Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-623/2021 25.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********61 olan, qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi 18.09.2019 olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesrindən “Çıxarış”la mülkiyyətinə verilmiş 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yaşayış məntəqəsinin torpaqlarında sahibkarlıq məqsədilə Qəbələ Regional “Asan xidmət” mərkəzinin notariat ofisində Daşınmaz əmlakın 16.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,016 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi 18.09.2019-cu il tarixdə ********** Qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət qeydiyyatına alınmaqla hüquq sahibi olaraq adına çıxarış hazırlanıb verilmişdir. Bundan əlavə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən həmin əraziyə dair 18.09.2019-cu il tarixdə A №417437 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq verilmişdir. Qeyd olunan avtomobillərə texiki xidmət üçün əldə etdiyi və qanuni əsaslarla mülkiyyətimdə olan 0,016 ha torpaq sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Belə ki, Qəbələ rayonununun Nic qəsəbə sakinləri Cavabdeh1 və X1 tərəfindən əraziyə tikinti materiallarının gətirilməsinə, ustaların işləməsinə onlara hədə-qorxu gəlməklə imkan verilmir. Dəfələrlə yerli idarə orqanlarına müraciət etsə də nəticəsi olmayıb. Məcbur olub Dövlət Reystrindən “Çıxarış”a əsasən mülkiyyətimdə olan 0.016 ha torpaq sahəsinin sərhədlərinin konktet olaraq yerində tanıdəlması ilə bağlı ƏMDX-nin yanında DƏDDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə 12.03.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 15.03.2021-ci il tarixli məktubla bildirmişdir ki, ərazidə mübahisə olduğundan torpaq sahəsi üzərində sərhəd tanıtma işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə cavbdehlərin qanunsuz olaraq mülkiyyətində olan 0,0016 ha torpaq sahəsi üzərində iş aparmağa maneələr törətmələrinin qarşısını almaq və belə məsələlərə son qoymaq məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, Mübahisəli torpaq sahəsi onun yol yeridir. Həmin torpaq sahəsinin nə vaxt satılması ona bəlli deyil. İddiaçı məhkəməyə təqdim etdiyi sənəd qanunda nəzərdə tutulmuş qaydada verilməmiş, Yuriyə satılan mübahisəli torpaq sahəsi düzgün satılmamışdır. Reyestr idarəsinin nümayəndələri əraziyə gələndə onun xəbəri olmamışdır. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı zəbt etdiyi torpaq sahəsi onun sexinin qabağıdır. Köhnə bələdiyyə əraziyə gəlib ona bildirmişdir ki, həmin ərazidə sex tikilməlidir. Sonradan həmin bələdiyyə sədri rəhmətə getmişdir. İddiaçı gəlib sexin qabağında yerləşən torpaq sahəsini zəbt etdi və yolu bağlamışdır. Həmin torpaq sahəsində tikinti aparılarsa onun sexinin qabağı bağlanır, həmçinin bu zaman digər cavabdeh Əjdərin isə yol yeri bağlanır. Mübahisəli torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən ilk növbədə ondan və Əjdərdən razılıq əldə olunmalı idi. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********61 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0.016 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ 18.09.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61 nömrəli Çıxarışına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı xüsusi mülkiyyətndə olan 0.0160 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahələrində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi?
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.08.2021-ci il tarixli **********09 saylı mütəxəssis rəyindən görünür ki, **********61 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində X3 xüsusi mülkiyyətində olan 0,0160 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır.
2. Torpaq sahəsinə baxış zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmişlər ki, X3 xüsusi mülkiyyətində olan 0,0160 ha torpaq sahəsində hər hansı bir tikinti işi apardığı təqdirdə tərəfimizdən ona maneələr yaradılacaq. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,016 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019-cu il) əsasən iddiaçının mülkiyyətindədir. Cavabdehlər qeyd olunan əraziyə tikinti materiallarının gətirilməsinə, ustaların işləməsinə imkan verməyərək, iddiaçının torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Hazırda iddiaçı Qəbələ rayon Nic qəsəbəsində ona məxsus 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulması tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdehlər tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019-cu il) əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d i:
İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına (reyestr nömrəsi – **********61; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 18.09.2019-cu il) əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən İddiaçı tam mülkiyyətində olan 0,016 ha torpaq sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elman İsayev