Məhkəmə qərarları › İş №2(025)-689/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-689/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-689/2021 27.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1033.0 (bir min otuz üç) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ümumilikdə 1063.0 (bir min altmış üç) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 17.12.2020-ci il tarixdə Qəbələ rayonu Tikanlı kənd ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə ona məxsus “Ford Transit” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Ford Transit” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1033,0 manat maddi zərər dəymişdir. Həmin faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 3(025)-7/2021 rtömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 80 (səksən) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 3(025)- 7/2021 nömrəli qərarından Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05.02.2021-ci il tarixli 3(107)- 34/2021 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 3(025)-7/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin qərarda göstərilmişdir ki, iş materiallarında olan 18 dekabr 2020-ci il tarixli ziyan aktından görünür ki, hadisə nəticəsində “Ford Transit” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1033,0 manat məbləğində maddi zərər dəymişdir. Qəbələ Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli 3(025)-7/2021 nömrəli qərarıı öz qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq Cavabdeh onaə dəymiş ziyanı bu günə qədər ödəməmişdir. Cavabdehdən zərərin əvəzini ödəməsini tələb etdikdə bundan imtina etmişdir. Ona görə də, qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2020-ci ilin dekabr ayında şəxsi təsərrüfatında olan inəyi ev yolun kənarına su içirtməyə apararkən qapını yenicə açıb inəyi yola çıxartmaq istəyən zaman iddiaçı idarə etdiyi “Ford Transit” markalı maşını ilə inəyi vurmuşdur. İddiaçı avtomobili sürətlə idarə edirdi, əyləcdən istifadə etmədi və mal vuruldu. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sahibkar Çingiz Cəfərov tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş Ziyan aktından görünür ki, “Ford Transit” yük markalı, **-MC-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1033.0 (bir min otuz üç) manat təşkil edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 3(025)-7/2021 saylı Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 3(107)-34/2021 saylı Qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 3(025)-7/2021 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AD № 634094 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Ford Transit” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsi İddiaçı mlkiyyətindədir. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 4.2-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 17 dekabr 2020-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində özünəməxsus 1 baş iri buynuzlu mal-qaranı asvalt örtüklü yola ötürmüş və nəticədə iddiaçıya məxsus olan “Ford Transit” yük markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla maddi zərər dəymişdir. Məhkəmə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən belə nəticəyə gəlir ki, “Ford Transit” yük markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərin məbləğinin cəmi 1033.0 (bir min otuz üç) manat olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1033.0 (bir min otuz üç) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1063.0 (bir min altmış üç)manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1033 (bir min otuz üç) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1063 (bir min altmış üç) manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar