Məhkəmə qərarları › İş №2(025)-736/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-736/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-736/2021 29.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “X2 Korporasiyası” ASC-nə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və “X2 Korporasiyası” ASC-nə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “X2 Korporasiyası” ASC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan xeyrinə 6436,35 manat əsas, 8,74 manat faiz borcu olmaqla, cəmi 6445,09 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-i ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7 km, inşa edilən 1 saylı binanın 69.5 kv.m təşkil edən 2 otaqlı 27 nömrəli mənzilin alınması üçün 113 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 35348,75 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank “X2 Korporasiyası” ASC ilə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 6436,35 manat əsas, 8,74 manat faiz borcu olmaqla, cəmi 6445,09 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhəkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və “X2 Korporasiyası” ASC-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və “X2 Korporasiyası” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və “X2 Korporasiyası” ASC-nin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış (sonradan kredit müqaviləsinə əsasən borc alan) 22.06.2012-ci il tarixli, PROG-İ- 12/17 nömrəli Kredit Müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 113 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 35348,75 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 nömrəli kredit müqaviləsinə əlavə № 1-dən görünür ki, borclu Cavabdeh1 ona verilmiş kredit vəsaitini birinci ay 276,13 manat, sonrakı aylar 523,57 manat, sonuncu ay isə 523,56 manat məbləğində ödənişlər etməklə 113 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin Nərimanov filialı ilə “X2 Korporasiyası” ASC arasında bağlanmış 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank “X2 Korporasiyası” ASC ilə zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.031.2021-ci il tarixli bildirişdən görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlikləri 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-in BPQMİin MAPS şöbəsindən verilmiş 11.02.2017-ci il tarixli arayışından və Qəbələ RPŞ tərəfindən 16.09.2008-ci il tarixdə verilmiş, AZE seriyalı, № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, borclu Cavabdeh1 xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “X2 Korporasiyası” ASC ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 ilə “X2 Korporasiyası” ASC arasında bağlanmış 22.12.2011-ci il tarixli 15080 nömrəli Mənzilin Alqı-Satqısı müqaviləsindən görünür ki, Satıcı “X2 Korporasiyası” ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7km inşa etdirdiyi 1 saylı binanın 28 blok 27 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan mənzil “alıcı” Cavabdeh1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 “xxxx” ASC-yə kredit müqaviləsi üzrə 35348,75 manat kredit məbləğindən 28.912,40 manat əsas borc, 24,341.31 faiz borc ödənilib. Borclunun ödənilməmiş əsas borc 6436,35 manat, ödənilməmiş faiz 8,74 manat faiz borcu, cəmi 6445,09 manat məbləğində borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 nömrəli kredit müqaviləsi üzrə zamin durmuş cavabdeh “X2 Korporasiyası” ASC-nə münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Göründüyü kimi, Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 35348,75 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdeh - borclu Cavabdeh1 və həmin kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüş cavabdeh – “X2 Korporasiyası” ASC-dən müştərək qaydada kredit borcunun tutulmasını əsaslı sayır. Məhkəmə hesab edir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas və faiz borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, Cavabdeh1 və “X2 Korporasiyası” ASC-dən müştərək qaydada iddiaçı “xxxx" ASC-nin xeyrinə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 nömrəli Kredit müqaviləsi üzrə 6436,35 manat əsas və 8,74 manat faiz borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 (borclu) və “X2 Korporasiyası” ASC-dən iddiaçı “xxxx" ASC-nin xeyrinə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 saylı Kredit müqaviləsi üzrə 6436,35 manat əsas və 8,7 manat faiz borcu olmaqla, cəmi 6445,09 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) “X2 Korporasiyası” ASC-dən iddiaçı “xxxx" ASC-nin xeyrinə 22.06.2012-ci il tarixli, PROG-İ-12/17 saylı Kredit müqaviləsi üzrə 6436,35 manat əsas və 8,7 manat faiz borcu olmaqla, cəmi 6445,09 (altı min dörd yüz qırx beş manat doqquz qəpik) manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflər rəsmi qaydada təqdim edildliyi gündən Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir ay) müddətinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar