Məhkəmə qərarları › İş №2(025)-713/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-713/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-713/2022 04.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara aid sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmamışdır. İddia ərizəsində yaşayış hüququnun tanınması tələbi qoysa da, həmin mənzilin mövcud olmasını, harada yerləşməsini, kimin mülkiyyətində və ya istifadəsində olmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), telefon nömrəsi iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçılara geri qaytarılmalı və onlara izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar