Məhkəmə qərarları › İş №2(025)-73/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-73/2024

15.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-73/2024 15.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhəmmədli oğluna qarşı “cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin istifadəsində olan maneələrin aradan qaldırılması tələbi barədə iddia qaldıraraq islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə iki nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Tikanlı kəndi ərazisində cəmi 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş və JN-064 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət şəhadatnaməsində göstərilmiş 064 B nömrəli plan əsasında yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsi uzun müddət bundan qabaq Cavabdeh tərəfindən zəbt edilərək mülkiyyətində olan həmsərhədd torpaq sahəsinə qatılmış, çəpər daxilinə salınaraq indiyədək istifadə olunmuş və daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına imkan verilməmişdir. Ona görə də, islahat nəticəsində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş JN-064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına törədilən maneənin aradan qaldırılması barədə iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, JN-064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İslahat nəticəsində onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,55 ha torpaq sahəsinin tərkibinə daxildir. Həmin torpaq sahəsi səhvən İddiaçı ailə üzvlərinin adına qeydiyyata alınmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN-064 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ Tikanlı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İİ 289559 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-475/2024 saylı ekspert rəyinə əsasən JN-064 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X1 və İddiaçı adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyta alınmış Qəbələ rayonu, Tikanlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi bütünlüklə Cavabdeh istifadəsindədir və ərazidə hər hansı bir tikili yoxdur. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3097/2023 saylı məlumata əsasən Qəbələ rayonu, Tikanlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi faktiki surətdə İddiaçı tərəfindən deyil, başqası tərəfindən istifadə olunduğundan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X3 və İddiaçı ümumi birgə mülkiyyətində olan JN-064 B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi faktiki surətdə Cavabdeh sahibliyində və istifadəsindədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən İddiaçı istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. JN 064B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən İddiaçı istifadəsinə və həmin daşınmaz əmlak obyektinin dövlət qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan - ölçü və inventarlaşma işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. Cavabdeh 100,0 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manat Cavabdeh müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar