Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-561/2020 23.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 583 (beş yüz səksən üç) manat borc məbləğinin, 100 (bir yüz) manat hüquqi yardım üçün vəkilə və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş, cəmi 713 (yeddi yüz on üç) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Oğuz rayon Tayıflı kəndində yaşayır. Şəxsi təsərrüfatında iri buynuzlu mal-qara saxlayır. 2019-cu ilin dekabr ayının əvvəllərində təsərrüfatında bir baş erkək dana vardı. Həmin dananı satmaq istəyirdi. Bu məqsədlə müxtəlif qəssablara onda bir baş satlıq erkək dana olmasi və həmin dananı satmaq istədiyini demişdi. 2019-cu ilin dekabr ayının 11-də əvvəldən tanıdığı Qəbələ rayon Zərgərli kənd sakini Cavabdeh2 ona zəng edərək ətlik heyvan alıb kəsib satmaqla məşğul olduğunu, onda bir baş satlıq dana olması barədə eşitdiyini bildirdi, həmin dananı ona satmağı təklif etdi. Cavabdeh2 heyvanı kəsib dərhal pulunu nəqd şəkildə ödəyəcəyini dedi. O da dananı ona bazar qiymətinə satmağa razılıq verdi. 11 dekabr 2019-cu il tarixdə axşam saatlarında Cavabdeh2 Cavabdeh1 adlı şəxsi başqa iki nəfərlə birlikdə onlara göndərdi. Cavabdeh1 onların həyətdə dananı kəsib soydu, əti öz maşınına yığdı. Dananın 160 kiloqram təmiz əti oldu. Ətin hər kiloqramı 9 manat 90 qəpikdən olmaqla onlar cəmi 1580 manat ödənilməli idi. O, həmin məbləği tələb edəndə Cavabdeh1 ətin pulunu səhəri gün İnqilabın verəcəyini bildirdi. O, 3 gün ərzində dəfələrlə cavabdehlərə zəng etdi, pulunu tələb etdi, heç bir nəticəsi olmadı. 3 gün sonra o, Cavabdeh2 yaşadığı Qəbələ rayon Zərgərli kəndinə gedərək onu axtardı Həyat yoldaşı İnqilabın evdə olmadığını bildirdi. Bundan sonra o, Qəbələ şəhərinə gələrək Nəvai və inqilabı tapdı, onlardan pulunu tələb etdi. Onlar yenə pul vermədilər. bir necə dəfə Qəbələ şəhərinə gedib gələndən sonra 25 dekabr 2019- cu il tarixdə Nəvai qəbz, yazıb imza edərək verdi ki, borclu olduğu 1580 (bir min beş yüz səksən) manat pulu 29 dekabr 2019-cu il tarixdə verəcəkdir. Buna baxmayaraq həmin tarixdə də cavabdehlər ona olan borclarını ödəmədilər. Bundan sonra onlar hissə-hissə 18 fevral 2020-ci il tarixədək ona 797 manat pulu nəqd pul və ət şəklində ödədilər. 18 fevral 2020-ci il tarixdə Cavabdeh1 yeni qəbz yazaraq ona olan borcunun 783 manat olmasını öz imzası ilə təsdiq və etiraf etmişdir. Həmin tarixdən sonra da Cavabdeh1 ona 200 manat pul ödəmişdir. Hazırda cavabdehlərin ona cəmi 583 manat borcu qalmışdır. Dəfələrlə hər iki cavabdehə müraciət edərək ona olan borcları ödəmələrini tələb etmiş. Lakin cavabdehlər bu tələblərini yerinə yetirməkdən müxtəlif bəhanələri ilə yayınırlar. O, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması, hüquqi yardım və bütün məhkəmə instansiyalarında hüquqlarını müdafiə etməsi üçün vəkilə 100 (bir yüz) manat pul ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 1580 manat qarşılığında 160 kq dana əti almışdır. Ödənişin bir hissəsini ödəmişdir, qalan məbləği – 783 manatı isə ödəyəcəyinə dair 18.02.2020-ci il tarixdə yazılı qəbz vermişdir. Həmin borcdan da bir müddət sonra 200 manat ödəniş etmişdir. Qalan pulu isə həmin vaxtdan indiyə kimi vaxt keçməsinə baxmayaraq maddi vəziyyəti pis olduğundan qaytara bilməmişdir. 10 gün də vaxt verilərsə tələb olunan məbləğini ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ona satlıq danasının olduğunu bildirmiş, bu səbəbdən o bu barədə Cavabdeh1 məlumat vermişdir. O sadəcə arada vasitəçilik edib. Ondan borcun tələb olunmasına razı deyil. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ona aid olan hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Cavabdeh1 tərəfindən imzalanmış qəbzlərdən görünür ki, Cavabdeh1 İddiaçı dananı kəsərək 160 kq ət almış, bu səbəbdən 1580 manat həmin şəxsə borcludur. Bu borcu 29 dekabr 2019-cu il verəcəyinə dair vəd vermişdir. 18.02.2020-ci il tarixdə yenidən qəbz imzalayaraq 783 manat borcunun qaldığını təsdiq etmiş, həmin borcu 05 mart 2020-ci il tarixinə kimi ödəyəcəyinə dair vəd vermişdir. İşin materiallarında olan 30 aprel 2020-ci il tarixli, 246052 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə 160 kq dana ətini 1580 manat qarşılığında satmış, Cavabdeh1 qeyd edilən puldan 797 manat ödəmiş, qalan 783 manat pulu isə yaxın zamanda ödəyəcəyi ilə bağlı vəd vermiş, bu barədə cavabdeh tərəfindən iddiaçıya yazılı surətdə qəbz verilmişdir. Sonradan 200 manat ödəniş etsə də qalan məbləğ hələ də ödənilmədən qalmaqdadır. Cavabdeh1 həmin qəbzin ona məxsus olmasını təsdiq edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etmədiyinə görə cavabdehdir və qeyd olunan məbləğdəki pul ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh2 qarşı yönələn hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. İş üzrə yeganə sübut olan qəbzlər Cavabdeh2 tərəfindən imzalanmamış, yəni o, borc pulla bağlı üzərinə öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 583 manat əsas borc, 100 manat vəkil xidməti üçün ödənilmiş pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 713 (yeddi yüz on üç) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 583 manat əsas borc, 100 manat vəkil xidməti üçün ödənilmiş pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 713 (yeddi yüz on üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-561/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-561/2020
23.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver