Məhkəmə qərarları › İş №2(025)-63/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-63/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-63/2023 08.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeḣ oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeḣ oğlunun və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeḣ oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeḣ oğluna qarşı "pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 5360 manat və ödədiyi 85 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən 2011-ci ildə 1600 manata 0,80 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Bum qəsəbəsinin ərazisi olsa da yaşadığı Uludaş kəndinin yaxınlığındadır. Torpaq sahəsini aldıqdan sonra oranı daşdan (daşlıq sahəsi olduğu üçün) təmizləmiş, bütün torpaq sahəsinə peyin vermiş, kənarına çəpər (hasar) çəkmiş və orada meyvə ağacları əkmişdir. Daşlıq yer olduğuna görə su arxı çəkmiş və ağaclar inkişaf etsin deyə mütəmadi olaraq sulamışdır. Bağın kənarının hasarlanması, sulanması, peyin verilməsi və digər işlərə 640 manat vəsait xərcləmişdir. Aldığı 0,80 ha torpaq sahəsinə 60 topa fındıq, 6 ədəd alma ağacı, 1 ədəd qoz ağacı, 1 ədəd şabalıd, 5 ədəd alça ağacı, 1 ədəd heyva ağacı, 1 ədəd şaftalı ağacı və 1 ədəd əzgil ağacı əkib bar verənə qədər qulluq edib yetişdirmişdir. Qeyd edir ki, əkdiyi 60 topa fındıq ağacının 5 topası urumuş, 20 topası yaxşı, 25 topası orta, 10 topa fındıq ağacı isə zəif inkişaf etmişdir. İnkişafı yaxşı olan 20 topa fındığa 1200 manat, orta səviyyədə inkişaf etmiş 25 topa fındığa 1000 manat, inkişafı zəif olan 10 ədəd fındıq topasına isə 200 manat-cəmi 2400 manat xərc çəkmişdir. Bar verən 6 ədəd alma ağacına çəkilən xərc 180 manat, bir ədəd qoz ağacına 60 manat, bar verən 1 ədəd şabalıd ağacına 70 manat, 3 illik 8 ədəd qoz ağacı 120 manat, bar verən 4 əd. şabalıd ağacı 80 manat, bar verən 5 ədəd alça ağacı 125 manat bar verən 1 ədəd ağacı 25 manat, bar verən 1 ədəd şaftalı ağacı 30 manat və bar verən 1 ədəd əzgil ğacına 30 manat - cəmi 720 manat xərc çəkilmişdir. Bağın salınmasına, meyvə ağaclarının əkilməsinə və qulluq ediməsinə çəkilən xərcləri müəyyən etmək üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X13 mərkəzinə müraciət etmiş, çəkilən xərclərin qiymətləndirilməsi X14 Mərkəsinin 11 oktyabr 2022-ci il tarixli, MİHO/1.2.47- -2022-12 saylı məktubuna əsasən müəyyən edilmişdir. Cəmi görülən işlərə 3760 manat xərc çəkmiş və üstəlik cavabdehə 1600 manat nəğd pul vermişdir. 1600 manat pulu Uludaş kənd sakinləri X2 və X1 yanında vermişdir. Bu barədə Qəbələ rayon Polis Şöbəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdehin ona satdığı torpaq sahəsi Bum Bələdiyyəsinə məxsusdur. Bu zaman bilmişdir ki, cavabdeh ona qarşı dələduzluq etmiş və nə üçün torpağın sənədləşdirilməsindən müxtəlif bəhanələrlə boyun qaçırırmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərər çəkmişdir. Cavabdehin həmin torpaq sahəsini ona satması, uzun müddət dözümlülük göstərməsi bir daha onu təsdiq edir ki, aralarında razılaşma olmuşdur, əgər o vaxt cavabdeh bildirsəydi ki, torpaq sahəsi onun mülkiyyətində deyil həmin torpağı almazmış və o qədər xərc çəkməzmiş. 24 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Qəbələ rayon Bum bələdiyyəsi cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeḣ oğlu iddia tələbini qəbul etməyərək, təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək, göstərmişdir ki, iddiaçıya heç vaxt torpaq satmamışdır. Onu Bum qəsəbəsinin ərazisində iddiaçının yaşadığı Uludaş kəndi ilə qonşuluqda təxminən 0,80 ha istifadəsində torpaq sahəsi var. Həmin torpaq sahəsini ailə üzvülərilə birlikdə daşdan, kol-kosdan təmizləmiş, içərisinə peyin səpmişdir. Torpaq bağ ücün yararlı vəziyyətə düşdükdən sonra oraya müxtəlif cinsdən olan meyvə ağacları əkmişdir. Həmin ağaclar normal inkişafa başlayanadək qulluq etmişdir. Sahə yaşadığı evdən uzaq olduğuna görə İddiaçı bildirdi ki, bu sahəyə ancaq malqaradan qorusun ağacları mal-qara yeməsin, zədələməsin. Özü isə bağı olaraq əraziyə baş çəkmişdir. Həmin sahə 1995-ci il tarixdə “Şahdağ” kolxozu idarə heyətinin qərarı ilə mərhum anası Hacıyeva Yasəmənə 0,10 ha ölçüdə həyatyanı sahə kimi verilmişdir. 1995-ci il tarixdən həmin 0,10 ha sahədə və onun ətrafında çalışaraq ərazinin yuxarıda qeyd etdiyi kimi kol-kosdan təmizlənməklə bağ formasına salmaqla içərisində aşağıdakı sayda ağaclar əkilmişdir. Fındıq 127 topa, 8 ədəd müxtəlif alma ağacları, 4 ədəd qoz ağacı, 3 ədəd şabalıd ağacı, 6 ədəd alca ağacı, 3 ədəd hayva ağacı, 2 ədəd şaftalı, 1 ədəd əzgil ağacı, 4 ədəd isə gavalı ağacı əkilmişdir. Ərazi bağ formasına düşdükdən sonra təxminən 2017-ci il qonşu Uludaş sakini X5 müvəqqəti istifadəyə vermiş, şərtləri belə oldu ki, otunu bicib aparacaq, kol-kosu təmizləyəcək. Ancaq 2021-ci ilin təxminən mart ayında iddiaçiya bildirdi ki, torpaq sahəsindən özü istifadə edəçək. Bunun səbəbi onun məlumatı olmadan sahəni bir tərəfinin 1,5 metr dərinliyində kanal qazdırması olmuşdur. Hiss etdi ki, iddiaçı zəbt etmək istəyir. İddiaçının ərazidə kanal qazmaması tələbinə baxmayaraq sahəni boşaltmamış, qanunsuz qazılan kanalı doldurmaması, səbəbindən aralarında narazılıq yaranmış, torpaq sahəsini boşaldılması tələb olunmuşdur. Bum bələdiyyəsinin müraciəti əsasında AR-sı İqtisadiyyatı Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçı tərəfindən torpaq sahələrinin zəbt olunmasına dair material tədbir görülməsi ücün DİN-nin rəhbərliyinə göndərilmiş, araşdırmanın aparılması Qəbələ PŞ-nin təhqiqat bölməsinə tapşırılmış və araşdırılma aparılmışdır. Torpaq sahəsinin Bum bələdiyyəsinə aid olduğu istifadəçinin özü olduğu, heç bir hüquqi sənədə malik olmadığı, həmin sahəninn 1995-ci il tarixdə anası Yasəmən Hacıyevaya “Şahdağ” kolxozunun xx.xx.1995-ci il tarix 4№li ümumi yığıncağının qərarına əsasən verilmişdir. Bu fakt xx.xx.1995-ci il tarixdə “Şahdağ” kolxozunun vəzifəli şəxslərinin tərtib edəcək imzaladığları möhürlə təsdiqlənmiş akt ilə təsdiq olunur. Polis araşdırması zamanı torpağ sahəsnin istifasində olduğu, kənarlarını tərəfindən hasarlandığı, sahənin 1990-cı ilin ortalarından tərəfindən istifadə olunduğu, 2017 ci ildə həmin sahəsinin onun razılığı ilə iddiaçıya istifadə ücün verdiyi təsdiq olunmuşdur. Torpaq sahəsinin iddiyaçıya 1600 manata satılması ilə bağlı xüsusat isə araşdırma zamanı öz təsdiqini tapmamışdır. İddiaçının iddia ərizəsində göstərildiyi X17 inkişaf Mərkəzinin xx.xx.2022-ci il rəyinə əsasən görülən işləri qiymətləndirməklə ondan çəkilən xərcə görə 3760 manat məbləğində pul tələbi tam əssasızdır. Əraziyə bir manatda olsun xərç çəkilməyib, qulluq göstərilməyib, əksinə zəhmətsiz gəlir götürüb. Torpaq sahəsini iddiaçıya 2011-ci ildə yox 2017-ci ildə vermişdir. Həmin dövrdə sahədə 15 il əvvəl əkdiyi ağaclar artıq kök tutaraq tam inkişaf dövründə olmuşdur. Ancaq mal-qaradan qorunmasına ehtiyac var idi. Razılığımızda mal-qaradan qorunmaq əvəzində otunu biçib aparmaq olub. Sahədə əkilən ağacların hər birini özü və ailəsi tərəfindən 1990-cı ilin sonlarında və sonrakı illərdə əkilib və qulluq olunub. İddiaçı sahənin istifadəsindən uzaqlaşdırıldığından sonra zəhmətsiz gəlir əldə etmək məqsədi ilə hazırki saxta iddianı məhkəməyə təqdim etmişdir. Əmindir ki, məhkəmə iddia tələbini araşdırarkən etirazına əlavə etdiyi Qəbələ PŞ-nin xx.xx.2021-ci il tarixli rədd qərarından X16 İnkişaf Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/1.2.47- 2-2022-33 saylı məktubundan Qəbələ Bum bələdiyyəsinin xx.xx.2022- ci il tarixli 75 saylı arayışından keçmiş “Şahdağ’’ kolxozunun vəzifəli şəxslərinin xx.xx.1995-ci il tarixdə tərtib olunmuş aktından istifadə edərək, həmin sənədlərə hüquqi qiymət verməklə ədalətli qərara çıxaracaqdır. Sonda isə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Bum bələdiyyəsinin nümayəndəsi – sədri X3 izahatında göstərmişdir ki, Bum bələdiyyəsinə məxsus torpaq sahələrinin bir qisminin Bum qəsəbəsində, bir qisminin isə Qəbələ rayon Uludaş kəndinin yaxınlığında yerləşir. Qəbələ rayon Uludaş kəndi yaxınlığında yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bir qisminin, yəni 80 sot hissəsinin uzun illər əvvəl, yəni 1990-cı illərdə Qəbələ rayon Bum qəsəbə sakini Cavabdeh tərəfindən zəbt edilərək kənarları hasarlanmışdır. Təxminən 2017-ci ildən etibarən sözü gedən Bum bələiyyəsinə məxsus 80 sot ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. İddiaçı sözü gedən torpaq sahəsinin bir kənarını, təxminən 70 metr hissəsini ekskovator vasitəsilə təxminən 1 metr dərinliyində kanal qazdırmışdır. İddiaçı bir kənarını kanal qazdırdığı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirsə də, onun torpaq sahəsinin kənarlarını açmamış, eləcə də qazdığı kanalı doldurmamışdır. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmişdir. Müvafiq araşdırma aparılmış və nəticədə polis tərəfindən qərar qəbul edilmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsi Bum bələdiyyəsinin mülkiyyətindədir. Nə iddiaçının, nədə ki cavabdehin həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Hesab edir ki, gələcəkdə bələdiyyə tərəfindən hər iki vətəndaş barədə ölçü götürüləcək, lazımi tədbirlər görüləcək, əks halda müvafiq hüquq mühafizə orqanlara müraciət ediləcək. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında izahatı alınmış mütəxəssis X6 vermiş olduğu rəyi təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilərkən, torpaq sahəsinə aid olan hər hansı bir hüquq müəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Bum bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir; 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Fərid Nizamlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinin başlanması rədd edilmiş və İddiaçı lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etdiyi üçün onun əməlində AR İXM-in 228-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qəbələ X13 Mərkəzi tərəfindən Qəbələ Rayon Vəkillər bürosunun vəkili Vəkil1 oğluna ünvanlanmış 11 oktyabr 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, həmin 0,80 hektar torpaq sahəsinə baxış keçirildikdə məlum oldu ki, bağ sahəsinin ətrafı hasarlanmış, bağdakı fındıq topalarının və digər meyvə ağaclarına bütün qulluq işləri görülmüşdür. Bağın kənarının hasarlanması, sulanması, peyin verilməsi və digər işlərə təxminən 640 manat vəsait xərclənmiş ola bilər. Bağda olan ağacların qiymətləndirməsini nəzərə alasaq 60 ədəd fındıq topasından 5 ədədi qurumuş, 20 ədədi yaxşı, 25 ədədi orta, 10 ədədi isə zəifdir. Yaxşı olan 20 ədəd fındıq topasını 60x20=1200 manat, 25 ədəd orta fındıq topasını 25x40=1000 man, 10 ədəd zəif fınıdq topasını 20 manat olmaqla 20x10=200 man cəmi, 2400 manat olar. Digər meyvə ağaclarının bazar qiymətinə nəzərən qiymətləndirilməsi aşağıdakı kimi olar. Alma bar verən 6 ədəd x 30 man = 180 manat, qoz ağacı bar verən 1 ədəd 60 manat, şanbalıd ağacı bar verən 1 ədəd 70 manat, qoz ağacı 3 illik, 8 ədəd x 15 man = 120 manat, şabalıd ağacı 4 ədəd bar verən x 20 = 80 manat, alça ağacı 5 ədəd x 25=125 manat, heyva 1 ədəd x 25 = 25 manat,şaftalı 1 ədəd x 30 = 30 manat,əzgil 1 ədəd x 30 = 30 manat cəmi meyvə ağaclarının dəyəri təxminən 720 manat olar. İddiaçı istifadəsində olan 0,80 hektar torpaq sahəsindəki meyvə ağaclarının, bağının kənarının hasarlanması və bağda görülən işlərə cəmi 3760 (üç min yeddi yüz altmış manat) vəsait xərclənə bilər. İşdə olan 19 dekabr 2022-ci il tarixli aktdan görünür ki, “Biz aşağıda imza edənlər: Uludaş kənd sakinləri Qasımov Rizvan, Mursalıyev Tofiq, Ağammədov İlham, Mursalıyev Fəryaz, Hacıyev Arzu, Mursalıyev Cavad, Rəsulov Faiq, Abduxalıqov Qədim, Ağammədov Yəhya, Fərzəliyev Misir, Rəsulov Vahid, Ağammədov Qaradağlı və Ağammədov Ramin yoldaşların iştirakı ilə tərtib edirik həmin aktı ona görə ki, Uludaş kənd sakini Cavadov X4 sakini Cavabdeh 2011-ci ildə torpaq sahəsi aldıqdan sonra həmin torpaq sahəsinin ətrafını çəpərləmiş, daşlardan təmizləmiş, su arxı çəkmiş, xərc çəkərək oraya peyin gətizdirib tötmüş və orada çoxillik meyvə ağacları əkib becərmişdir. Hazırda həmin meyvə ağacları bar verməyə başlamışdır. Ona görə də aktın doğruluğunu imzalarımızla təsdiq edirik.” Məhkəmənin sorğusuna əsasən Qəbələ Rayon Polis Şöbəsindən əldə edilmiş 565 saylı rədd materialından məlum olmuşdur ki, araşdırma aparılarkən müəyyən olundu ki, 1990-cı ilin ortalarından etibarən Qəbələ rayon Bum bələsiyyəsinə məxsus ümumi istifadə üçün nəzərdə tutulmuş 80 sot torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək kənarları hasarlanmış, 2017-ci ildə isə torpaq sahəsini Cavabdeh razılığı ilə İddiaçı istifadə etməyə başlamış, 2021-ci ilin iyun ayının ortalarında sonuncu tərəfindən sözü gedən torpaq sahəsinin bir hissəsinin kənarında 80 metr uzunluğunda, 90-100 sm enində və dərinliyində kanal qazılmış, Cavabdeh torpaq sahəsini İddiaçı 1600 manata satması ilə bağlı xüsusat isə öz təsdiqini tapmamışdır. Belə olan halda Cavabdeh Qəbələ rayon Bum bələdiyyəsinə məxsus 80 sot torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutduğu üçün onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərədə tutulmuş cinayətin tərkib əlamətləri olmasına baxmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Lakin İddiaçı bələdiyyə mülkiyyətində olan toıpaq sahəsində 80 metr uzunluğunda 90-100 santimetr enində və dərinliyində kanal qazaraq lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etdiyi üçün onun əməlində AR İXM-in 228-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərdən, habelə proses iştirakçılarının izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli torpaq sahəsi və onun üzərində hər hansı şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli torpaq sahəsinə dair heç bir hüquqverici sənəd yoxdur, mübahisəli torpaq sahəsi Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətindədir, torpaq sahəsi əvvəl cavabdeh, daha sonra iddiaçı tərəfindən özbaşına zəbt və istifadə edilmişdir. Tərəflər mübahisəli torpaq sahəsinə dair hüquqverici sənədləri məhkəməyə təqdim edə bilmədilər. Mübahisəli torpaq sahəsi Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətində olduğundan və iddiaçının həmin torpaq sahəsinə istifadə hüququ olmadığından, eləcə də iddiaçı həmin torpaq sahəsinin cavabdehə məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən mübahisəli torpaq sahəsini 1600 manata aldığını və həmin pulun geri alınmasını tələb etsə də, tələbini əsaslandıra bilməmiş, iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Ümumiyyətlə tərəflər arasında alqı-satqının həyata keçirilməsi, baş tutması və nəticədə daşınmaz əmlakın (torpaq sahəsinin) alqı-satqı müqaviləsinin bağlanması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeḣ oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeḣ oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar