Məhkəmə qərarları › İş №2(025)-624/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-624/2021

21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-624/2021 21.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3512 (üç min beş yüz on iki) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2020-ci ildə saat 17 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən 74-cü kilometrliyində hərəkətdə olarkən idarə etdiyi Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi Cavabdeh idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı həm sağlamlığına, həm də motosikletinə ziyan dəymişdir. Sağlamlığa dəymiş ziyan qismən də olsa sığorta tərəfindən qarşılanmışdır. Lakin motosiletə dəymiş ziyan bu günə qədər Cavabdeh tərəfindən ona ödənilməmişdir. Həmin yol nəqliyyat hadisəsindən sonra Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Qəbələ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 1(025)-8/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Hökmün elan olunmasından bir aydan çox vaxt keçməsinə baxmayaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş, hökm öz qanuni qüvvəsini almışdır. Sözügedən hökmdə olan izahatdan da görünür ki, Cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilmədiyi, onun səhhəti ilə maraqlanmadığı üçün ona ağır cəza verilməsini xahiş etmiş və aralarında barışıq olmamışdır. Hökmdə göstərilmişdir ki, “İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 20.10.2020-ji il tarixli məktubdan məlum olur ki, Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə 3512 (üçmin beş yüz oniki) manat ziyan dəymişdir.” Hesab edir ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli olmuş və bunun nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilmişdir. Bu səbəbdən ona məxsus Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş ziyan, yəni 3512 (üç min beş yüz on iki) manat Cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı maddi ziyan tələbinə dair iddiasını qəbul etmir. İddiaçının ondan qeyd olunan məbləğdə ziyanın ödənilməsinin tələb etməsini əsassız hesab edir. Belə ki, onun avtomobili sığortalıdır və yolnəqliyyat hadisəsindən sonra, o, sığorta şirkətinə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Sığorta şirkətinin əməkdaşları ona bildirdilər ki, onlar Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçimiş, müəyyən etmişlər ki, motosikletə az miqdarda ziyən dəymişdir. Həmin məbləği ödəmək istəsələr də iddiaçı buna razı olmayıb. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən 20 oktyabr 2020-ci il tarixdə verilmiş 20/89 saylı arayışdan görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında 12.03.2019-cu ill tarixli MK/033-2019 saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. 20 oktyabr 2020-ci il tarixdən etibarən alıcı İddiaçı MK/033-2019 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə borcu yoxdur, öhdəlik tam olaraq yerinə yetirilib. İddiaçı tərəfindən motosikletin dəyərini tam ödədiyinə görə, məhkəmədə və istintaq prosesində zərər çəkən kimi tanınmasına etiraz edilmir. İşdə olan "xxxx" MMC tərəfindən 16 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş 16 saylı qiymətləndirmə aktından görünür ki, “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş zərərin ümumi məbləği 3512 (üç min beş yüz on iki) manat təşkil edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-8/2021 saylı 15 fevral 2021-ci il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli 9/4513 saylı rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Mondial 150 Z- ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı, 2018-ci il buraxılışlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3206 (üç min iki yüz altı) manat müəyyən olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosiklet üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 15 sentyabr 2020-ci il tarixdə yol hərəkətinin qaydalarını pozaraq idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçıya məxsus olan “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuşdur. Hadisə zamanı “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “Mondial 150 Z-ONE” markalı, 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin dəyişməli hissələrinin qiyməti 3006,0 manat, təmir-bərpa işlərinin qiyməti 200,00 manat olduğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə iclasında iddiaçı 3512 (üç min beş yüz on iki) manat məbləğində zərər dəydiyini iddia etsə də bu tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli cavabdeh Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3206 (üç min iki yüz altı) manat tutulmalıdır. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 3206 (üç min iki yüz altı) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 3236 (üç min iki yüz otuz altı) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar