Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-71/2022 25.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2019-cu il tarixli 002R********** saylı kredit razılaşmasının və 04.09.2020-ci il tarixli 002R**********S saylı sazişin ləğv edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 8177.31 manat məbləğində kredit borcu, 2443.94 manat məbləğində faiz borcu və 2821.17 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13442 (on üç min dörd yüz qırx iki) manat 42 (qırx iki) qəpik məbləğində məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.06.2018-ci il tarixli 002L**********76 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.07.2019-cu il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10800 (on min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.09.2020-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.10.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2622.69 manat ödəmiş, onun 8177.31 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.09.2021-ci il tarixə 346 gün üçün hesablanmış faiz borcu 2443.94 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 16.09.2021-ci il tarixə 346 gün üçün hesablanmış cərimə 2821.17 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 30.07.2019-cu il tarixdə müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 2 il müddətinə 10800 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğini ayda 570 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə bir müddət ödənişləri etsə, daha sonra maddi imkanı aşağı olduğundan ödəniş edə bilməmişdir. Kredit müqaviləsi üzrə qalıq borcu qismən qəbul edir. Əsas, faiz və cərimə borcu həddindən artıq şişirdilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 22.06.2018-ci il tarixli 002L**********76 nömrəli Uzunmüddətli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 illik 120 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 30 iyul 2019-cu il tarixli 002R********** nömrəli Kredit razılaşmasından görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 1.9167 faizlə 24 ay müddətinə 10800 manat məbləğində fərdi mikro kredit verilmişdir. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli 002S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1nın 30 iyul 2019-cu il tarixli 002R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli 002S**********602 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1nın 30 iyul 2019-cu il tarixli 002R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10800 manat məbləği aylıq 1.9167 faizlə 24 ay müddətinə aylıq 570 manat, sonuncu ay isə 569.83 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 04 sentyabr 2020-ci il tarixli 002R**********S nömrəli Kredit razılaşması və Ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, həmin sazişə əsasən kredit razılaşmasının müddəti 05 may 2022-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 qalıq 8177.31 manat məbləği aylıq 1.9167 faizlə 21 ay müddətinə aylıq 618.7 manat, sonuncu ay isə 621.72 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 iyul 2019-cu il tarixli 002R********** nömrəli kredit razılaşması üzrə 16.09.2021-ci il tarixə 8177.31 manat əsas, 2443.94 manat faiz, 2821.17 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmənin 27.01.2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2019-cu il tarixli 02R********** №li Kredit razılaşmalarının şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?
2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2019-cu il tarixli 02R********** №-li Kredit razılaşmalarının şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2022-ci il tarixli, 9/1188 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 30.07.2019-cu il tarixdə bağlanmış 02R********** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 05.08.2021-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) əsas borc üzrə - 8156.48 manat, faiz borcu üzrə - 2553.18 manat - 16.09.2021-ci il tarixə (maliyə arayışı tarixi) əsas borc üzrə - 8156.48 manat, faiz borcu üzrə - 2766.83 manat Qeyd edilir ki, 30.07.2019-cu il tarixdə bağlanmış 02R********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Həmçinin, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 16.09.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 8177.31 AZN olduğu müəyyən edilmişdir. Lakin, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2022ci il tarixli, 9/1188 saylı rəyindən görünür ki, 16.09.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 8156.48 AZN olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehlərdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 8156.48 AZN borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 16.09.2021-ci il tarixə Cavabdeh1 faiz borcunun 2443.94 AZN olduğu müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2022ci il tarixli, 9/1188 saylı rəyindən görünür ki, 16.09.2021-ci il tarixə Cavabdeh1 faiz borcunun 2766.83 AZN olduğu müəyyən edilmişdir. Lakin İddiaçı QSC məhkəməyə bununla bağlı iddia tələbini həcminin artırlmasına dair ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 2443.94 AZN borcun tutulmasını əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, 2821.17 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 200 manata endirilməlidir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 200 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və 04.09.2020-ci il tarixli, 002R**********S saylı saziş ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130 manat 32 qəpik dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 müştərək qaydada 8156 manat 48 qəpik əsas borc, 2443 manat 94 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla ümumilikdə 10800 manat 42 qəpik borc və 130 manat 32 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və 04.09.2020-ci il tarixli, 002R**********S saylı saziş ləğv edilməli, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1, (zamin) Cavabdeh2 və (zamin) Cavabdeh3 müştərək qaydada 8156 manat 48 qəpik əsas borc, 2443 manat 94 qəpik faiz borcu və 200 manat cərimə borcu olmaqla ümumilikdə 10800 manat 42 qəpik borc və 130 manat 32 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.07.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması və 04.09.2020-ci il tarixli, 002R**********S saylı saziş ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Elman İsayev