Məhkəmə qərarları › İş №2(025)-753/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-753/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-753/2022 28.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin həcminin artırılması” tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 23 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 193(bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 23 iyun 2011-ci il təvəllüdlü X2 onun himayəsində qalması və yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay qazancının və ya (başqa gəlirlərinin) ¼ dördə bir hissəsi miqdarında aliment ondan alınaraq ona verilməsi qət edilmişdir. Həmçinin, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən isə Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi dəyişdirilərək X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda uşağa görə ödənilən alimentin məbləği onun təlabatlarını ödəmir, digər tərəfdən X3 epilepsiya və digər xəstəliklərdən əziyyət çəkir, müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur. 5 yaşından sonra TSEK-in sonuncu müayinəsində sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınaraq diaqnoz “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Qıcolma və spazm” qeyd olunmuşdur. Müalicə hər ay aparılır, müntəzəm olaraq həkim müayinəsi və müalicəsi olunur, 3 ayda bir dəfə Bakı şəhərində Uşaq Xəstəxanasında və ildə bir dəfə Şəki şəhəri Psixatriya Xəstəxanasında həkim müayinəsinə aparılır, həkimə ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə 200 manat civarında başa gəlir. Müalicəsi ilə əlaqədar hər ay dərmanlarına 100 manata qədər pul xərclənir. Ümumilikdə, bütün bunlara görə isə hər ay 300 manata qədər xərclər onun və valideyninin köməkliyi ilə qarşılanır. Digər tərəfdən özü də xəstədir, sol bud venasının kəskin trombozu xəstəliyindən əziyyət çəkir və müalicə elətdirir. Cavabdeh şəxs isə əlavə xərclərdə iştirak etmir və köməklik göstərmir. Belə ki, rəsmi öz adına olmasa da yük maşınlarını icarəyə verməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla kifayət qədər qazanc əldə edir. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi pul vəsaitinin tutularaq ona verilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi ilə onun əmək haqqısı nəzərə alınaraq 120 manat miqdarında aliment kəsilmişdi. Hal-hazırda yalnız həmin miqdarda aliment ödəməyə də gücü çatmır. Belə ki, o X1 başqa iki uşağı da var, onların maddi tələbatlarını da qarşılamalıdır. Hal-hazırda heç bir yerdə işləmir. Hara işə düzəlsə iddiaçının atası alimentlə bağlı çoxsaylı ərizələr yazır və bu səbəbdən onu işdən çıxarırlar. Odur ki, cavabdeh göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X8 ilə Cavabdeh arasında, 24 sentyabr 2010-cu il tarixdə bağlanmış və AZ-İ 608197 saylı nikah haqqında şəhadətnamə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə X4 birgə nikahından, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X5 anası, X4 yanında qalması, Cavabdehdan hər ay qazancının və ya (baqşqa gəlirlərinin) (1/4) dörddə bir hissəsi miqdarında aliment, 17 dekabr 2012-ci il tarixdən başlayaraq birgə nikahdan, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası, X4 nəfinə verilməsi qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 15 mart 2013-cü il tarixdə verilmiş AZ-İ №160440 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X8 arasında bağlanmış nikah 15 mart 2013-cü il tarixdə ləğv edilmiş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Abbasova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ №676609 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 23 iyun 2011-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş və bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 335 nömrə ilə qeyd aparılmışdır. Atası Cavabdeh, anası X7r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 birgə nikahından, 23 iyun 2011-ci il tarixdə anadan olmuş X5 anası, X4 yanında qalması, Cavabdehdan hər ay qazancının və ya (baqşqa gəlirlərinin) (1/4) dörddə bir hissəsi miqdarında aliment, 17 dekabr 2012-ci il tarixdən başlayaraq birgə nikahdan, 23 iyun 2011ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün anası, X4 nəfinə verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 fevral 2013-cü il tarixli, 2(025)-43/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutulmasını, uşağın hər ay müalicəsi üçün hər ayda (müalicə olunub sağalana kimi) 200 manat məbləğində pul tələb edir. Ölkədə ilbəil yaşayış minimumu artdığından, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil etdiyi halda, 2022-ci ildə bu məbləğ 193 manata çatdırılmışdır. Ona görə də bir uşağın saxlanılması üçün 120 manat miqdarında aliment vəsaiti yetərli sayıla bilməz. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 193 manat həddində artırılmasını da ədalətli və qanunauyğun hesab etmir. İddiaçı cavabdehin əlavə gəlirlərin, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay 140 manat həddində müəyyən edilməsini məqsədə və qanuna müvafiq hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ailə Qanunvericiliyinə əsasən valideyn övladının digər zəruri xərclərinin təmin edilməsində iştiraka cəlb edilə bilər (Ailə Məcəlləsinin 81-ci maddəsi). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən uşağın hər ay müalicəsi üçün 200 manat pulun tutulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 23 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, cavabdehdən 34 (otuz dörd) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 23 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar