Məhkəmə qərarları › İş №2(025)-740/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-740/2020

28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-740/2020 28.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2017-ci ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşdur, birgə nikahlarından xx xxxxx 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Onlar bir müddət birlikdə yaşadıqdan sonra cavabdehin təqsiri üzündən ailə münasibətləri pozulmuş, ailə münasibətləri pozulduğundan nikahları Ağdaş rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsinə əsasən ləğv edilmiş, uşaq onun yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 100 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-771/2020 saylı qərarına əsasən alimentin məbləği dəyişdirilərək 130 (bir yüz ouz) manat müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Ona uşağının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çətindir. Cavabdeh hal-hazırda işləyir və 700 (yeddi yüz) manatdan çox əmək haqqı alır. Buna görə də, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş 130 manat alimenti çətinliklə ödəyir. Hal-hazırda satıcı işləyir və 270 manat əmək haqqı alır. X5 Məhkəməsinin qətnaməsi ilə alimentin 130 manat müəyyən edilməsindən cəmi 3 ay keçmişdir. Aliment çox artırılarsa, ödəməyə imkanı olmayacaqdır. Məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)- 1704/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydinin pozulması, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2020-ci il tarixli 2(107)-771/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməsi, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı hər ay veriləcək sabit pul məbləğində alimentin məbləği artırılaraq 130 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı, 274079 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019cu ildə 473 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18iyun 2020-ci il tarixli, AZ-İ seriyalı, 350781 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın pozulması 18iyun 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsində 85 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Soltanzadə soyadı verilmişdir. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Ağdaş rayonu Bəyli kəndində doğulmuş və Ağdaş rayonu Bəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan ASAN-QƏBƏLƏ tərəfindən verilmiş AZE seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdehxx.xx.1992-ci il tarixdə Qəbələ rayonu Şamlı kəndində doğulmuş və ünvan 1 mənzil 71 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx xxxxx 2019-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşağı ananın yanındadır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Qəbələ regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli 564 saylı nikah qeydinin pozulması, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2020-ci il tarixli 2(107)-771/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(014)-1704/2019 saylı qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməsi, xx xxxxx 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı hər ay veriləcək sabit pul məbləğində alimentin məbləği artırılaraq 130 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, cavabdehin isə kifayət qədər qazancı olduğunu, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx xxxxx 2019-cu il təvəllüdlü X2 üçün 170 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə 130 manat alimenti çətinliklə ödədiyini, aylıq əmək haqqının 270 manat təşkil etdiyini, aliment məbləği artırılarsa ödəyə bilməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq xx xxxxx 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin məbləğinin qismən artırılmasını, cavabdehdən hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 170 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini,övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-771/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində - 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-771/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx xxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində - 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar