Məhkəmə qərarları › İş №2(025)-663/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-663/2020

09.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-663/2020 09.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı x4 nümayəndəsi x3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştiraklarıilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı x2 ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2054.95 AZN əsas və 384.3 AZN faiz borcu olmaqla 02.12.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 258.95 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2698.2 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxx” İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 6000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq x1 ilə 02 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zamin tərəfindən banka təqdim olunmuş borclu Cavabdeh1 və zamin Cavabdeh2 məxsus **********72 telefon nömrəsinə 25.11.2019-cu il tarixdə sms göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminin banka gəlməməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. 2020-ci il mayın 18-dək Cavabdeh1 banka 02 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2054.95 AZN əsas və 384.3 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 2439.25 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı x4 nümayəndəsi x6 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 02 dekabr 2014-cü il tarixdə 6000 manat kredit almışdır və aylıq ödənişləri bir müddət vaxtı-vaxtında etmişdir. Həmin krediti bankdan evin təmiri məqsədi ilə almışdır, həmin evdən də çıxardılıbdır. Xəstəliyi ilə əlaqədar ödənişlərin qalan hissəsini həyata keçirə bilməmişdir. Maddi imkanı yaxşılaşdıqca borcu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 02 dekabr 2014-cü il tarixdə bankdan kredit almışdır və o da zamin durmuşdur. Cavabdeh1 xəstəliyi ilə əlaqədar ödənişlərin qalan hissəsini həyata keçirə bilməmişdir. Odur ki, borcu hissə-hissə ödəyəcəyini nəzərə alaraq iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı «xxxxxx» İKB ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 02.12.2014-cü il tarixli 5-Z-5-0-4041-14 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 6000 manat məbləğində illik 26 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 02.12.2014-cü il tarixdə 6000 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan 02.12.2014-cü il tarixli 5-Z-5-0-4041-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 02.12.2014-cü il tarixli 5-Z-5-0-4041- 14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 02.12.2014-cü il tarixli 5-Z-5-0-4041-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 6000 manat məbləği illik 26 %-lə, 36 ay müddətinə aylıq 241,74 manat, son ayda isə 241.94 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02.12.2014-cü il tarixli 5-Z-5-0-4041-14 nömrəli kredit müqaviləsi üzrə 2054.95 manat əsas borcu, 384.3 manat faiz borcu və kredit müqaviləsi üzrə 02.12.2017-ci il tarixdən 18.05.2020-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 258.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2698.2 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.05.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh1 xx.xx.1958-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuşdur ünvan 1 mənzil 22 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 22.05.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh2 xx.xx.1964-cü ildə Dağlıq Qarabağ, Xankəndi rayonunda doğulmuşdur, Şuşa rayonu, Xanalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 19.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 18.05.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 əsas borcu 2054.95 manat, faiz borcu 384.3 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 2054.95 manat, faiz borcu üzrə 384.3 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi 02.12.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 258.95 manat məbləğində əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər (borclular) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2054 manat 95 qəpik əsas borc, 384 manat 30 qəpik faiz borcu və 02.12.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 258 manat 95 qəpik əldən çıxmış fayda olmaqla, cəmi 2698 manat 20 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər (borclular) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2054 manat 95 qəpik əsas borc, 384 manat 30 qəpik faiz borcu və 02.12.2017-ci il tarixdən 18.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 258 manat 95 qəpik əldən çıxmış fayda olmaqla, cəmi 2698 manat 20 qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar