Məhkəmə qərarları › İş №2(025)-674/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-674/2020

22.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-674/2020 22.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin sədri X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mane olan hallara son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq ahəsinə gedən yoldan istifadəyə mane olan hallara son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X5 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə onların mülkiyyətinə 0,41 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 4 nəfər ailə üzvünə verilmişdir. Torpaq sahəsinin mülkiyyətçiləri ondan, X2, X1 və X3 ibarətdir. Torpağın mülkiyyətlərinə verilməsinə dair JN-297F saylı şəhadətnamə də onlara təqdim edilmişdir. Lakin təəssüf hissi ilə qeyd edirəm ki, onların ailəyə verilmiş torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilmirlər. Belə ki, cavabdeh mülkiyyətlərində olan torpaq sahəsinə gedən yoldan onların istifadə etməyinə qərəzli şəkildə mane olur. Başqa yerdən isə həmin torpaq sahəsinə yol yoxdur. Bu barədə cavabdehlə dəfələrlə söhbət etmişlər və hər dəfə də onun təhqiredici sözlərinə və hədə-qorxusuna məruz qalmışlar. Hətta bu barədə kənd icra nümayəndəsinə, bələdiyyəyə rayon daxili işlər şöbəsinə və rayon İcra Hakimiyyətinə məlumat vermişlər. Lakin nəticəsi olmayıb. Onların mülkiyyətə verilmiş torpaq sahəsinin xəritəsində həmin torpaq sahəsindən baş yola çıxış göstərilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu yoxdur. Qeyd etdiyi yol dədə-babadan orada olmuş və bir başa kəndin baş yolunun çıxışındadır. Bir sözlə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırılmışdır. Onların mülkiyyətində olan torpaq sahəsinə gedən yol bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçir və başqa yerdən oraya gediş-gəliş üçün yol açmaq mümkün deyil. X7 də bilir. Yuxarıda qeyd etdiyi kimi bu barədə o, Rayon polis şöbəsinə, rayon İcra hakimiyyətinə müraciət etmişdir. Polis şöbəsində bununla əlaqədar təhqiqat aparılmışdır. Təhqiqatın nəticəsinə dair protokolu işə əlavə edir. Qəbələ rayon İcra Hakimyyətinə etdiyi müraciətin nəticəsi olaraq ona xx xxxx 2020-ci il tarixli məktubla cavab verilmişdir ki, məhkəməyə müraciət etsin. Bundan başqa Mirzəbəyli Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 08 saylı məktubu ilə cavabdehə xəbərdarlıq edilmişdir. Həmçinin xx xxxx 2020-ci il tarixdə cavabdeh barədə akt tərtib edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin bu qərəzli hərəkəti əmlakdan istifadə etməyə mane olması deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, hal-hazırda istifadəsində olan torpaq sahəsini 1998-ci ildə almışdır, buna dair ona Şəhadətnamə də verilmişdir. Torpaq sahəsi onun paylı mülkiyyətindədir. İddiaçının tələb etdiyi ərazidə yol yeri nəzərdə tutulmamışdır. Keçən il Bələdiyyənin nümayəndəsi yol yerini müəyyən etmişdir və iddiaçı da həmin yoldan istifadə edir. Buna baxmayaraq iddiaçı yenidən 3 yerdən yol yeri istəyir. Bu səbəblərdən də iddiaçının tələbləri tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin sədri X11 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, Cavabdeh Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin mülkiyyətində olan torpağ sahəsindən icazəsiz istifadə edir. Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Sonda isə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş JN-297F (Kod: 40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə Qəbələ rayonu, Corlu kəndində 0,41 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-301F (Kod: 40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, Cavabdeh və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə Qəbələ rayonu, Corlu kəndində 0,38 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 269 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi torpaq sahəsinin ümumi xəritəsində yol yeri kimi göstərilmişdir. Həmin mübahisəli ərazi Cavabdeh tərəfindən meşə ağacı materialı ilə qapı qoyularaq bağlanmışdır. Hüquqmüəyyənedici sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Kompleks Yerquruluşu xəritəsində ümumi yolu yeri kimi qeyd olunmuşdur. Təsərrüfatlar arası ümumi yol əraziləri bələdiyyə mülkiyyəti hesab olunur. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,41 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və JN-297F (Kod: 40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsinə gedən yoldan istifadəyə mane olan hallara (ekspert rəyinə uyğun olaraq) Cavabdeh tərəfindən son qoyulmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN-297F (Kod: 40613005) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmiş 0.41 ha torpaq sahəsinə gedən yoldan istifadəyə mane olan hallara (ekspert rəyinə uyğun olaraq) Cavabdeh tərəfindən son qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar