Məhkəmə qərarları › İş №2(025)-75/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-75/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-75/2022 01.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borc olaraq verdiyi 5.500 (beş min beş yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 100 manat pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə 22 iyul 2020-ci il tarixdə sadə yazılı qaydada müqavilə bağlayıb ona borc olaraq 5.500 (beş min beş yüz) manat pul verdi. Cavabdeh pulu aldıqdan sonra sadə yazılı formada qəbz yazmışdır. O, pulu üç ay müddətinə qaytarmağı öhtəsinə götürdü. (Qəbz imzalarla təsdiq edildi.) Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də cavabdehə borc olaraq verdiyi pul cavabdehdən məhkəmə qaydasında alınıb ona verilməlidir. Bundan əvvəldə o, borcun geri qaytarılması tələbi ilə Qəbələ rayon məhkəməsinə, iddia ərizəsi ilə müraciət etmişdi və Qəbələ rayon məhkəməsinin icraatında 2(025)-1153/2021 saylı mülki işlə bağlı məhkəmə prosesi keçirilmişdir. 23 sentyabr 2021-ci il tarixli saat 15-00-a təyin edilmiş proses zamanı Cavabdeh oglu ilə aralarında yaranan razılaşmaya əsasən o, məhkəmədən kənar 4-ay (dörd) ərzində ona olan borcunu təmamilə qaytaracağını söz verdi və ondan iddia ərizəsinin geri götürülməsini xahiş etdi. Bundan sonra cavabdeh və o, aralarında olan razılaşmaya əsasən, məhkəmyə ərizə təqdim edərək işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Qəbələ rayon məhkəməsinin 2(025)-1153/2021 saylı 23 sentyabr 2021-ci il tarixli Qərardadına əsasən işin baxılmamış saxlanılması barədə Qərar qəbul edilmişdir. Lakin Cavabdeh yenə də onu aldadaraq ona olan borcunu qaytarmamışdır və telefon nömrələrini dəyişərək onunla əlaqəni təmami ilə kəsmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 22 iyul 2020-ci il tarixli Qəbzdən görünür ki, Qəbələ rayon Nohurqışlaq kənd sakini Cavabdeh Ağdam rayonu Evoğlu kənd sakini İddiaçı faizsiz və şərtsiz 5500 manat məbləğində borc almış və həmin borcu 3 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Qəbz İddiaçı, Cavabdeh və şahid – X1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 22.07.2020-ci il tarixdə 5500 manat məbləğində borc almış və həmin borcu 3 ay ərzində iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc məbləği ilə bağlı tərəflər qəbz şahidin iştirakı ilə Qəbz imzalanmışlar. Cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, borc məbləği hələ də ödənilmədən qalmaqdadır. İddiaçı borc olaraq verdiyi 5.500 (beş min beş yüz) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 100 manat pulun ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsi üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və nəticədə 5500 (beş min beş yüz) manat məbləğində borcun yaranması, həmin pulun iddiaçıya qaytarılmalı olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün 5500 (beş min beş yüz) manat borc pul tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5500 (beş min beş yüz) manat əsas borc və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 5600 (beş min alt yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat əsas borc və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 5600 (beş min alt yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar