Məhkəmə qərarları › İş №2(025)-749/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-749/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-749/2020 09.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 3800 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun gəlini olmuş və oğlu X13 ilə aralarında olan nikah cavabdehin iddiası ilə Qəbələ rayon Məhkəməsində pozulmuş və məhkəmənin qətnaməsinə əsasən uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir. Cavabdeh oğlu ilə ər-arvad kimi yaşadıqları dövrdə yola getmirdilər. O da fikirləşdi ki, yəqin bir yerdə yaşadıqlarına görə yola getmirlər. Ona görə də qərara aldı ki, onlara yeni ev tikdirib ayırsın və onlar müstəqil həyat sürsünlər. Lakin onlara ev tikdirmək üçün pul vəsaiti yox idi. Ona görə də, mülkiyyətində olan 0,3556 ha torpaq sahəsini Mıxlıqovaq kənd sakini X2 qərarına gəldi. Satdığı torpaq sahəsi ailənin paylı mülkiyyəti idi. Torpağın satılmasına bütün ailə üzvləri, bütün payçılar razılıq verdilər. Qeyd etdiyi kimi torpağı xx xxxxxx 2020-ci il tarixdə 2500 manata satdılar və pulun hamısını o vaxt gəlini olan cavabdehə verdi ki, o saxlasın. Bundan başqa evdə ehtiyat 1300 manat da var idi və həmin pulu da cavabdehə verdi ki, özlərinə ev tiksinlər. Lakin cavabdeh pulu aldıqdan qısa bir müddət sonra oğlundan ayrılmaq üçün məhkəmədə iddia qaldırdı və dərhal çıxıb pulu qaytarmadan atası evinə getdi. O, pulu cavabdehə o şərtlə vermişdi ki, onlar özlərinə ev tiksinlər. Lakin cavabdeh bundan sui-istifadə edərək məhkəmədə boşanma iddiası qaldırdı və dərhal da pulu da apararaq atası evinə getdi. Ona görə də verdiyi pulu ondan tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı, keçmiş qaynatası İddiaçı kiçik oğlu X13 ilə xx.xx.2014-cü il tarixində Qəbələ rayonu, Tikanlı kənd X18 qeydiyyat şöbəsində 24№-li Akt qeydi, AZ-İ № 997952 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdu. X13 ilə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X19 və xx.xx.2018-ci il təvəllüdlü X20 adlı övladlarımız anadan olmuşdurlar. Qəbələ rayon Məhkəməsinin 2(025)-1820/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə iddiaçı Cavabdeh, cavabdeh X9 qarşı “Alimetin sabit pul məbləğində tutulması tələbinə dair” iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X15 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X16 xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat (uşaqların hər biri üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla) aliment alınaraq Cavabdeh verilməsi, xx xxx 2018-ci il tarixdə anadan olmuş X20 3 (üç) yaşma çatanadək X6 Cavabdeh xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması Qət edilmişdir. Qəbələ rayon Məhkəməsinin 2(025)-489/2020 saylı, xx.xx.2020-ci lil tarixli Qətnaməsi ilə iddiaçı Cavabdeh, iddiaçı X13 cavabdeh X9 qarşı “nigahın pozulması və uşaqların ananın yanında qalmasının müəyyən edilməsi tələbinə dair ” iddia tələbi təmin edilərək, İddiaçı Cavabdeh ilə cavabdeh X13 arasında Qəbələ rayon Tikanlı kənd X24 tərəfindən 2014-cü il oktyabr ayının 15-də qeydə alınmış 24 nömrəli nikahın pozulması,xx xxxx 2015-ci il təvəllüdlü X19 və xx xxx 2018-ci il təvəllüdlü X20 iddiaçı Cavabdeh yanında saxlanılması Qət edilmişdir. Himayəsində 2 azyaşlı övladı olan bir xanım, ali təhsilli müəllimə olaraq, tək ailə başçısı olaraq bildirir ki, o, iddiaçı, keçmiş qaynatası İddiaçı ailə üzvləri tərəfindən daima şiddətə məruz qalmışdır, gəlin getdiyi evdə evlilik müddətində daima ona maddi və mənəvi ziyan vurmuşdurlar. Mülki iş üzrə İddiaçı ona qarşı yazdığı “3800 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tələb edilməsinə dair” iddia ərizəsində Məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl cavabdehə, ona pretenziya qaydasında heç bir rəsmi sənəd ünvanlamamışdır. Bu hal onu göstərir ki, mülki iş üzrə iddiaçı, keçmiş qaynatası İddiaçı ona qarşı yazdığı “3800 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tələb edilməsinə dair” iddia ərizəsi İddiaçı, onun keçmiş həyat yoldaşı, onun kiçik oğlu X8 ona bu günə qədər ödəməli olduğu 3450 (üç min dörd yüz əlli) manat məbləğindəki alimentin məsuliyyətindən yayınması üçün, guya atası İddiaçı təyin edərək, valideyinlərinin və bir neçə tamahkar şəxslərin təsiri altında yazılmış, heç bir hüquqi əsası olmayan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərini kobud şəkilda pozan (iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə cavab vermir) başdan ayağa tamamən yalan məzmunda uydurma bir iddia ərizəsidir. Əgər həqiqətən də mülki iş üzrə iddiaçı, keçmiş qaynatası İddiaçı ona 3800 manat nəğd pul vermişdirsə, o zaman xx.xx.2020-ci il tarixində özü və həyat yoldaşı, keçmiş qaynanası X7 onun barəsində Qəbələ rayon Polis Şöbəsinə rəsmi qaydada şikayət edəndə nəyə görə 3800 manat pul barəsində şikayət ərizəsi və ya izahatlarını verməmişdirlər? Bu barədə Qəbələ rayon Polis Şöbəsində heç bir rəsmi qaydada müraciət olunmuş ərizə və Polis əməkdaşının (Təhqiqatçının) qəbul etdiyi hər hansı bir Qərar mövcud deyil. Mülki iş üzrə İddiaçı ona 3800 manat məbləğində nəğd pulun verilməsi ilə bağlı Məhkəmədə maddi sübut kimi istifadə olunması mümkün sayıla bilən notarial qaydada təsdiq olunmuş “Borc müqaviləsi”, “Kredit müqaviləsi” və ya hansısa bir əl yazısı, hər hansı bir qəbz və.s. rəsmi sənədi Məhkəməyə təqdim etməmişdir. Bu hal bir daha onu göstərir ki, mülki iş üzrə iddiaçı, keçmiş qaynatası İddiaçı ona qarşı “pul tələbinə dair” iddia ərizəsi yazarkən məqsədi onun keçmiş həyat yoldaşı, onun kiçik oğlu X8 ona ödəməli olduğu 3150 (üç min yüz yüz əlli) manat məbləğindəki alimenti ödəmədiyi üçün Qəbələ rayon Məhkəməsinin 3(025)-197/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilməsinin qisasını ondan almaqdır. Eyni zamanda mülki iş üzrə iddiaçı, keçmiş qaynatası İddiaçı ona qarşı “pul tələbinə dair” iddia ərizəsi yazarkən məqsədi onun həyat yoldaşı keçmiş qaynanası X5 xx xxxxx 2020-ci il tarixində onu və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X17 vuraraq onlara bədən xəsarəti yetirdiyi üçün barəsində Qəbələ rayon Məhkəməsinin 3(025)-180/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməklə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilməsinin qisasını ondan almaqdır. Keçmiş qaynatası onun haqqında utanmadan, çəkinmədən, saxta, şər-böhtan xarakterli yazdığı “pul tələbinə dair” iddia ərizəsi utanverici bir hərəkətdir. O, İddiaçı kiçik oğlu, onun keçmiş həyat yoldaşı X8 ona bu günə qədər ödəmədiyi 3450 (üç min dörd yüz əlli) manat məbləğindəki alimentin tam şəkildə alınıb ona verilməsi ilə bağlı Qəbələ rayon İcra və Probasiya şöbəsinə 2 dəfə rəsmi ərizə ilə müraciət etmişdir. Məhz bu səbəbdən də İddiaçı ona qarşı “pul tələbi” ilə tamamən yalan məzmunda yazılmış, heç bir hüquqi əsası olmayan, Məhkəmədə maddi sübut kimi istifadə olunması mümkün sayıla bilən notarial qaydada təsdiq olunmuş “Borc müqaviləsi”, “Kredit müqaviləsi” və ya hansısa bir əl yazısı, hər hansı bir qəbz olmayan, rəsmi qeydiyyatda olduqları Qəbələ rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət olunmuş ərizə və Polis əməkdaşının (Təhqiqatçının) qəbul etdiyi hər hansı bir Qərarı olmayan, Məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl cavabdehə, ona pretenziya qaydasında ünvanlanmış heç bir rəsmi sənəd olmayan bir iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir.İddiaçı mənim himayəsində 2 azyaşlı övladının olmasından, tək yaşadığından sui-istifadə edərək, qohum əqrabasnın təkidi ilə, tamah məqsədi ilə oğlunun bu günə qədər ona ödəməli olduğu alimenti hazırdakı iddia ərizəsində yalandan qeyd elədiyi 3800 manat məbləğindəki pulla əvəzləşdirmək niyyətindədir. İddiaçı ona qarşı “3800 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tələb edilməsinə dair” iddia tələbini heç bir şəkildə qəbul etmir. Bu hal bir daha onu göstərir ki, İddiaçı yazdırdığı iddia ərizəsi başdan ayağa tamamən yalan məzmunda yazılmaqla, tamah məqsədi ilə öz oğlunun maraqlarını qorumaq istiqamətində formal xarakter daşıyır Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şahid X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. Axırıncı dəfə o, aprel ayında iddiaçının evində olub. İddiaçının evinə gedəndə onlarda münaqişə baş verdiyini görmüş, həmin vaxt Səməndər gəlini Mətanətə “bu pulları xərclə, uşaqlara korluq vermə” dedinin şahidi olmuşdur. Həmin pulların nə olduğunu Səməndərdən soruşduqda, Səməndər ona torpağın satılması ilə bağlı olan pulların olmasını bildirmişdir. Gülxar ona torpağı 3800 manata satdıqlarını dedi. Gəlin ona pulun verildiyi barədə heçnə deməmişdir.. Şahid X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Onlar torpağı satıb pulu Mətanətə veriblər. Yoldaşı bu pulu Mətanətə hissə-hissə verib. Həmin pulun bir hissəsi onun yanında verilib, pulun digər hissəsi isə Mətanətə qıraqda verilib. Şahid X11 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, cavabdeh onun qızıdır. Qızı MətanətCəlilovaya İddiaçı tərəfindən heç bir pul verilməyib. Ailədəki münaqişlər səbəbindən qızı Mətanəti özü geri gətirmişdir. Onlar Mətanəti hər gün döyürdülər, təhqir edirdilər. Qızına heç bir zaman etimad göstərməyiblər. Onların gözündə etimadsız olan bir gəlinə pul etibar edərdilərmi. İddiaçının tələbləri tamamilə yalandır. Bu vaxta kimi belə bir məsələ ilə bağlı pulun verilməsinə dair mübahisə olmamış, ona heç bir şey deməmişdirlər. Onlar qızına şər atırlar. Bunu etməkdə məqsədləri isə oğullarının aliment borcunu bu pulla əvəzləşdirməkdir. İş materiallarında olan, AN–İ №0816837 saylı xx xxxxxx 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”dən görünür ki, İddiaçı və ailə üzvləri ümumi paylı mülkiyyətlərində olan Qəbələ rayon Yemişanlı kəndində yerləşən 0.3556 ha torpaq sahəsini 2500 manat qarşılığında X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 324.1 və 324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə Cavabdeh 3800 manat pulun verildiyini iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir, maddi zərərin nədən ibarət olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar