Məhkəmə qərarları › İş №2(025)-696/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-696/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-696/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 468 manat əmlakına dəyən zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19 may 2021-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə dəymiş ziyanın 250 (iki yüz əlli) manat məbləğində olması ilə bağlı qarşılıqlı razılığa gəldiklərini və göstərilən məbləğ həcmində qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-ZB-*** dövlət qeydiyyat nişanlı, VAZ- 2109 minik markalı avtomaşını etibarnamə əsasında idarə edir. 29.01.2021-ci ildə təxminən saat 15:30 radələrində Qəbələ şəhəri, 28 May küçəsi ilə Həmzəlli istiqamətində avtomaşını idarə edərkən onunla Cavabdeh məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı, VAZ 21099 markalı avtomaşın ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç kim bədən xəsarəti almamışdır. Cavabdeh sığortası olmadığı üçün qəza zamanı razılaşmaları əsasında onun avtomaşınına dəymiş ziyanı özü qarşılayacağını bildirmişdir. Lakin cavabdeh sözündə durmamış və ona məxsus avtomaşına dəymiş ziyanı özü qarşılamışdır. Cavabdehə ona dəymiş ziyanı ödəyəcəyi barədə verdiyi sözü niyə tutmadığını sual verəndə “sənə heç bir köməklik etməyəcəm, hara şikayət edirsənsə et” deyir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınının sağ hissəsi əzilmiş, qabaq sağ kreli qırılmış və sağ hissənin boyası zərbə nəticəsində getmişdir. VAZ 21099 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına bu şəkildə zərər vurulmuşdur. Dəmirçi və rəngsazın tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq onun avtomaşınının təmir işləri 410 manata başa gəlmişdir. Bundan başqa o, öz hesabına təmir işlərinin aparıldığı vaxt dəyişməyə aid olan ümumi dəyəri 58 manat ehtiyat hissəsi əldə etmişdir. Avtomaşında təmir işlərinin aparılmasının dəyəri 410 manat, dəyişməyə aid olan təmir üçün öz hesabına əldə olunmuş ehtiyat hissəsinin dəyəri 58 manat, ümumilikdə vurulmuş ziyanın miqdarı 468 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla) qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə dəymiş ziyanın 250 (iki yüz əlli) manat məbləğində olması barədə qarşılıqlı razılığa gəldiklərini, göstərilən məbləğ həcmində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş TP ******* nömrəli, 29.01.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə olunması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş MN ******* nömrəli, 29.01.2021-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 469.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AD seriyalı 346624 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “VAZ 2109” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarına əlavə edilmiş 08.09.2020-ci il tarixdə verilmiş etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 “VAZ 2109” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobili 28.08.2021-ci il tarixə kimi idarə etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş AE seriyalı 737517 nömrəli 19.03.2020-ci il tarixdə verilmiş və 19.03.2030-cu il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən İddiaçı «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göründüyü kimi Qəbələ rayonu Yol Patrul Xidməti Baş İnspektor polis leytenantı X1 MN ******* nömrəli, 29.01.2021-ci il tarixli inzibati xəta haqqında qərar ilə Cavabdeh təqsiri müəyyən olunmuş və həmin təqsirinin nəticəsində “VAZ 2109” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin MN ******* nömrəli, 29.01.2021-ci il tarixli inzibati xəta haqqında qərarı ilə və cavabdehin etirafı ilə sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 250 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə, cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə müvafiq olaraq, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi məsələsinə qiymət verib hesab edir ki, etiraf qanuna zidd deyildir, heç kəsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də iddia təmin olunmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə, İddiaçı ilə dəymiş ziyanın 250 (iki yüz əlli) manat məbləğində olması barədə qarşılıqlı razılığa gəldiklərini, göstərilən məbləği ödəməyə hazır olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin təmin olunmalı və 250 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar