Məhkəmə qərarları › İş №2(025)-740/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-740/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-740/2021 31.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4750 (dörd min yeddi yüz əlli) ABŞ dollarının, 360 (üç yüz) altmış manat miqdarında pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehi internet vasitəsilə tanıyır. Belə ki, cavabdeh 2016-cı ilin yaz aylarında, internetdə özünə məxsus olan sənədlə 7,5 sot, faktiki olaraq isə 10 sot olan torpaq sahəsini satmaq məqsədilə elan yerləşdirmiş və torpağın dəyərini 8000 (səkkiz min) manat qoymuşur. O, həmin şəxslə əlaqə saxlamış və torpaq almaq niyyətinin olduğunu bildirmişdir. Sonradan torpağa baxmaq niyyəti ilə Qəbələ rayonu Bum kəndinə getmiş və torpaq sahəsinə və torpağın sənədinə baxmışdır. Lakin torpağa məxus olan sənəd DƏDRX tərəfindən verilmiş çıxarış olmadığından, torpağın alqı-satqısı üçün mütləq olaraq çıxarışın olması zəruriliyini nəzərə alaraq, ərazi üzrə cavabdehin oğlu olan Nurlan adlı şəxslə DƏDRX-nin ərazi idarəsinə getdilər. Cavabdehin oğlu da bildirdi ki, qeyd edilən idarədə yaxın tanışları işləyir və o torpağın sənədləşdirilməsində onlara kömək edəcək. İdarədən torpağa dair sənədlərə baxıldıqdan sonra onlara bildirildi ki, bu kateqoriya sənədlər əsasında 20 (iyirmi) gün ərzində torpağın çıxarışı hazır olur və bundan sonra onlar alqı-satqı prosesini həyata keçirə bilərlər. O da cavabdehə torpağın çıxarışı hazır olan kimi alqı-satqıya getməyə razı olduğunu bildirdi. Sənədə baxdıqdan sonra o, Bakı şəhərinə qayıtdı. Təqribən bir həftə cavabdeh ona zəng edərək bildirdi ki, qardaşının xəstəliyi ilə bağlı İrana aparamalıdır. Əgər torpağı alacaqsa, pul ödənişini tezləşdirsin. Mümkün edib pulu dollarla versin, çünki onlar xarici ölkə olan İrana gedəcəklər, onlara dollar lazım olacaq. Əlavə olaraq bildirdi ki, “mən halal adamam, narahat olma, çıxarış alınan kimi alqı-satqını həyata keçirəcəm”. O da inanaraq, qardaşı Araz, dostu Elməddinlə birlikdə Qəbələ rayonun getdi. 4700 (dörd min yeddi yüz) ABŞ dolları miqdarında pulu Qəbələ rayon Təhsil Şöbəsində işləyən cavabdehə verdi. Cavabdeh bildirdi ki, “torpaq sənin halalındır, iki üç gün sonra cavabdehin oğlu Bakıya gələrək bildirdi ki, onlara verilən dolları manata çevirdikdə torpağın pul tamamlanmır. Bu dəfə də 50 (əlli) ABŞ dollarını və 150 (yüz əlli) manat pulu cavabdehə zəng vurub bildirərək Nurlana verdi. Ondan da üç gün sonra isə Bakı şəhərində Nurlanla görüşdü və o da bildirdi ki, artıq İrana gedəsi olmadılar, sənədi DƏDRX-yə veriblər, amma sənədi almaq üçün 210 (iki yüz on) manat dövlət rüsumu lazımdır. Bildirdi ki, o bir də bəlkə Bakıya gələ bilmədi. Bu dəfə də 210 (iki yüz on) manat pulu cavabdehə zəng vurub bildirərək Nurlana verdi. Təqribən 1 həftə sonra torpağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədə qeyd olunmamış yol mövcuddur. Bu səbəbdən torpağa dair çıxarışın verilməsi mümkün deyil. Həmin vaxtdan sonra müxtəlif bəhanələr gətirərək nə torpaq sənədləşdirildi, nə də pulu qaytarıldı. Əlavə bəhanə gətirildi ki, torpaqlar elektron məlumat bazasına yerləşdiriləcək, bu da 2017-ci ilin 1 yanvarınadək yekunlaşacaq. Həmin iki il müddətdə dəfələrlə kəndə getmiş, hətta fasilələrlə xeyli vaxt kənddə qalmışdır. Qonşularla tanış olmuş və bildirmiş ki, “bu torpaq sahəsinin sahibi mən olacağam”. Lakin cavabdehin hər dəfə ona müxtəlif bəhanələr gətirərək torpağı satmaqdan imtina etməsini gördükdə pulunu geri tələb etdi. Lakin cavabdeh ona bildirdi ki, pulu ancaq torpağı satdıqdan sonra qaytara biləcək, çünki pul yoxdur və xərclənib. Qeyd edilən müddətdən indiyədək cavabdeh pulun bir manatını belə olsa qaytarmayıb. Belə ki, sonradan cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azında bu qədər uzun müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2016-cı ildə iddiaçı ilə aralarında torpaq sahəsi alqı-satqısı olmuşdur. O, iddiaçıdan pulu alaraq torpağa mülkiyyət hüququna dair şəhadətnaməni ona vermişdir. İlk növbədə aralarında heç bir problem yaranmamışdır. Həmin torpaq sahəsinə reyestrdən çıxarış almaq istəyəndə üzə çıxdı ki, kolxoz vaxtı torpaq sahəsi verilərkən səhv ölçülmüşdir. İddiaçı ilə aralarındakı razılaşmadan 1 il yarım keçəndən sonra İddiaçı torpaq sahəsini istəmədiyini bildirmiş, pulunu geri tələb etmişdir. Aralarında alqı-satqı olduqdan sonra 4 dəfə uşağını müalicə üçün İrana aparmışdır. Bu səbəbdən həmin pul xərclənmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia üzrə İddiaçı Cavabdeh ilə torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrək ona əvvəlcədən torpaq sahəsinin dəyəri olaraq hissəhissə - 4700 ABŞ dolları və 50 ABŞ dolları olmaqla ümumilikdə 4750 ABŞ dolları pul vermiş, həmçinin sənədləşmə və əlavə xərclər üçün iddiaçı cavabdehə 210 manat və 150 manat olmaqla ümumilikdə 360 manat pul vermişdir. Həmin faktı cavabdeh də təsdiq edir. Lakin, sonradan torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərində uyğunsuzluq yaranmış, torpaq sahəsinin alqı-satqısının sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı ödədiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh 4750 ABŞ dolları və 360 manat pulu İddiaçı qaytarmamışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları və 360 (üç yüz altmış) manat məbləğində pul qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla pul vəsaiti, 360 (üç yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla pul vəsaiti, 360 (üç yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar