Məhkəmə qərarları › İş №2(025)-620/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-620/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-620/2021 10.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 BOKT “xxxx” MMC-nin xeyrinə 2271.92 manat əsas, 45.73 manat faiz borcu və 0.24 manat cərimə olmaqla cəmi 2317.89 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin və 0.40 manat həcmində bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.06.2021-ci il tarixdə iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X3 iddianın azaldılması ilə bağlı məhkəmə ərizə təqdim edərək borclular Cavabdeh1 və Cavabdeh2 BOKT “xxxx” MMC-nin xeyrinə 2184.10 manat əsas, 33.55 manat faiz borcu və 0.24 manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin və 0.40 manat həcmində bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT “xxxx Azərbaycan” MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin belli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 30.09.2019-cu il tarixli 9633/7 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2766.73 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 30.09.2019-cu il tarixli 9633/7 saylı kredit (restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2766.73 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2766.73 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda 30.09.2019-cu il tarixli 9633/7 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin kredit verənin qarşısında Borcalanın 9633/7 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin Borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə “xxxx Azərbaycan” MMC-nə 2271.92 manat əsas və 45.73 manat faiz borcu və 0.24 manat cərimə borcu olmaqla cəmi 2317.89 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT “xxxx” MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən BOKT “xxxx” MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, onun ilə iddiaçı BOKT “xxxx” MMC arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2766.73 manat kredit almışdır. Bir müddət ödənişləri həyata keçirmişdir. Sonradan isə pandemiya dövrünə görə maddi imkanı aşağı olduğundan ödənişləri həyata keçirə bilməmişdir. Odur ki, cavabdeh X2 məhkəmədən iddia tələbini qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən etiraf edərək göstərdi ki, BOKT “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Muxtar 2766.73 manat kredit almışdır. Həmin tarixdə o bankla Muxtarın öhdəliklərinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Odur ki, Cavabdeh2 məhkəmədən iddia tələbini qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 30 sentyabr 2019-cu il tarixli 9633/7 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən BOKT “xxxx” MMC tərəfindən Cavabdeh1 illik 1 faizlə 60 ay (1 il güzəşt olunmaqla) müddətinə 2766.73 manat məbləğində güzəştli kredit verilmişdir. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli 9633/7 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 30 sentyabr 2019-cu il tarixli 9633/7 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli 9633/7 nömrəli kredit müqaviləsi üzrə Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 2766.73 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə aylıq 47.29 manat, sonuncu ay isə 47.54 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 sentyabr 2019-cu il tarixli 9633/7 nömrəli kredit müqaviləsi üzrə 12 mart 2021-ci il tarixə 2271.92 manat əsas, 45.73 manat faiz, 0.24 manat cərimə borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, BOKT “xxxx” MMC iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 kredit müqaviləsi üzrə ödəniş etmiş, onun 30 sentyabr 2019-cu il tarixli 9633/7 nömrəli kredit müqaviləsi üzrə 31 may 2021-ci il tarixə 2184.10 manat əsas, 33.55 manat faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, 31 may 2021-ci il tarixə Cavabdeh1 əsas borcu 2184.10 manat, faiz borcu 33.55 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 2184.10 manat və faiz borcu üzrə 33.55 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 0.24 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Həmçinin, əsas borcun və faizin tutulması ilə yanaşı, 0.24 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2184 manat 10 qəpik əsas borc, 33 manat 55 qəpik faiz borcu və 24 qəpik cərimə borcu olmaqla, cəmi 2217 manat 89 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2184 manat 10 qəpik əsas borc, 33 manat 55 qəpik faiz borcu və 24 qəpik cərimə borcu olmaqla, cəmi 2217 manat 89 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı BOKT “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar