Məhkəmə qərarları › İş №2(025)-578/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-578/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-578/2021 27.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmək haqqı” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında şifahi qaydada bağlanmış əmək müqaviləsinə əsasən ödənilməmiş 900 (doqquz yüz) manat və 30 manat dövlət rüsmunun cavabdehdən tutularaq ona verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2020-ci il tarixdə Cavabdeh ona müraciət edərək ona məxsus mal-qaranın otarılmasını təklif etmiş və bunun qarşılığında hər ay ona 200 azn verəcəyini bildirmişdir. Maddi imkanının zəif olması səbəbi ilə cavabdehin təklifini qəbul etmişdir və xx xxx 2020-ci il tarixdən etibarən cavabdehə məxsus mal-qaranın otarılması işi ilə məşğul olmuşdur. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh hər ay ona gördüyü işin müqabilində 200 azn ödəməli olsa da, lakin cavabdeh bunu etməmiş və bu zamana kimi toplam 300 azn ödəniş etmişdir. Buna əsasən hazırda cavabdehin 900 azn borcu yığılmışdır. Yaranmış borcla bağlı dəfələrlə cavabdehə iradını bildirərək əmək haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh isə hər dəfəsində yaranmış əmək haqqı borcunu qısa zamanda ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh heç bir ödəniş etməmişdir. Buna əsasən xx xxxxxx 2020-ci il tarixdə cavabdehlə aralarında olan razılaşmanı bitirərək işdən ayrılmışdır. İşdən ayrıldıqdan sonrada dəfələrlə cavabdehə müraciət edərək borcunu ödəməsini tələb etmişdir. Lakin bu səfərdə cavabdeh müraciətlərinə müsbət cavab verməmiş və əmək haqqını ödəməkdən boyun qaçırmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehdən pulun tutulmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı onun həmkəndlisidir. Əvvəl işlədiyi Neman adlı şəxsin yanından 2020-ci il mayın 23-də ayrılmış və mayın 28-də onunla razılaşmışdır. 2020-ci ilin iyun ayının 1-dən də onunla işləməyə başlamışdır. 5 ay onun yanında işləmiş və hər ayda 200 manat maaşını vermişdir. Onunla danışmışdır ki, dağa çıxanda hər ay 200 manat verəcəkdir, dağdan düşəndə isə onluq deyildir. 3 ay ərzində ümumilikdə 600 manat pulu onun həyat yoldaşı, iddiaçının həyat yoldaşına vermişdir. O, həmin vaxt dağda olmuşdur. Dağdan düşəndən sonra 150 manat sentyabr ayında, 100 manat da oktyabr ayında pul vermişdir. Oktyabr ayında da ona demiş ki, noyabrdan öz qardaşı ilə işləyəcəkdir. Hər ay da verdiyi puldan əlavə də, müalicə xərclərində, evinə ərzaq almaqda ona köməklik etmişdir. Odur ki, Cavabdeh məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Yoldaşı ilə cavabdeh arasında olan mübahisəni sonradan bilmişdir. O, heç kimdən pul almamışdır və ona heç kim pul verməmişdir. Cavabdehin yoldaşın tanısa da, ondan pul almamışdır. Məhkəmə iclasında Şahid1 şahid qismində ifadə verərək bildirmişdir ki, Cavabdeh onun həyat yoldaşıdır. Yoldaşı ilə iddiaçı arasında mübahisə olmamışdır. Nadir onlarda 5 ay işləmişdir. 5 ay hər ay 200 manat pulu Nadirin yoldaşına evlərində vermişdir. Ümumilikdə iddiaçının arvadına 1000 manat pul vermişlər. Məhkəmə iddiaçının, cavabdehin, şahidlərin izahatlarını və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Laza kənd İƏD tərəfindən verilmiş 07 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Qəbələ rayon Laza kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1969-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehxx.xx.1975-ci il tarixdə Qəbələ rayonu Laza kəndində doğulmuş, Qəbələ rayonu Laza kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsindir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinin mənasına görə müqavilə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya görə iddiaçı cavabdehə məxsus mal-qaranın otarılması öhdəliyini öz üzərinə götürmüş, cavabdeh isə bunun müqabilində ona hər ay 200 manat əmək haqqı verməyi öhdəsinə götürmüşdür. İşin bu halını məhkəmə araşdırılması zamanı Cavabdeh etiraf etmişdir. İddiaçı cavabdehin bu zamana kimi ona 300 manat ödədiyini, qalan 900 manat pulunu qaytarmadığını, qalan pulun ödənilməsini dəfələrlə cavabdehdən tələb etməsinə baxmayaraq sonuncunun həmin pulu qaytarmadığını, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini bildirir. Buna görə də İddiaçı ödənilməmiş qalan pulun alınması məqsədi ilə Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Cavadeh isə iddiaçının cəmi 5 ay işlədiyini, buna görə də hər ay 200 manat pulun iddiaçıya ödənilməsini bildirmişdir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində ona məxsus mal-qaranın otarılması müqabilində hər ay 200 manat məbləğində pulu (əmək haqqını) İddiaçı verməli olmasını və iddiaçının ona məxsus mal-qaranı 5 ay ərzində otarmasını etiraf etmişdir. Сavabdeh Cavabdeh ona məxsus mal-qaraya baxmaq müqabilində üzərinə götürdüyü öhdəliyi, yəni 1000 (bir min) manat pulun iddiaçıya ödənildiyini göstərsə də, ödənişlərin aparılmasına dair heç bir sübutu (ödəniş edilməsi barədə iddiaçının ona yazdığı və ya pul banderollarının göndərilməsinə dair poçt, bank qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh və onun həyat yoldaşı Şahid1 məhkəmə iclasında bir-birinə uyğun olmayan ifadələr vermişlər. Belə ki, cavabdeh ilkin məhkəmə baxış iclasında həyat yoldaşı Şahid1 pulu 3 dəfə, hər dəfəsində 200 manatla olmaqla ümumilikdə 600 manatını iddiaçının həyat yoldaşına verdiyini, qalan pulu isə özünün verdiyini bildirmişdir. Lakin digər məhkəmə baxış iclasında cavabdeh və onun həyat yoldaşı Səbirə 1000 manat pulun hamısının sonuncu tərəfindən iddiaçının həyat yoldaşına verdiklərini bildirmişlər. Göründüyü kimi cavabdeh məhkəmə iclasında hər dəfə fərqli izahatlar vermişdir. İddiaçının və cavabdehin məhkəməyə gətirdiyi şahidlərin verdikləri ifadələrə dair məhkəmə qeyd edir ki, həmin şahidlərin Cavabdehvə İddiaçı ilə qohumluq (həyat yoldaşı) münasibətlərində olmaları nəzərə alınaraq şahid ifadələrinə təndiqi yanaşılmalı və buna görə də bu ifadələr mötəbər sübut olaraq qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya 5 ay ərzində 1000 manat ödəməli olduğunu etiraf etmiş, lakin ödənişlərin edilməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehin malqarasını 6 ay ərzində otardığını, hər aya görə cavabdehin ona 200 manat ödəməli olduğunu, cavabdehin tərəfindən ona cəmi 300 manat ödənildiyini bildirmişdir. Cavabdeh isə iddiaçın ona məxsus mal-qaranı 5 ərzində otardığını etiraf etmiş və iddiaçı bunun əksini sübut edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə zamanı tərəflərin izahatına əsasən iddiaçının cavabdehə məxsus mal-qaranı 5 ay otarması müəyyən olunduğundan, hər aya görə iddiaçıya 200 manat ödəməli olunduğundan və iddiaçının cavabdehin ona 300 manat ödəməsini etiraf etdiyindən iddiaçıdan 700 (5x200=1000; 1000-300=700) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə sübut olunmadığından təmin edilməməlidir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar