Məhkəmə qərarları › İş №2(025)-694/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-694/2020

16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-694/2020 16.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı ”İddiaçı” x2 nümayəndəsi x1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı x2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İddiaçı x4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı x2 xeyrinə 035R********** saylı kredit razılaşması üzrə 8395.23 manat məbləğində kredit borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.04.2013cü il tarixli 35L000000160 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 12.11.2014-cü il tarixli 35L000000160S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin məbləği 300000 (üç yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 12.11.2014-cü il tarixli 035R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.02.2016-cı il tarixli 035R**********S saylı, 25.11.2016-cı il tarixli 035R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.09.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4604.77 manat ödəmiş, onun 8395.23 manat məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı x2 nümayəndəsi x3 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı 18 aprel 2013-cü il tarixdə kredit almışdır və aylıq ödənişləri gecikmələrlə də olsa etmişdir. Bir müddət sonra isə maddi imkanı səbəbindən ödənişlərin qalan hissəsini həyata keçirə bilməmişdir. Lakin, İddiaçı x2 tələb etdiyi pul məbləği düzgün hesablanmamışdır. Həmin kredit problemli kreditlərə aid edilməlidir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı x4 ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 18.04.2013-cü il tarixli35L000000160 nömrəli kredit xətti müqaviləsinə əsasən Borc alana 30 000 (otuz min) ABŞ Dolları məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan 18.04.2013-cü il tarixli 35L000000160S nömrəli kredit müqaviləsinə əlavə Sazişə əsasən kredit xəttinin məbləği 300 000 (üç yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 12.11.2014-cü il tarixli 035R431632667 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı x4 tərəfindən Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) 13 000 (on üç min) manat məbləğində illik 2.25 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 12.11.2014-cü il tarixli 035R431632667 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş planı yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 13 000 manat məbləği illik 2.25 %-lə, 36 ay müddətinə aylıq 534,00 manat, son ayda isə 507.50 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.04.2013-cü il tarixli 35S000000220 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 18.04.2013-cü il tarixli 35L000000160 saylı kredit xəti müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 12.11.2014-cü il tarixli 035S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 18.04.2013-cü il tarixli 35L000000160 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 12.11.2014-cü il tarixli 035S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 borclu Cavabdeh1 18.04.2013-cü il tarixli 35L000000160 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 14.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18.04.2013-cü il tarixli 35L000000160S nömrəli kredit müqaviləsi üzrə 8395.23 manat əsas borcu, 0 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla, cəmi 8395.23 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş 24.04.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh1 xx.xx.1964-cü ildə Qəbələ rayonu Böyük Əmili kəndində doğulmuşdur həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış 20.12.2018-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 14.04.2020-ci il tarixə Cavabdeh1 əsas borcu 8395.23 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə əsas borc üzrə 8395.23 manat borcun tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 8395 manat 23 qəpik əsas borc və 30 manat dövlət rüsumu İddiaçı x2 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 8395 manat 23 qəpik əsas borc və 30 manat dövlət rüsumu İddiaçı x2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar