (çəki, talostov, durna) pulunu nağd vermişlər. Təxminən bir həftə sonra iki qardaş onunla əlaqə saxlayıb yenə onun yanına gəlmişlər. Bu dəfədə 500-600 manat dəyərində müxtəlif növ balıqlar alıb pulun bir qismini ödəyib, bir qismini isə borclu qalmışlar. İki-üç gün sonra poçt vasitəsi ilə Ceyhun 250 manat borcundan göndərmişdir. 2019-cu ilin dekabr ayında iki qardaş təkrar olaraq onun yanına gəlmişlər, təxminən 750 manat dəyərində pulun bir qismini ödəyib bir qismini borclu qalmışlar. Üç-dörd gün sonra Ceyhun poçt vasitəsi ilə ona 350 manat borcundan göndərmişdir. Bundan sonra 02.01.2020-ci ildə Ceyhun və Tural təkrar yanına gəlmişlər. Onlarla bir nəfərdə tanımadığı şəxs gəlmişdir. Onların deməsinə görə həmin şəxs onların xalası oğlu imiş. Dördüncü dəfə Ceyhun və Tural 1350 manatlıq (durna, sazan-çəki, belamor) balıqlar almışlar. Həmin vaxt demişlər ki, balıqları satandan sonra pulu poçt vasitəsi ilə ona göndərəcəklər. Həmin günün üstündən bir neçə gün keçsədə, Tural və Ceyhundan bir xəbər çıxmamış, ona qalan 1350 manat borclarını ödəməmişlər. Daha sonra Turalın istifadə etdiyi ***- ***-**-** və Ceyhunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrinə zəng edib pulunu istəsədə onlar müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamışlar. İki qardaş onun etibarından sui-istifadə edərək onu aldatdıqlarından onların barəsində Masallı RPŞ-nə müraciət etmiş, RPŞ-in müstəntiqinin araşdırma zamanı cavabdehlərə zəng edərək onlardan baş vermiş məsələni soruşmuş, onlarda ona 1350 manat məbləğində borcları olduğunu, lakin imkanları olmadığından pulunu qaytara bilmədiklərini demişlər. Halbu ki, onun borcunu hansısa müddətə qaytaracaqları ilə o razılaşmır. Odur ki, cavahdehlərdən 1350 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasım məhəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə 16.06.2020 və 29.06.2020-ci il tarixlərdə göndərdiyi ərizələrdə işə onun iştirakı olmadan baxılmasını, cavabdeh məhkəmə iclasına gəlmədiyi təqdirdə iş üzrə qiyabi qətnamə, cavabdeh məhkəmə iclasında iştirak etdiyi halda iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 19.06.2020-ci il tarixdə ərizə göndərərək göstərmişdir ki, İddiaçı Qəbələ rayon Məhkəməsinə müraciət edərək ondan və Cavabdeh2 müştərək qaydada 1350 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamədə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını qismən qəbul edir. Belə ki, o, İddiaçıla bir neçə dəfə balıq ticarəti etmiş və pulunu da ödəmişdir. Sonuncu dəfə isə 1000 manat dəyərində nisyə balıq götürmüş, lakin maddi ziyana düşdüyündən borcunu ödəyə bilməmişdir. İşləri ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmir. Məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin iş üzrə cavabdeh yalnız odur. Qardaşı Cavabdeh2 İddiaçı heç bir borcu yoxdur. Qətnamə qəbul edilərkən qeyd etdiklərini nəzərə almağı xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsi ilə bağlı məhkəməyə göndərdikləri rəyləri toplanmış sübutların məcmusu ilə birlikdə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı RPŞ-in İB-in müstəntiqi, polis baş leytnantı Aqşin Səfərlinin 03 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Masallı rayonu Öncəqala kənd sakini İddiaçı RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış HK-1/176 nömrəli materialın araşdırılması zamanı Cavabdeh1 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq özünün və qardaşı Cavabdeh2 izahatlarının alınması məqsədilə Masallı RPŞ-yə dəvət edilmiş, o, maddi imkanlarının olmaması səbəbindən gələ bilməyəcəyini əlavə etmişdir. Cavabdeh1 mobil telefon vasitəsilə İddiaçıla bir neçə dəfə balıq ticarəti etdiklərini və pulunu ödədiklərini, sonuncu dəfə isə 1350 manat dəyərində nisyə balıq götürdüklərini, lakin maddi ziyana düşdüklərindən borclarını ödəyə bilmədiklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Masallı Rayon icra Hakimiyyəti Başçısının Öncəqala kənd x3 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli, 171 nömrəli arayışdan görünür ki, İddiaçı Masallı rayonunun Öncəqala kənd sakinidir. İş materiallarında olan “Elektron Sistem”dən çıxarışdan görünür ki, Alıyev x2 rayonu, Gərgan kəndində anadan olmuş, Qəbələ şəhəri, H.Aslanov küçəsi, ev 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Masallı RPŞ tərəfindən verilmiş 09.03.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Masallı rayonu Öncəqala kəndində doğulmuş, Masallı rayonu, Öncəqala kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh1 iddiaçıya 1000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh1 məhkəməyə göndərdiyi ərizədə iddiaçıya 1000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddiaçı isə cavabdehlərdən 1350 manat məbləğində pul tələb etməkdədir. 03 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh1 ilə mobil telefon vasitəsilə verdiyi izahatında İddiaçı 1350 manat məbləğində nisyə balıq götürdüklərini, lakin maddi ziyana düşdüklərindən borclarını ödəyə bilmədiklərini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, 03 fevral 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən Cavabdeh1 1.350 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddiaçının Cavabdeh2 da borc tələb etməsinə məhkəmə onu qeyd edir ki, 03 fevral 2020ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh2 izahatı alınmamış, onun fikrini öyrənmək mümkün olmamışdır. Həmçinin Cavabdeh1 məhkəməyə göndərdiyi ərizədə cavabdehin yalnız o olduğunu, qardaşı Cavabdeh2 İddiaçı heç bir borcu olmadığını qeyd etmişdir. Həmçinin iddiaçı Cavabdeh2 ona borcu olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi borcun Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin əsassız varlanma ilə bağlı qanun normalarına istinad edərək cavabdehlərdən bu əsaslarla pulunu tələb etsə də, məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi pul məbləği əslində nisyə alqı-satqı müqaviləsi ilə bağlı yaranmışdır. Bu səbəbdən Mülki Məcəllənin əsassız varlanmaya dair müddəaları tərəflər arasındakı mübahisəyə şamil edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh1 aid edilməlidir. Beləliklə, məhkəmə iddianı qismən əsaslı hesab edib, Cavabdeh1 1350 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi hissəsində təmin olunması, qalan hissədə isə təmin olunmaması qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1350 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1.380,0 (bir min üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-560/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-560/2020
30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver