Məhkəmə qərarları › İş №2(025)-745/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-745/2021

02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-745/2021 02.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1424 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində Nabid adlı şəxsin ərzaq və geyim əşyaları mağazasında satıcı işləyirdi. Mahiri 2019-cu ildə tanımışdır. Belə ki, Mahir tez-tez mağazaya, orada “Topaz” məntəqəsinə gəlirdi. Mahir mağazadan alver də edirdi və hər dəfə pulu tam olaraq ödəyirdi və onunla normal münasibəti yaranmışdı. Mahir həm də Vəndam qəsəbəsi və ətraf kəndlərdən kömür alaraq Bakı şəhərində satırdı, Mahirin alver üçün dayandığı yer işlədiyi mağaza idi. 2019-cu ilin oktaybr ayında səhhəti ilə bağlı mağazada dərman içirdi. Mahir də mağazada çay içirdi. Dərman içdiyini görəndə Mahir “sən nə üçün xəstəliyinə görə pensiya almırsan” deyə ona bildirdi. O isə pensiya düzəltmək işinin çətin olduğunu bildirdi. Mahir bu işin əlindən gəldiyini, pensiya düzəldə biləcəyini dedi, hətta bir neçə nəfərə də pensiya düzəltdiyini bildirdi. Mahir bana görə ona 1800 manat pul lazım olduğunu dedi, Mahirə pulu verəcəyini və sənədləri düzəltməsini xahiş etdi. Həmin söhbət zamanı ikilikdə olmuşlar, yanlarında heç kəs olmamışdır. Səhəri gün həmin puldan 1000 manatı Mahirə vermək, qalan pulu hissə-hissə düzəldib vermək barədə razılaşdılar. 2019-cu ilin oktyabr ayında, günü dəqiq yadında qalmadığı tarixdə evdən 1000 manat pulu götürüb mağazaya gəldi, Mahir də mağazaya gəldi və orada Mahirə 1000 manat nəğd şəkildə əlbəəl pul verdi. Mahir də pulu götürüb 2020-ci ilin yanvar və fevral aylarında pensiyanın düzələcəyini, qısa zamanda Asan xidmət mərkəzinə çağırılacağını bildirdi. Buna görə də gözlədi, ancaq çağıran olmadı. Həmin vaxtlarda da Mahir mağazaya gəlib pensiyanın düzələcəyini deyərək narahat olmamağı istədi. Təxminən 2019-cu ilin noyabr ayında Mahir pensiya üçün dediyi 500 manat da pulun lazım olduğunu bildirdi. Həmin hün axşamtərəfi Mahirə mağazanın qarşısında 500 manat nəğd pulu əlbəəl verdi, Mahir də pulu götürdü və qısa zamanda pensiya düzələcəyinə söz verdi. Asan Xidmətə çağırılmadığını deyəndə Mahir çağıralacağını bildirdi. Bundan sonra da Mahir yenə də adi qaydada mağazaya gedib gəlirdi, hər dəfə də düzələcəyini deyirdi. Həmin vaxtlar Mahirə kənd icra nümayəndəliyindən ailə tərkibi haqqında arayış, həmçinin Qəbələ rayon xəstəxanasından xəstə olmağı ilə bağlı arayış da alıb Mahirə verdi. 2019-cu ilin dekabr ayında Mahir mağazadan hər birinin qiyməti 3 manat olan 6 banka xiyar tutması, hər birinin qiyməti 8 manat olan 7 ədəd toyuğu da nisyə götürdü və Bakı şəhərində kiməsə pensiya ilə bağlı pay apardığını demişdir. Bundan xeyli müddət keçməsinə baxmayaraq adına pensiya düzəlməmiş, Mahir də hər dəfə müxtəlif bəhanələr gətirirdi. Buna görə də Mahirə pulunu geri qaytarmasa ondan polisə şikayət edəcəyini bildirdi, Mahir pulu hissə-hissə geri qaytaracağını demişdir. 2020-ci ilin payızında Mahir Vəndam qəsəbəsinin mərkəzində əri Xəqaniyə 150 manat pul qaytarmışdır. Ancaq qalan 1350 manatı və 18 manatlıq tutmanın, 56 manat dəyərində toyuqlarının pulunu geri qaytarmamışdır. Buna görə də məcbur qalıb bu barədə Qəbələ rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ rayon Polis şöbəsində araşdırılma aparılmış, Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi polis kapitanı Loğman Abdulxalıqov tərəfindən 06.03.2021-ci il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alan Cavabdeh ondan pul aldığını etiraf etmişdir. O da artıq cavabdehin könüllü şəkildə borclarını ödəyəcəyinə inanmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Qəbələ rayon Vəndam qəsəbə sakini İddiaçı 5 ilə yaxındır ki, Vəndam qəsəbəsində turşu, toyuq və digər ərzaq məhsulları satdığı üçün tanımışdır. 2019-cu ilin dekabr ayında mağazada olan zaman Güllü ona xəstəliyə görə pensiya düzəltməsini xahiş etmişdir. İddiaçı bu məqsədlə pul alsa pandemiya dövrünə görə pensiya düzəltdirə bilməmişdir. İddiaçıdan aldığı pulun 150 manatını fevralda qaytarmışdır, həmçinin martda da 150 manat qaytarmaq istəyəndə iddiaçı etiraz etmiş, onu məhkəməyə verəcəyini bildirmişdir. İddiaçı iddia etdiyi 500 manatı isə bu işə görə almamışdır. Həmin pulu iddiaçı ona kömürə görə vermişdir. Pensiyanın düzəldilməsinə görə götürdüyü pul üzrə onun İddiaçı ümumilikdə 1267 manat borcu qalmışdır. Həmin borcu da tezliklə ödəyəcəkdir. Belə ki, o restoranlara kömür, turşu, çolpa satır. Restoranlar ona olan borcunu qaytaranda həmin pulla iddiaçıya olan borcunu ödəyəcəkdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi polis kapitanı Loğman Abdulxalıqov tərəfindən qəbul edilmiş 06 mart 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikasının 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, cavabdeh Ağayev X1 rayon Polis şöbəsində verdiyi izahatda İddiaçı ilə ona pensiya düzəldilməsi barədə razılığa gəldiyini və İddiaçı 1500 manat pul aldığını etiraf etmiş, lakin həmin pulu pensiya düzəltmək üçün deyil, borc olaraq aldığını iddia etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia üzrə İddiaçı Cavabdeh 1500 manat pul vermiş və qarşılığında cavabdeh iddiaçıya xəstəliyinə görə pensiya düzəltdirəcəyi barədə vəd vermişdir. Həmin faktı məhkəmə prosesində cavabdeh də təsdiq edir. Lakin cavabdeh 1500 manat pulu alsa da iddiaçıya verdiyi vədə əməl etməmişdir. Cavabdeh iddiaçıdan aldığı pulun bir hissəni qaytarmış və hal-hazırda iddiaçıya 1267 manat borcunun olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş pul üzrə qalıq borc -1267 (bir min iki yüz altmış yeddi) manat məbləğində pul, iddiaçıya cavabdeh tərəfindən qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı cavabdehə satdığı tutmanın dəyəri olaraq - 18 manat, satdığı toyuqların dəyəri olaraq - 56 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, iddianı bu hissədə, həmçinin pensiya düzəldilməsi üçün cavabdeh tərəfindən götürüldüyünü iddia etdiyi məbləği tam şəkildə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1267 (bir min iki yüz altmış yeddi) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1267 (bir min iki yüz altmış yeddi) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar