Məhkəmə qərarları › İş №2(025)-752/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-752/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-752/2020 28.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçıç İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 5152,15 manat məbləğində kredit borcu, 945,73 manat məbləğində faiz borcu və 1387,26 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7485 (yeddi min dörd yüz səksən beş) manat 14 (on dörd) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 847,85 manat ödəniş etmiş və onun iddiaçıya 5152,15 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 270 gün hesablanmış faiz borcu 945,73 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 270 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1387,26 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. Lakin maddi imkanı pisləşdiyindən kredit borcunu ödəyə bilməmişdir. Hal-hazırda da kredit borcunu ödəməyə imkanı yoxdur və gələcəkdə kredit borcunu ödəmək niyyətindədir. Eyni zamanda hesab edir ki, bank tərəfindən hesablanmış cərimə borcu kifayət qədər yüksəkdir və onun maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Göstərilənlərin nəzərə almasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-i ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018ci il tarixli, 035A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 36 ay müddətinə, aylıq 2.0833 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh1 6.000 manat məbləği aylıq 2.0833 %-lə, 36 ay müddətinə aylıq 240 manat, sonuncu ay isə 229,50 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 035A********** saylı Kredit müqaviləsi üzrə 5.152,15 manat əsas, 945,73 manat faiz və 1387,26 manat cərimə olmaqla, cəmi 7485,14 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 035G**********01 saylı İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 035G**********02 saylıİddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 5940,0 manatı imza edərək qəbul etmişdir. İşdə olan xx xxxxx 2020-ci il tarixli «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh1, (zaminlər) Cavabdeh2 və Cavabdeh3 kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu Vəndam kəndində doğulmuş, Qəbələ rayonu, Vəndam kəndində qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1986-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli, 035A********** saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-dən 36 ay müddətinə, aylıq 2.0833 % faiz dərəcəsi ilə 6.000 manat manat məbləğində kredit alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 5.152,15 manat əsas və 945,73 manat faiz borcunun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 1387,26 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 100 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Bununla da məhkəmə Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit razılaşması üzrə 5.152,15 manat əsas, 945,73 manat faiz və 100 manat cərimə olmaqla, ümumilikdə 6.197,88 manat kredit borcunun tutulması qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit alan, yəni Cavabdeh1 müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədiyindən İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borclu) Cavabdeh1, (zaminlər) Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 5.152,15 manat məbləğində kredit borcu, 945,73 manat məbləğində faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 6.197,88 (altı min bir yüz doxsan yeddi manat səksən səkkiz) manat və 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borclu) Cavabdeh1, (zaminlər) Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 5.152,15 manat məbləğində kredit borcu, 945,73 manat məbləğində faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 6.197,88 (altı min bir yüz doxsan yeddi manat səksən səkkiz qəpik) manat və 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar